Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqda səfərdədir


AzərTAc xəbər verir ki, fevralın 2-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqda şəhər rəhbərliyi ilə görüşmüş, Rusiya Milli Kitabxanasında olmuşdur.

Leyla Əliyevanı Smolnıda salamlayan Sankt-Peterburqun qubernatoru Valentina Matviyenka əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Azərbaycan-Rusiya əlaqələrinin son illərdə daha da inkişaf etdiyini vurğuladı. O, bu işdə Heydər Əliyev Fondunun, o cümlədən onun Rusiya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirdi, Fondla sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva səmimi qəbula görə təşəkkür etdi. O, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun yarandığı gündən gördüyü işlər barədə geniş məlumat verdi. Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yaradılmasından sonra görülən işlər barədə də ətraflı söhbət açdı. Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla sıx əməkdaşlıq olduğunu xatırlatdı.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edildi.

Leyla Əliyevanı Rusiya Milli Kitabxanasında onun rəhbəri Vladimir Zaytsev, Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri qarşıladılar. Görüşdə çıxış edən Vladimir Zaytsev, Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılıqlı elmi-mədəni əməkdaşlıqdan bəhs etdilər. Vladimir Zaytsev kitabxanaya hədiyyə etdiyi kitablara görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. Sonra Heydər Əliyev Fondu və Rusiya Milli Kitabxanası arasında müqavilə imzalandı.

İmzalanma mərasimindən sonra Azərbaycan kitablarından ibarət stendin rəmzi açılışı oldu. Leyla Əliyeva stendlə tanış oldu, Rusiya jurnalistlərinə müsahibə verdi.


Xalq qəzeti.- 2008.- 3 fevral.- № 25.- S. 2.