Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda 237 məktəb istifadəyə verilmişdir


Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində istifadəyə verilən məktəblərin sayı 237-yə çatmışdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər Lənkəran, Masallı, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Beyləqan rayonlarında, habelə paytaxtın Qaradağ, Səbail, Əzizbəyov, Yasamal rayonlarında yeni məktəb binalarının istifadəyə verilməsinə imkan yaratmışdır.

Fonddan AzərTAc-a bildirmişlər ki, Kürdəmirdə inşa olunan 300 yerlik məktəb binası, Göyçay rayonunun Qarabağlar və Mirzəhüseynli kənd orta məktəbləri şagirdlərin yüksək təhsillə təmin olunmasına imkan verəcəkdir. Neftçala rayonunda Kürqarabucaq, Masallı rayonunda isə İkinci Yeddioymaq kəndlərindəki yeni məktəb binaları tədrisin keyfiyyətini yüksəltməyə kömək edəcəkdir. Son dövrlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranın Səpnəkəran, Daştatük, Tatoba, Tuado kənd orta məktəbləri, Beyləqan və Astara şəhərlərində yeni təhsil ocaqları inşa olunmuşdur.

Bundan əlavə Fond tərəfindən xüsusi sifariş əsasında hazırlanmış 130 min çanta və məktəb ləvazimatı bu il birinci sinfə gedəcək şagirdlərə paylanılmışdır. Hər bir çantaya 16 adda məktəb ləvazimatı - fənn dəftərləri, albomlar, rəngli karandaşlar və digər əşyalar qoyulmuşdur.

Heydər Əliyev Fondu yeni dərs ili ərəfəsində Gəncədə birinci sinfə gedən 462 şagirdi məktəbli geyimi ilə təmin etmişdir.

Ötən bir il ərzində mütəxəssislər qrupu tərəfindən hazırlanan 140 adda plakatlar məktəblərdə tədrisin keyfiyyətini yüksəltməyə xeyli kömək edəcəkdir.

2005-ci ildən başlayaraq “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin ən müxtəlif bölgələrində, o cümlədən ucqar dağ kəndlərində məktəblər tikməklə Heydər Əliyev Fondu müasir gəncliyin savadlı yetişməsinə, ümumən, respublikamızın inkişafına öz töhfəsini verir.


Azərbaycan.- 2008.- 16 sentyabr.- № 207.- S. 3.