"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yeni məktəblər tikilir
Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev adına fondun vəsaiti hesabına hazırda respublikamızda 132 məktəb tikilib, gələn ildən daha 500 məktəbin tikintisi üçün geniş proqram hazırlanıb.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrində 132 məktəb binası inşa edilir. Eyni zamanda fondun vəsaiti hesabına bir sıra uşaq evlərində, internat məktəblərində təmir işləri aparılır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fond tərəfindən həyata keçirilən tədbirləri daim diqqət mərkəzində saxlayır, bölgələrə səfərləri zamanı görülən işlərlə yaxından maraqlanır. Sentyabrın 8-də dövlətimizin başçısı İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində də Mehriban Əliyeva uşaq evlərində olub, fondun vəsaiti hesabına inşa edilən məktəb binalarının tikintisi ilə tanış olub. Lənkərandakı Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olan fondun prezidenti burada tərbiyə alan uşaqların qayğı və problemləri ilə maraqlanıb. Uşaq evindəki şəraitlə yaxından tanış olan Mehriban Əliyeva uzun illər təmir edilməyən binanın əsaslı təmirə ehtiyacı olduğunu, Heydər Əliyev Fondunun vəsaiti ilə yaxın vaxtlarda bu işə başlanacağını bildirib.
Mehriban xanım Lənkəran rayonunun Şağlaser kəndində də fondun vəsaiti hesabına tikilən yeni məktəb binasında işlərin gedişi ilə tanış olub. Məktəbin müəllim kollektivi, valideynlər, məktəblilər, inşaatçılar tərəfindən böyük səmimiyyətlə qarşılanan fondun prezidenti kənd sakinləri ilə söhbət zamanı ulu öndər Heydər Əliyevin adını daşıyan fondun fəaliyyəti barədə danışaraq, bu işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva cənub bölgəsinə səfər çərçivəsində Astara rayonunun Təngərüd kəndində inşa edilən yeni məktəb binasının tikintisi ilə də maraqlanıb. Mehriban xanımı gülərüzlə qarşılayan müəllim və valideynlər məktəb barədə ona ətraflı məlumat veriblər. Bildiriblər ki, yaxşı ənənələri olan bu məktəbdə on illərdən bəri təmir işi görülməyib. Heydər Əliyev Fondunun vəsaiti hesabına 16 sinif otağı olacaq yeni binanın tikintisindən son dərəcə razı qalan sakinlər Mehriban xanıma öz təşəkkürlərini bildiriblər. İnşaatçılar isə binanın oktyabrın 1-dək tam hazır olacağına söz veriblər.
Sentyabrın 9-da isə YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Masallı rayonunda tikintisi yenicə başa çatmış Təzəkənd məktəbində olub. İnşaatçılar, müəllimlər, məktəblilər, valideynlər tərəfindən səmimiyyətlə qarşılanan Mehriban xanıma məlumat verilib ki, 22 sinif otağı olan məktəb binası cəmi 42 günə inşa edilib. Burada 35 müəllim 500-dək şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaq. Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş yeni tədris ocağının tikintisindən olduqca razı qalan kənd sakinləri Mehriban xanıma təşəkkürlərini bildirərək ona xalqımızın gələcəyi naminə xeyirxah işlərində uğurlar arzulayıblar.
Mehriban Əliyeva ölkəmizin gələcəyi olan uşaqlara qayğı və diqqətin ifadəsi kimi, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində fondun vəsaiti hesabına hazırda respublikamızda 132 məktəbin tikildiyini xatırladıb və bildirib ki, fond gələn ildən daha 500 məktəbin tikintisi üçün geniş proqram hazırlayıb.
Mehriban xanım dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində digər rayon və kəndlərdə da olub, orada yerləşən uşaq evlərini və məktəbləri ziyarət edərək onların vəziyyəti ilə maraqlanıb. Əhali ilə görüşləri zamanı fondun respublikamızın hər bir bölgəsində müasir tələblərə cavab verən təhsil müəssisələrinin tikilməsini davam etdirəcəyini. bildirən Mehriban xanım gələcəyimiz olan uşaqların fond tərəfindən bundan sonra da qayğı ilə əhatə olunacağını vurğulayıb.
Göründüyü kimi, ulu öndərin adını daşıyan fond tərəfindən təhsil sahəsində geniş miqyaslı, həmçinin analoqu olmayan bir proqram həyata keçirilir. Bu proqramı isə deputatlığa namizəd Mehriban xanım Əliyevanın platformasının artıq həyata keçən hissəsi adlandırmaq olar. Və onun uğurlu fəaliyyəti deməyə əsas verir ki, Mehriban xanım parlament seçkilərində seçicilərinin böyük əksəriyyətinin səsini qazanacaq. Deputat olacağı təqdirdə isə onun nəinki öz ərazisindən olan seçicilərin, bütövlükdə xalqımızın himayəçisi olacağına əminlik böyükdür.
Sevinc Paşayeva
Azad Azərbaycan.- 2005.- 11 sentyabr.- S. 1-2.