Muğanda yeni ünvan
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda 168 evdən ibarət abad qəsəbə salınıb
Mənzil həmişə ən inkişaf etmiş ölkələrdə belə, problem olub. Mətbuatda, televiziya kanallarında dünyanın super ölkəsi sayılan ABŞ-da evsiz-eşiksiz insanların küçələrdə gecələdiklərini oxumuşuq, görmüşük. Sovetlər birliyi zamanı da insanlar illərlə, hətta onilliklər boyu mənzil növbəsini gözləməli olurdular. Bəs, indi vəziyyət necədir?
Düzdür, mənzilə ehtiyacı olan vətəndaşlarımız çoxdur. Amma bu sahədə görülən işlər də az deyil. Gəlin bir anlığa Qarabağ əlilləri, şəhid ailələri, öz doğma yurd-yuvalarından didərgin düşən qaçqın və köçkün soydaşlarımız üçün bir-birinin ardınca salınan yeni-yeni müasir qəsəbələri, çoxmərtəbəli yaşayış binalarını yada salaq, göz önündən keçirək və ya dövlətin mühüm strukturlarında çalışan əməkdaşlar üçün bu sahədə görülən işləri xatırlayaq. Bu ilin aprel, may, iyun aylarında Kür və Araz çaylarında yaranan daşqınlar zamanı ziyan çəkənlər üçün salınan qəsəbələr, inşa edilən evlər bu qəbildəndir. Paytaxt Bakıda, habelə ölkənin ayrı-ayrı bölgələrində mənzil tikintisinə investisiya qoyuluşu ilbəil artır. Xalqımızın indisi, gələcəyi üçün taleyüklü layihələrə imza atan Heydər Əliyev Fondu da bu mühüm məsələnin həlli ilə bağlı tədbirlər həyata keçirir.
Fondun təşəbbüsü ilə keçən ilin sonunda Salyan şəhərində aztəminatlı və kimsəsiz ailələr üçün 168 evdən ibarət yeni qəsəbənin tikintisinə başlanıldı. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bütün idarə, müəssisə və təşkilatlar bu mühüm məsələnin həllinə cəlb edildi. İlk növbədə, qəsəbənin tikintisi üçün nəzərdə tutulan sahəyə yol çəkildi. Sonra əraziyə mişar daşı, qum, sement, taxta və digər tikinti materialları daşındı. Yeni qəsəbənin inşasına 250 yerli usta, fəhlə cəlb olundu. İşin səmərəliliyini, sürətini artırmaq üçün onlara lazımi şərait yaradıldı. Hətta tikintidə çalışanların işə vaxtında gəlib-getməsini təmin etmək məqsədilə xüsusi avtobuslar ayrıldı. Ustalara hər ay 400, fəhlələrə 300 manat əməkhaqqı verildi. Beləliklə, çox çəkmədi, 8 hektar ərazidə müasir qəsəbə salındı. Qısa vaxt ərzində boş bir ərazidə belə müasir, yaraşıqlı, hər şəraiti olan qəsəbəni görəndə adam gözlərinə inana bilmir.
Qəsəbədəki evlərin 1-i bir, 138-i iki, 29-u isə üç otaqdan ibarətdir. Hər evin həyətyanı torpaq sahəsi var. Üstü şiferlə örtülmüş evlərin döşəməsi, qapıları taxta, pəncərələri plastik material, tavanı alçipandır. Mənzillərdə ayrıca mətbəx, sanitar qovşağı, vanna otaqları var. Qəsəbə salınarkən onun infrastrukturu, kommunikasiya xətləri də yaddan çıxmayıb. 8 küçənin asfaltlaşdırılması və işıqlandırılması başa çatdırılıb. İndi qəsəbənin gecələri də çıraqbandır. Bunlardan əlavə, əraziyə su və təbii qaz xətti çəkilib. Yaxın vaxtlarda isə qəsəbə sakinləri telefon rabitəsi xidmətindən istifadə etmək imkanına malik olacaqlar. Ərazinin yaşıllaşdırılması da unudulmayıb. Hər bir evin həyətinə, habelə qəsəbəyə gələn yol boyu müxtəlif növdən olan 30 minə yaxın ağac əkilib, küçələrdə yaşıllıqlar salınıb.
Xəbər verildiyi kimi, ötən ilin sonunda - dekabrın 30-da qəsəbənin açılışı oldu. Tədbirdə Heydər Əliyev Fondunun icraçı katibi Anar Ələkbərov, Milli Məclisin deputatı Əliağa Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər, yeni mənzil alanlara xoş arzularını bildirdilər.
Yeni mənzil alanlar isə böyük sevinc içindədirlər. Onlardan bir neçəsinin evinə baş çəkib bu sevinclərinə şərik olduq. Mehriban Bağırova öz ürək sözlərini belə ifadə etdi:
- Özüm rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyirəm. Həyat yoldaşım Elçin fəhlədir, qızım Xədicənin 4 yaşı var, oğlum Əlibala isə 7 aylıqdır. İndiyə kimi kirayədə yaşayırdıq. Qazancımızın çox hissəsini kirayə haqqı verirdik. İndi öz evimiz var. Bundan sonra sərbəst, xoşbəxt yaşayacağıq. Yeni evimizdə normal həyat üçün bütün şərait yaradılıb. 2 otaq, geniş mətbəx, vanna otağı. Su, elektrik enerjisi, təbii qaz da öz yerində. Həyətyanı sahədə isə ağac əkmək, toyuq-cücə saxlamaq olar. Bizə deyirlər, yaxın vaxtda qəsəbənin uşaq bağçası, məktəbi də olacaq. Bundan artıq nə ola bilər?! Bunlara görə dövlətimizə, xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm. Allah onu həmişə uca etsin, balalarını saxlasın.
Tünzalə İsrafilova da ona edilən bu yaxşılığı heç vaxt unutmayacağını deyir. Tənha gənc qadın bir qızı ilə neçə illər kirayədə yaşayırdı. Qəsəbənin təməli atılan zaman onlarla imkansız adamlar kimi, o da rayon icra hakimiyyətinə müraciət edib. Bu işlə məşğul olan komissiya yaşayış şəraitini araşdırdıqdan sonra ona ev verməyi qərara alıb.
T. İsrafilova imkansızlara, kimsəsizlərə əl tutduğuna, kömək göstərdiyinə görə Mehriban xanım Əliyevaya və ailəsinə cansağlığı arzuladı. Dedi ki, yalnız böyük ürək, mərhəmət sahibləri belə edə bilər. Mehriban xanım Əliyeva ictimai-siyasi xadim olmaqla yanaşı, həm də anadır. Biz anaların dərdini-sərini, yaxşı bilir.
Ev alan digər sakinlər - Şəlalə Zeynalova, İbrahimxəlil Məmmədov, Sübhan İsgəndərov, Nizami Nəzərov, Dürnisə Qiyamova və başqaları da onlara göstərilən qayğıya görə dövlət başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz sonsuz məhəbbətlərini bildirdilər.
Bəli, imkansıza əl tutmaq, bir yetim uşağın başına sığal çəkmək, kömək etmək savabdır. Bunu edənlər xalqın gözündə daha da yüksəlir.
Seyran Cavadov
Azərbaycan.- 2011.- 7 yanvar.- № 3.- S. 3.