Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

2005-ci ilin adamı

Milli genefondun qorunması Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ötənilki fəaliyyətinin əsas qayəsini təşkil edir


Azərbaycan xalqı bütün zamanlarda özünün yüksək zəkalı, nəcib və xeyirxah qadınları ilə fərəh duymuşdur. Tarixin müxtəlif mərhələlərində xanımlarımız həm də fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını ədəbi salnamələrə, eposlara yaza bilmişlər. Bu gün də qadınlarımız müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, dünya miqyasında tanınması naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan bu humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətləri biz bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında qabarıq müşahidə edirik.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu yüksək etimadı məhz özünün humanizmi, qayğıkeşliyi, mənəvi-əxlaqi ideallara dərindən bağlılığı ilə doğruldur. Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən insani dəyərlərin ucuşlaşdığı indiki "sürət əsrində" savab və xeyirxah əməllərin nə qədər vacib olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışırlar. Milli-mədəni irsin qorunub saxlanılması, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imicinin qaldırılması, ölkə tarixində ilk dəfə olaraq bədii gimnastika üzrə dünya çempionatının təşkili və keçirilməsi, xeyriyyəçilik fəaliyyəti, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində təhsil sisteminin inkişafına göstərdiyi xidmətlərə görə Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun "İlin adamı" adına layiq gördüyü Mehriban xanım Əliyeva bu əlamətdar təltifin təqdimetmə mərasimində çıxış edərkən bir çoxlarının diqqət yetirmədiyi incə, həssas məqama toxundu. Azərbaycanın birinci xanımı informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir şəraitdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirdi: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir". Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti də məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Özünün də söylədiyi kimi, bu gün ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanların sonuncu "ümid qapısı"na çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində bir ideya və amal dayanır - insanlara yaxşılıq! Mehriban xanım Əliyeva məhz bu amalla Fonda üz tutmuş insanların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq".

Son iki ildə Heydər Əliyev Fondu dövlət və millət maraqları baxımından kifayət qədər vacib, əhəmiyyətli layihələrin uğurla gerçəkləşdirilməsinə nail olaraq cəmiyyətin yüksək inam və etimadını qazanmışdır. 2005-ci ildə bir çox layihələri uğurla reallaşdıran Mehriban xanım Əliyeva Azərbaycanın milli genefondunun qorunması məqsədini də ali məqsəd kimi qarşıya qoymuşdur. Son bir ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı" "Talassemiyasız həyat naminə" layihələrinin uğurla həyata keçirilməsi, "Qarabağ xanəndələri" adlı nəfis musiqi disklərinin buraxılması, "Qarabağ həqiqətləri" adlı kitabın ərsəyə gətirilməsi həm də Mehriban xanım Əliyevanın yüksək vətənpərvərliyinə dəlalət edir. Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun "İlin adamı" laureatının qalibləri üçün nəzərdə tutduğu 4000 yeni Azərbaycan manatını ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun hesabına keçirən Mehriban xanım Əliyeva bunu bir daha sübuta yetirmişdir. Fevralın 1-də Heydər Əliyev Fondunda Rusiyanın "Puşkin kitabxanası"nın Fondundan kitabların hədiyyə edilməsi mərasimində çıxış edən Mehriban xanım Əliyeva ölkəmizdə bu sahəyə də xüsusi diqqət və qayğı göstərildiyini vurğulamışdır. Ölkə başçısının fərmanı ilə Təhsil Nazirliyinin dərsliklərlə bağlı xüsusi proqram imzaladığını diqqətə çəkən Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Prezidentinin latın qrafikalı Azərbaycan əlifbası ilə kitab nəşri barədə xüsusi sərəncam imzaladığını da xatırlatmışdır. O, Azərbaycanda rus dilinə yüksək tolerant münasibətin olduğunu "Puşkin kitabxanası" Fondunun baş direktoru Mariya Vedenyapiyanın diqqətinə çatdırmışdır: "Azərbaycan bütün postsovet ölkələrində bəlkə də yeganə ölkədir ki, burada istər orta, istərsə də ali məktəbdə rus dilində təhsil belə yüksək səviyyədə saxlanmışdır. Özü də bəzi həmsərhəd respublikalardan fərqli olaraq bu təhsil Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir. Ölkəmizdə artıq neçə illərdir fəaliyyət göstərən Slavyan Universitetində, əslində, bütün slavyan dilləri üzrə mütəxəssislər hazırlanır. Bu gün biz fəxr edirik ki, böyük rus ədəbiyyatının mədəni məkanını saxlamağa müvəffəq olmuşuq. Söz yoxdur ki, bu, Azərbaycan ilə Rusiya arasında mədəni körpüdür".

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir" - hər kəsin dünyadakı yeri və rolu haqda deyilmiş bu fikirlərin dəqiq təsəvvürə, kifayət qədər dolğun və möhkəm qənaətə əsaslandığı dərhal hiss olunur. Bu fikrin müəllifi Mehriban xanım Əliyevanın həyat fəlsəfəsi də məhz insanlara təmənnasız xidmətə, pak və nəcib əməllərə söykənir. Özünün də söylədiyi kimi, yalnız xoş əməllərlə həyatda çox şeyi müsbətə doğru dəyişmək mümkündür.


Samir Elmanoğlu

Azərbaycan.- 2006.- 7 fevral.- № 26.- S. 3.