Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Uğurlar hələ irəlidədir


Gimnastika

Bədii gimnastika son illər Azərbaycanda populyarlaşmaqla bərabər, həm də kütləviləşir. Ölkəmizdə idmanın bu növü 2002-ci ildən başlayaraq intibah dövrünə qədəm qoydu. Təbii ki, bütün bunlar Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına (AGF) rəhbərlik etməsindən sonra baş verdi. Sevindirici haldır ki, onun səmərəli fəaliyyəti nəticəsində idmançılarımızın mötəbər yarışlarda iştirakı təmin olundu. Təmsilçilərimiz beynəlxalq turnirlər, Dünya kubokunun mərhələ yarışları, Avropa və dünya çempionatlarında uğurla çıxış edərək, yüksək nailiyyətlərə imza atdılar. Bir sözlə, Azərbaycan gimnastikası qısa müddət ərzində beynəlxalq aləmdə böyük nüfuz qazandı, Dünya kuboku kimi mötəbər yarışın mərhələləri paytaxtımızda keçirildi. Bunların yüksək səviyyədə təşkili Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Azərbaycana etimadını daha da artırdı və 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi qərara alındı.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev FİG-in rəhbərliyini qəbul edərkən dünya çempionatının ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirdi: "Mən bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinə görə minnətdaram. Ölkəmizdə bu çempionata böyük maraq müşahidə olunmuşdur. İlk dəfədir ki, Azərbaycanda idmanın Olimpiya növü üzrə dünya çempionatı keçirildi. Azərbaycanda idman çox uğurla inkişaf edir. Umidvaram ki, bundan sonra ölkəmizdə daha çox beynəlxalq yarışlar keçiriləcəkdir".

Qeyd edək ki, bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının fəaliyyət göstərdiyi 4 il ərzində beynəlxalq səviyyədə qazandığı yüksək nüfuzun inandırıcı təsdiqidir.

Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti beynəlxalq qurumların da diqqətindən yayınmayıb. FİG prezidenti Bruno Qrandi ölkəmizə ilk səfərində AGF-in fəaliyyətini belə qiymətləndirib: "Mən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti ilə diqqətlə tanış oldum. Qısa müddət ərzində həmin sahədə görülən işlərin miqyasından heyrətə gəlmişəm. Çox şadam ki, federasiyaya qarşıya qoyulmuş məqsədləri bacarıqla reallaşdıran belə ciddi və tələbkar prezident rəhbərlik edir".

Bakı artıq Avropa səviyyəsində bədii gimnastika yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrilib. Ölkəmizdə bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi beynəlxalq aləmdə geniş rezonansa səbəb olmuş, mətbuatda ətraflı işıqlandırılmış, yarışların təşkili həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilmişdir. Həmin yarışda planetimizin ən tanınmış gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları qalib adı uğrunda mübarizə aparıblar.

Hazırda ölkəmizdə yeni istedadlı gimnastlar nəsli yetişir. Dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edən Dinarə Gimatova, sözün əsil mənasında, Azərbaycanın gimnastika tarixində yeni səhifə açıb. O, bir sıra beynəlxalq yarış və turnirlərdə ölkəmizin idman şərəfini layiqincə qoruyub. Dinarə artıq iki ildir ki, Beynəlxalq Gimnastika Federasiyasının rəsmi sponsoru dünya şöhrətli "Longines" şirkətinin "zəriflik elçisi" seçilir.

Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrin Vinerin rəhbərliyi ilə yarışlara hazırlaşan Dinarə Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlının yüksək məharəti sayəsində Azərbaycan Avropa və dünya səviyyəsində 5-ci yerə layiq görülüb. Qısa müddətdə yaradılan bədii gimnastika üzrə qrup komandamız hazırda dünyanın ən tanınmış yığmaları ilə birgə yarışır.

Gimnastların yüksək səviyyədə məşq etmələri, onların fiziki səviyyələrini artırmaq üçün həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təlim-məşq toplanışları, görüşlər təşkil olunur. Məşqçilər və hakimlər müxtəlif ölkələrdə ixtisaslarını təkmilləşdirirlər. Rusiya, Türkiyə və Yaponiya gimnastları birgə təlim-məşq keçmək üçün tez-tez paytaxtımızda olurlar. Bakı Gimnastika Məktəbində əsaslı təmir işləri aparılır və bu idman ocağı yaxın vaxtlarda gimnastların ixtiyarına veriləcək.

AGF idmançıların, məşqçilərin və hakimlərin ixtisasını artırmaq, gənclər arasında gimnastikanı kütləviləşdirmək, müxtəlif yarışlar keçirmək, beynəlxalq qurumlarla əlaqələri möhkəmləndirmək, milli gimnastikanın inkişafı üçün hər cür şərait yaratmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərməkdədir. Bütün bunlar ölkəmizdə gimnastikanın daha yüksək səviyyəyə çatmasına zəmin yaradır.

AGF-nin fəaliyyətinin istiqamətlərindən biri də paytaxtla yanaşı, bölgələrdə də gimnastikanı inkişaf etdirməkdir. Artıq bu sahədə tədbirlər həyata keçirilib. Elə bunun nəticəsidir ki, Gəncə, Dəvəçi və Sumqayıt idmançıları paytaxt birinciliyi və çempionatlarında qüvvələrini sınayırlar.

Etiraf etmək lazımdır ki, müəyyən uğurlara baxmayaraq, gimnastikanın indiki vəziyyəti qənaətbəxş deyil. Bununla bağlı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva belə deyib: "Əminəm ki, Bakıda nəzərdə tutulan gimnastika kompleksi yüksək səviyyəli gimnastların hazırlanması mərkəzinə çevriləcəkdir. Kompleks ən müasir avadanlıqla təchiz ediləcəkdir. Zənnimcə, başlıca vəzifələrdən biri müasir məşq metodikalarına yiyələnməkdir. Yüksək nəticələrin qazanılmasına məhz bunlar təsir göstərir".

Azərbaycan Gimnastika Federasiyasının növbəti və daha böyük uğurları hələ irəlidədir. 2007-ci il iyunun 29-dan iyulun 1-dək paytaxtımızda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunacaq. Avropa Gimnastika İttifaqının nümayəndələri çempionatın Bakıda keçirilməsinin təsadüfi olmadığını deyiblər. Qeyd edək ki, qitə çempionatına ev sahibliyi etməyə namizəd dövlətlər arasında Ukrayna, İspaniya və Türkiyə də var idi.


Olimpiya dünyası.- 2006.- 26-29 dekabr.- № 96.- S. 3.