Çap etmək   ⁞     ⁞   Fond haqqında

Xeyirxahlıq missiyası

Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xalqa təmənnasız xidmətlərini ancaq bu cür adlandırmaq olar


Son illər Azərbaycanda istər iqtisadi, istərsə də siyasi baxımdan inkişaf prosesi daha da sürətlənib. Bu sahələrdə əldə olunan böyük nailiyyətlər ölkənin ictimai-siyasi durumunun daha da sabitləşməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına, Azərbaycanın demokratik cəhətdən güclənməsinə, insan hüquq və azadlıqlarının təmin olunması səviyyəsinin yüksəlməsinə səbəb olub. Bu gün Azərbaycanda yüzlərcə qeyri-hökumət təşkilatı və ictimai birlik fəaliyyət göstərir. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan bu QHT-lər cəmiyyətin ən müxtəlif sahələrində özlərini büruzə verir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, aztəminatlı ailələrin sosial problemlərinin həlli və bu kimi vacib sahələrdə dövlətə ən böyük dəstəyi verən isə ümummilli lider Heydər Əliyevin adını daşıdığı Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbəri olduğu bu fond artıq neçə illərdir özünün həyata keçirdiyi genişmiqyaslı xeyriyyə aksiyaları ilə ad çıxardıb. Heydər Əliyev Fondunun və şəxsən onun prezidenti Mehriban Əliyevanın bu müstəsna xidmətləri beynəlxalq səviyyədə də ciddi şəkildə dəstəklənir. Məhz bu xidmətlərə görə M. Əliyevaya çoxsaylı nüfuzlu mükafat və ad verilib.

O, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev" mükafatına layiq görülüb. 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" böyük komandor xaç ordeni, 2010-cu il fevralın 15-də isə Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası prezidentinin sərəncamı ilə "Şərəf legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib. 2010-cu il iyulun 30-da Mehriban Əliyevaya YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim edilib. 2010-cu il dekabrın 30-da Mehriban xanım Əliyeva türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Bütün bu mükafatlar və ordenlər Heydər Əliyev Fondunun tək Azərbaycan daxilində yox, eləcə də beynəlxalq miqyasda dünya səviyyəli bir QHT olduğunu göstərir.

Əvvəlki illərdə olduğu kimi, fond 2010-cu ildə də özünün çoxsaylı xeyriyyə aksiyası ilə yadda qaldı. M. Əliyevanın birbaşa rəhbərliyi altında istər sosial, istərsə də təhsil və səhiyyə, mədəniyyət, ekologiya və s. istiqamətlərdə mühüm layihələr həyata keçirildi. Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsil sayılır. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Keçən ildə də uşaqların yüksək keyfiyyətli təhsil almaq, müasir şəraitdə inşa edilmiş məktəblərdə oxumaq hüquqlarının təminatı ilə bağlı Heydər Əliyev Fondu müstəsna əhəmiyyət daşıyan layihələr həyata keçirib. Özü də bu məsələdə Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən sayılan tolerantlıq prinsipinə yüksək səviyyədə əməl olunub.

Belə ki, 2010-cu il oktyabrın 4-də Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" fondu tərəfindən 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzi inşa edilərək istifadəyə verilib. Bu təhsil kompleksinin açılış mərasiminə dünyanın bir çox yəhudi təşkilatlarının nümayəndələri qatılıb. Qeyd edək ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş verib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" beynəlxalq fondunun prezidenti Lev Levayev arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunub. Bu kompleksin açılışında dövlət başçısının iştirakı bir daha Azərbaycanda yaşayan xalqlar arasında heç bir ayrıseçkiliyin olmadığını, dövlətin hər bir vətəndaşın hüquqlarının müdafiəsinə eyni səviyyədə yanaşdığını sübut etdi.

Fondun keçən il təhsil sahəsində reallaşdırdığı mühüm layihələr sırasında Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışı, dekabrın 28-də Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma və kommunal xidməti texnikasının təqdimatının keçirilməsi, dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunmuş 3 nömrəli orta məktəbin, "Şən yuva" uşaq bağçasının açılışının reallaşması xüsusilə vurğulanmalıdır. Fond ana və ata sevgisindən məhrum olmuş uşaqlara da daim xüsusi diqqət ayırıb. Keçən il dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra 7 nömrəli uşaq internat evi istifadəyə verilib. Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr də diqqətdən kənarda qalmayıb. Dekabrın 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış yeni yaşayış massivinin açılışı oldu. Şəhərcikdə inşa olunan evlər əsasən Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr üçün nəzərdə tutulub.

Fond uşaqların hüquqlarının müdafiəsi istiqamətində də bir çox işlər həyata keçirir. Keçən il bu istiqamətdə reallaşdırılan layihələr sırasında sentyabrın 10-dan Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF-in Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsinin təşkili xüsusilə qeyd edilməlidir. Əhalinin sağlamlığının təmin edilməsi istiqamətində də keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirib. Heydər Əliyev Fondunun və "Sanofi-aventis" şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də 2 min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunub. Bu siyahını uzatmaq mümkündür. Lakin bütün bunları qeyd etməklə ümummilli liderin adını daşıyan bu fondun ölkənin ictimai həyatında nə qədər mühüm bir yer tutduğunu göstərməyə çalışdıq.


Azad Əliyev

Həftə içi.- 2011.- 7 yanvar.- № 2.- S. 1, 3.