Çap etmək   ⁞     ⁞   ISESCO

İslam aləminin zəngin mədəniyyəti dünyaya olduğu kimi təqdim edilməlidir


Heydər Əliyev Sarayında “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

“İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuş “İslam mədəniyyətinin paytaxtları” proqramı təsdiqlənmişdir. Bu proqrama əsasən, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycanın paytaxtı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir. Bakı həm də dini, milli və etnik tolerantlıq mərkəzi kimi dünyada tanınır. 2007-ci il noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Eyni zamanda, İslam ölkələrinin mədəniyyət nazirlərinin növbəti, VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır.

Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər İslam mədəniyyəti paytaxtı olmalıdır.

Bakıda iki gün davam edəcək tədbirdə Avropa və İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO–nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta əl-Mənnan, dövlət qurumlarının, diplomatik nümayəndəliklərin rəhbərləri, xarici qonaqlar, ziyalılar və digər şəxslər iştirak edirdilər.

Salona toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qonaqları hərarətli alqışlarla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakıda, Azərbaycanda çox əlamətdar bir gündür. Biz “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin açılışı münasibətilə yığışmışıq. Bu, Bakı şəhəri üçün böyük şərəfdir. Mən şübhə etmirəm ki, bu gözəl tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək və İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxın olması üçün öz müsbət rolunu oynayacaqdır.

Mən bu qərarın qəbul edilməsində rolu olan bütün insanları burada salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESKO təşkilatının çox böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu olmuşdur. Cənab əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir.

Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, islam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır.

Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında islam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.

Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təşkilatı xətti ilə, İSESKO xətti ilə və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.

İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz – bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə, istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Bizim bütün imkanlarımız səfərbər olunubdur. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın çox etibarlı tərəfdaşa çevrilməsi işləri – bunlar uğurla davam etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim həm siyasi addımlarımız, həm də regional müstəvidə atdığımız addımlar, irəli sürülmüş təşəbbüslər dostluğa, əməkdaşlığa yönəldilibdir. Biz istəyirik ki, bölgədə sülh olsun, təhlükəsizlik olsun. Belə olan halda, inkişaf üçün daha da çox imkanlar olacaqdır.

O ki qaldı bizim ümumi inkişafımıza, Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir.

Əlbəttə ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, ilk növbədə, mənəvi əsaslar olmalıdır. Onlar da bizdə var. Eyni zamanda, düşünülmüş siyasət aparılmalıdır və biz qoyulan məqsədə ardıcıllıqla addımlamalıyıq. Hər bir ölkənin hərtərəfli inkişafı həm də mədəniyyət sahəsində inkişafı ehtiva edir. Bu sahəyə çox böyük diqqət göstərilir. Baxmayaraq ki, Azərbaycan bir neçə il bundan əvvəl demək olar ki, ən çətin iqtisadi sınaqlardan çıxa bilmişdir.

Bizim müstəqil iqtisadi inkişafımızın tarixi o qədər də böyük deyildir. Baxmayaraq ki, bugünkü dünyada maliyyə böhranı geniş vüsət alıb və ən inkişaf etmiş ölkələr bu böhrandan əziyyət çəkir və öz xərclər proqramlarına düzəlişlər edirlər, amma Azərbaycanda humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər azalmır. Azərbaycanda bundan sonra da bizim mədəni irsimizin qorunması üçün nə qədər lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Artıq biz bunu görürük. Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Əlbəttə, xüsusilə dünya miqyaslı böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər qaçılmazdır. Hər bir ölkə bu və ya digər dərəcədə bu problemlərlə üzləşir. Ancaq bu o demək deyil ki, həmin problemlər bizə elə təsir etməlidir ki, bizim üçün əsas olan istiqamətlərə bir az biganə qalaq. Yox, əksinə, mən hesab edirəm ki, hər bir böhrandan çıxmaq üçün, ilk növbədə, güclü iradə olmalıdır, düşünülmüş siyasət olmalıdır və qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün qüvvələr səfərbər edilməlidir. Biz bu gün bunu Azərbaycanda görürük.

Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən səslənən bəyanatlar da bir daha bunu göstərir. Bu bəyanatlar ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi böhranına ən çox hazır olan ölkələrdən biridir. Bu hazırlıq göydən düşmür, son illər ərzində aparılan ardıcıl siyasət nəticəsində mümkün olubdur. Bu hazırlığı biz özümüz qazanmışıq, əldə etmişik. Bütün bunlar bizim düşünülmüş siyasətimizlə, atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrlə, iqtisadi potensialımızı şaxələndirməklə mümkün olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan dünyanı bürümüş çox ciddi, ağır iqtisadi və maliyyə böhranından şərəflə, üzüağ çıxacaqdır. Bizim inkişafımız bundan sonra da uğurlu, uzunmüddətli və dayanıqlı olacaqdır.

Bir daha demək istəyirəm ki, biz hətta bu müddət ərzində də mədəniyyətə ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi ondan əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni irsinin qorunması üçün və zənginləşdirilməsi üçün öz əməli işlərimizi bundan sonra da davam etdirməliyik.

Bakının çox gözəl memarlıq abidələri var. Əminəm ki, şəhərimizin qonaqları bu abidələrlə tanış olacaqlar. Bu abidələr Azərbaycan dövləti tərəfindən lazımı səviyyədə qorunur və bundan sonra da qorunacaqdır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.

Keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə əlaqədar qətnamə qəbul edilərkən bizə səs verən bütün ölkələri, İslam ölkələrini bu yüksək kürsüdən bir daha salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, baxmayaraq ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul olan ölkələr qətnamənin qəbul olunmasına problemlər yaratmaq istəyiblər və əleyhinə səs vermişlər, ancaq bu qətnamə böyük səs çoxluğu ilə qəbul edilibdir. 39 ölkə qətnaməyə səs verdi və onların içində əksəriyyəti müsəlman ölkələridir. Bax, budur real İslam həmrəyliyinin nəticələri. Budur bizim müştərək siyasətimizin uğurları. Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır.

Əziz dostlar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bütün İslam dünyasına sülh, əmin-amanlıq arzulayıram. Bütün müsəlman bacı-qardaşlarımıza xoşbəxtlik və tərəqqi arzulayıram.

Sağ olun.

X X X

İSESKO–nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tüveycri mərasimdə çıxış etdi. O dedi:

- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Hörmətli birinci xanım Mehriban Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Belə bir tarixi məqamda sizin qarşınızda çıxış etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. Burada biz “Bakı – İslam mədəniyyətinin paytaxtı–2009” Mədəniyyət ilinin təntənəli açılış mərasimini fərəh hissi ilə qeyd edirik. Mən, ilk növbədə, zati-aliləri, Azərbaycan Respublikasının Prezidentinə bu mərasimə rəhbərlik etdiyinə və İSESKO təşkilatına verdiyi güclü dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, mən daim ürəklərimizdə yaşayan gözəl şəhərinizə gəldikdə, zati-alilərinizin səmimi qonaqpərvərliyini duymaq və tərəfinizdən qəbul olunmaqdan hər zaman məmnunam. Şəhəriniz mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, birgə yaşama və həmrəylik şəhərinə, eləcə də incəsənət, elm və mədəniyyət qovşağına çevrilmişdir.

Zati-aliləri cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin 4-cü iclasında qəbul olunan İSESKO-nun “İslam mədəniyyəti paytaxtları” proqramı tarix boyu mədəniyyətə, ədəbiyyata, elm və biliyə verəcəyi töhfəni nəzərə alaraq, əsasən, islam mədəniyyətinin yayılmasına, yüksəlməsinə, yeniləşməsinə, xüsusilə fərqlənən bir sıra islam şəhərlərinin mədəniyyət və sizvilizasiyasının şanlı irsini qeyd etməyə yönəlibdir. Lakin proqram qətiyyən keçmişdəki uğurları xatırlatmağa xidmət etmir, onun bu cür şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulmasına xidmət edir ki, İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü, həm də gələcəyi yaradaq. Bu da öz növbəsində xalqların fərqliliyinə, irqi və irsi mənsubiyyətinə, mədəniyyət köklərinə və sivilizasiya xüsusiyyətlərinə baxmayaraq, bəşəriyyətin bölüşdüyü irs olaraq qalmaqdadır. Bu mədəniyyət və sivilizasiya hədəfinə biz hər il Ərəb, Asiya və Afrika regionlarından olan üç İslam mədəniyyəti paytaxtını bir araya gətirərək, mədəniyyətlərarası dialoq və sivilizasiyaların birliyi üçün qarşıya qoyulan məqsədlərlə nail olmağa çalışırıq. Beləliklə, biz İslam sivilizasiyasının fərqli cəhətlərinin birini təşkil edən keçmişi, bu günü və sabahı bir ahəngdə birləşdiririk ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun mahiyyəti olan, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma və birgə yaşamanın əsasını təşkil edən qarşılıqlı əlaqə və zənqinləşmə təmin olunsun.

İslam mədəniyyəti paytaxtlarını qeyd etməklə, biz nə indiki məsələlərdən, nə də gələcəyin problemlərini qabartmaqdan çəkinirik. Əksinə, bu günümüzün qayğısına qaldığımız kimi, indiki nəslin yaxşı gələcəyini təmin etmək üçün çalışırıq və beləliklə, dözümlü dinimizin daimi ideallarına və daim digər dünya ölkələrinə açıq olan sivilizasiyamızın bünövrəsinə əsaslanan mədəniyyətlər və sivilizasiyalararası dialoqu davamlı bir prosesə çeviririk. Bugünkü bu imkandan istifadə edərək, mən bu tədbirin zəngin və rəngarəng proqramını təqdir etmək istərdim. Biz İSESKO-nun bu gözəl şəhərdə həyata keçirilməsi nəzərdə tutulan azı 15 təhsil, elm və mədəni proqramının şahidiyik.

Zati-aliləri, cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

Bu il İslam mədəniyyətinin paytaxtı olan Bakı mədəniyyəti, ədəbiyyatı və elmi İslamın Azərbaycana daxil olduğu dövrə təsadüf edən tarixi şəhərlərdən biridir. Bu, elə bir şəhərdir ki, özünün canlı olmasında əsərləri təbii olaraq ölkəsinin qürur mənbəyi olan şairlərə, elm xadimlərinə, filosoflarına, mütəfəkkirlərinə, sənətçilərinə və məşhur mədəniyyət nümunələrinə borcludur. Nəcib insanları, gözəl təbiəti, möhtəşəm elmi, ədəbiyyatı, mədəniyyəti olan, sənət və biliyin müxtəlif sahələrində dünyanın ən yüksək zirvələrindən birinə çatan bu gözəl ölkə daim yanaşı yaşama, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilibdir. Bu, Azərbaycanı mədəniyyətlərin, sivilizasiyaların, sənətlərin və çoxmilli ədəbiyyat ənənələrin birləşmə nöqtəsinə, sözün həqiqi mənasında yanaşı yaşama və mədəniyyətlərarası dialoq mərkəzinə çeviribdir.

Bu tədbir dünyanın yeni bir eraya, bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və dağıdıcı xaosdan insanların qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana, ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Biz Bakını İslam mədəniyyətinin paytaxtı kimi qeyd etməyimizi heç vaxt unutmayacağıq.

Bu əziz ölkənin, çox istədiyim Azərbaycanın ərazisinin bir hissəsi erməni işğalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılıbdır. Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. Beynəlxalq ictimaiyyəti bu gözəl ölkənin zəngin və şanlı tarixini qorumaq üçün öz konstruktiv rolunu oynamağa çağırırıq.

Zati-aliləri cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

Mən zəngin mədəniyyət dəyərlərinin təşviq olunmasına göstərdiyi xüsusi marağa və səmimi qonaqpərvərliyə, eləcə də bu şəhərin mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzinə çevrilməsinə görə cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm. Eyni zamanda, ölkənizdə mədəniyyət məsələlərinə qayğısına, xüsusi yaradıcı yanaşmasına və yorulmaz fəaliyyətinə görə onun xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Sizin müdrik rəhbərliyiniz altında paytaxtınıza ən böyük uğurlar arzulayıram.

Yaşasın Azərbaycan Respublikası!

Yaşasın İslam ölkələri xalqlarının qardaşlığı!

Qoy Allah-taala dünyanın bütün xalqlarına sülh, əmin-amanlıq və təhlükəsizlik bəxş etsin!

“Bakı – İslam mədəniyyətinin paytaxtı–2009” Mədəniyyət ilinin xatirə emblemini zati-aliləri Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf hissi duyuram.

(İSESKO–nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri xatirə emblemini dövlətimizin başçısına təqdim etdi).

X X X

Sonra İslam Konfransı Təşkilatı baş katibinin müavini ATTA ƏL-MƏNNANA söz verildi. O, təşkilatın baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubunu oxudu:

“Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev!

Hörmətli birinci xanım Əliyeva!

İSESKO-nun hörmətli baş direktoru!

Hörmətli iştirakçılar, əziz qonaqlar, xanımlar və cənablar!

Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyəti paytaxtı elan edilməsi münasibətilə təşkil olunmuş bu möhtəşəm toplantının iştirakçılarına müraciət etməkdən böyük məmnunluq duyuram. Bu mərasimin məhz Bakıda keçirilməsi çox önəmlidir. Bakı bu torpağın oğul və qızları tərəfindən yaradılmış bənzərsiz mədəni irsin zənginliyini əks etdirən şəhərdir. Bakı tarixi şəhərdir və bir çox sivilizasiyaların mədəniyyətlərini özündə qovuşdurur.

Bu gün Azərbaycanın ortaq tariximizə verdiyi böyük töhfəsini etiraf edirik. Ümumi keçmişimizə əsaslanaraq, hazırda biz ümumi gələcəyimizi müəyyən etməkdəyik. 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam Konfransı Təşkilatının 40-cı ildönümü ilə üst-üstə düşür. Bu təşkilat müsəlman aləminin maraqlarını qoruyan, mədəniyyətini və tarixini təşviq edən yeganə böyük təşkilatdır. Bu münasibətlə hazırkı tədbirə, onun keçirilməsinə rəhbərlik etdiyinə görə mən görkəmli lider və uzaqgörən dövlət xadimi cənab İlham Əliyevə ən səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Sizin bu mərasimdə iştirakınız bu sahədə olan təşəbbüslərə şəxsi marağınızın və islam mədəniyyətinə verdiyiniz yüksək qiymətin əyani sübutudur. Bütün bunlar mədəniyyətlərarası mübadilələrə və dünya miqyasında dialoqa töhfə verir. Bugünkü tədbirin uğurla keçirilməsi məqsədi ilə mədəniyyət və turizm nazirinin də göstərdiyi səyləri yüksək dəyərləndirirəm və İslam Konfransı Təşkilatına tədbirdə iştirak etmək üçün göndərdiyi dəvətə görə minnətdaram.

Azərbaycan öz zəngin tarixinə və adət-ənənələrinə əsaslanaraq, müsəlman dünyasında və islam dəyərlərinin qorunub saxlanılmasında rolunu get-gedə artırır və mühüm rol oynayır. Əsrlər boyu islam dini bu ölkədə inkişaf etmiş və digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu birgə yaşayışın nümunəsinə çevrilmişdir. Azərbaycan xalqının zəhmətkeşliyi, bu dəyərlərə bağlılığı və sadiqliyi, onun böyük tarixi irsi qürur duymağa əsas verir. Bu, dünya xalqları üçün, o cümlədən bütün müsəlman ümməti üçün xüsusi əhəmiyyət kəsb edir.

Əsrarəngiz təbiət, gözəl iqlim şəraiti, tükənməz təbii ehtiyatlar zəngin islam mədəniyyəti ilə bir araya gələrək, Bakını xüsusilə cəlbedici şəhərə çevirir. Buna görə 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi yerinə düşən faktdır. Ümid və arzu edirəm ki, keçmişdən götürdüyümüz dərslər sivilizasiyaların uzun əsrlər boyu formalaşdırdığı tarixi irs və mədəniyyət sahəsində quracağımız körpülər vasitəsilə biz müharibələri doğuran ayrı-seçkiliyin, yanlış konsepsiyaların və qütbləşmənin aradan qaldırılmasına nail olacağıq.

Fürsətdən istifadə edərək, öz tərəfimdən sizi əmin etmək istəyirəm ki, İslam Konfransı Təşkilatı dünya miqyasında bu sahədəki quruculuq səylərini davam etdirəcəkdir və bu baxımdan İSESKO-nun fəal rolunu təqdirəlayiq hesab edirəm.

Cənab Prezident, İslam Konfransı Təşkilatının bütün fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini görərək və islam həmrəyliyinin daha da möhkəmləndirilməsində ölkənizin səylərini nəzərə alaraq, mən bir daha təsdiqləmək istəyirəm ki, İslam Konfransı Təşkilatı Azərbaycanı tam dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı haqq işini dəstəkləyir. Cənab Prezident, bütün müsəlman ümməti Azərbaycanın qanunsuz olaraq zəbt edilmiş torpaqlarının tam azad edilməsinə və Dağlıq Qarabağın ölkənizin ayrılmaz hissəsi kimi Azərbaycana qovuşmasına qədər sizin arxanızda dayanır.

Yaratdığınız bu fürsətə görə Sizə bir daha İslam Konfransı Təşkilatı adından minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Ekmələddin İhsanoğlu
İslam Konfransı Təşkilatının baş katibi

X X X

Sonra “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin açılışı münasibətilə konsert oldu. Mərasim iştirakçıları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, xalq çalğı alətləri orkestrinin, xor kapellasının, rəqs ansamblının, aşıqların, Bakı Xoreoqrafiya Məktəbinin rəqs qruplarının, xalq artistləri Alim Qasımovun, Qərinə Kərimovanın, Avstriyadan dəvət olunmuş simli kvartetin, Litvadan beynəlxalq müsabiqələr laureatı V.Visnyauskasın ifalarını böyük maraqla qarşıladılar. Konsertdə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, S.Hacıbəyovun, V.Adıgözəlovun, S.Ələsgərovun, N.Əliverdibəyovun, F.Əlizadənin, habelə İ.Ştrausun və C.Puççininin əsərləri səsləndi.

Azərbaycanın qədim və zəngin tarixini, mədəni abidələrini, ölkəmizin paytaxtının keçmiş və indiki mənzərəsini, dövlət tərəfindən mədəni, dini və milli dəyərlərin qorunmasına göstərilən diqqət və qayğını əks etdirən videogörüntülər iştirakçılarda böyük təəssürat doğurdu, Bakının həqiqətən də Şərq və Qərb sivilizasiyalarını bir-birinə qovuşduran çox mühüm və tarixi şəhər olmasını bir daha göstərdi.


Xalq qəzeti.- 2009.- 19 fevral.- № 39.- S. 1-3.