Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycanın gələcəyi naminə

Heydər Əliyev Fondu fəaliyyətini məhz bu istiqamətdə qurub


Fondun həyata keçirdiyi irimiqyaslı proqram və layihələr, xeyriyyəçilik tədbirləri bunu deməyə əsas verir.

“Birinci xanım” ifadəsi dünyanın əksər ölkələrində eyni cür qəbul edilir. Bu, dövlət başçısının həyat yoldaşının siyasi statusudur. Bir çox hallarda həmin statusu daşıyan şəxsə göstərilən diqqət ölkə rəhbərinə olan maraqdan irəli gəlir. Amma bəzən bu maraq birinci xanımın özünün ictimai-siyasi fəaliyyətindən, ölkədə və dünyada cərəyan edən proseslərdə oynadığı önəmli roldan qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevaya təkcə ölkəmizdə deyil, bütün dünyada olan maraq və xüsusi diqqət məhz onun ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır. Mehriban xanımın daşıdığı rəsmi statuslar da bunu təsdiqləyir. Heydər Əliyev Fondunun və “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı.

Bütün bu sadalananlardan da göründüyü kimi, Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti çoxşaxəli və kifayət qədər genişdir. Amma sözsüz ki, onun fəaliyyətinin əsas hissəsini ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond təşkil edir. Birmənalı olaraq qeyd edilməlidir ki, Fondun tutduğu istiqamət, yarandığı gündən həyata keçirilən irihəcmli layihə və proqramlar həyati əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun rəsmi açılışının qeyd edildiyi gündən (2004-cü il mayın 10-u) indiyədək həyata keçirilən çoxsaylı tədbirlər, reallaşdırılmış əhəmiyyətli layihələr ölkənin ictimai-sosial həyatında xüsusilə böyük rol oynamışdır. Fond xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, respublikamızın tərəqqisi, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin həyata keçirilməsinə dəstək verilməsində, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğ olunması istiqamətində əvəzsiz rol oynayır. Təşkilat həmçinin, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaşlar kimi yetişdirilməsi işinə xidmət edən layihələrin gerçəkləşdirilməsinə, ölkəmizin beynəlxalq nüfuzunu artıran tədbirlərin həyata keçirilməsinə ( idman yarışları, rəsm əsərlərinin sərgisi, müxtəlif səpgili xeyriyyəçilik aksiyaları və s.), Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərə, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə ciddi dəstək verir.

Heydər Əliyev Fondunun uşaq evləri, internat məktəbləri, valideyn himayəsindən məhrum uşaqları himayəyə götürməsi, təhsilə, məktəb tikintisinə diqqət ayırması xüsusi qeyd edilməlidir. Görülən işlər Mehriban Əliyevanın bütövlükdə Azərbaycanın gələcəyi uğrunda yorulmadan çalışdığının əyani sübutudur. Fond açıldığı ilk gündən ümummilli lider Heydər Əliyevin xalqını sevən hər bir azərbaycanlı üçün devizə çerilmiş “Uşaqlar bizim gələcəyimizdir” sözlərini rəhbər tutaraq fəaliyyətə “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsini həyata keçirməklə başladı. Mehriban Əliyeva ilk öncə uşaq evləri və internat məktəblərin durumu ilə maraqlandı və bu təhsil ocaqlarının ayrı-ayrılıqda hər birinə baş çəkərək vəziyyətlə yaxından tanış oldu. Fondun layihələri əsasında Bakının bütün körpələr və uşaq evləri, internat məktəbləri, o cümlədən əqli cəhətdən zəif uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri əsaslı təmir olunaraq, yeni avadanlıqlarla təmin edildi. Dünənədək öz-özlərini kimsəsiz hesab edən uşaqlar ölkənin birinci xanımının simasında arxa və dayaq tapdılar. Mehriban xanım valideyn himayəsindən məhrum hər bir uşağa qucaq açıb, onlardan bir ana kimi qayğısını , diqqətini əsirgəmir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi digər vacib və önəmli layihələrdən biri də “Təhsilə dəstək” proqramıdır. Bu proqram çərçivəsində həyata keçirilən “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi əsasında paytaxtda və respublikanın bütün regionlarında yeni məktəblər inşa edilib, tədris binaları əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilib. Hazırda Fondun xətti ilə respublikamızın əksər şəhər və rayonlarında, digər yaşayış məntəqələrində irimiqyaslı layihələr həyata keçirilir. Təkcə son 2 ildə ölkəmizdə 200-dən çox yeni məktəb və əlavə korpuslar tikilib istifadəyə verilib, bu iş indi də davam etdirilir. Fond məktəb tikintisi ilə yanaşı, təhsil müəssisələrinin lazımı avadanlıq və dərsliklərlə təmin edilməsilə də məşğul olur. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək” proqramı çərçivəsində nəinki təhsilin Azərbaycan dilində aparıldığı məktəblər, həmçinin qeyri-Azərbaycan dilli məktəblərə də yardımlar edilir. Belə ki, Qax, Zaqatala, Balakən rayonlarının tədrisin gürcü dilində aparılan məktəblərinin 1-2-ci sinif şagirdlərinə Fond tərəfindən yeni dərsliklər və məktəb ləvazimatı təqdim edilib.

Həyata keçirilən müxtəlif proqramlardan göründüyü kimi, Mehriban Əliyeva səhiyyə sahəsində də dəqiq kurs müəyyənləşdirib. Bu sırada əsasən uşaqlar arasında geniş yayılmış talassemiya, hemofiliya, şəkər xəstəliyi , urologiya əsas yer tutur. Artıq üçüncü ildir ki, Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı ölkədə 14 yaşına qədər qeydə alınmış xəstələrin insulin və şpris-qələmlə təmin olunmasına imkan yaradır. “Talassemiyasız həyat naminə” layihəsi isə ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə həm də ölkədə diaqnostik mərkəzin tikintisini nəzərdə tutur. Artıq bu işə də başlanılıb. Proqram çərçivəsində hər həftənin cümə günü talassemiyalı xəstələr üçün paytaxtın müxtəlif müəssisələrində və bölgələrdə qanvermə aksiyaları keçirilir.

Mehriban xanımın ötən ay Fransaya etdiyi səfər və yüksək səviyyədə keçirdiyi müxtəlif görüşlərə dünyanın ən nüfuzlu KİV-lərinin böyük diqqət ayırması da ölkəmizin birinci xanımının şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə yönəlmiş hədsiz marağın bir nümunəsi hesab edilə bilər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə amnistiya aktı layihəsinin təqdim edilməsi cəmiyyətdə birinci ledinin humanizm kimi bəşəri dəyərlərə , Heydər Əliyevdən başlanan bu xeyirxah ənənəyə sadiqliyini təsdiqləyən növbəti addım oldu. Mehriban xanım nəcib və xeyirxah əməllərinin siyahısına daha mühüm bir humanist aksiya əlavə etməklə bir daha təsdiqləmiş oldu ki, rəhbərlik etdiyi Fondun fəaliyyəti ilk növbədə insanlara xeyirxahlıq və nəciblik kimi dəyərlərin aşılanmasına yönəlmişdir.

Heydər Əliyev Fondu, başda qurumun rəhbəri Mehriban Əliyeva olmaqla Azərbaycan üçün davamlı olaraq çalışmaqda, ölkəmizin gələcəyinin təmin edilməsinə sanballı töhfələr verməkdədir.


Nazilə Nərimanqızı

İki sahil.- 2007.- 16 may.- № 86.- S. 2.