YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 12 görkəmli xanəndəyə həsr edilmiş təqvim buraxılmışdır
Azərbaycan Mədəniyyətinin Dostları Fondu "Azərbaycan xanəndələri" adlı divar təqvimi (2005) buraxmışdır.
Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə işıq üzü görmüş bu nəfis tərtibatlı təqvimdə musiqi mədəniyyətimizin inkişafında, muğam sənəti və milli ifaçılıq tariximizdə böyük rol oynamış 12 görkəmli xanəndənin portreti təqdim olunmuşdur. Sənətdə öz məktəbini yaratmış həmin müğənnilər - Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Murtuza Məmmədov (Bülbül), Zülfü Adıgözəlov, Xan Şuşinski haqqında həm də qısa bioqrafik məlumat verilmişdir.
Azərbaycan, rus və ingilis dillərində buraxılmış təqvim Mehriban xanım Əliyevanın bu il sentyabrın 9-da Parisdə ona YUNESKO-nun xoşməramlı səfiri adının təqdim edilməsi mərasimindəki çıxışında dediyi sözlərlə açılır: "Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişdir, YUNESKO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir".
Xalq qəzeti.- 2004.- 31 dekabr.- S. 7.