Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi - "Hərəmiz bir ağac əkək"


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin yaşıllaşdırma tədbirlərindən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

Vergi orqanları əməkdaşlarının töhfəsi

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan Vergilər Nazirliyinin departamentləri və ərazi vergilər idarələrinin kollektivləri Bakıda və respublikamızın digər bölgələrində iməciliklər keçirmiş, 3500-dək müxtəlif növ ağac əkmişlər.

Bakı Şəhər Vergilər Departamentinin və Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin kollektivləri "Hərəmiz bir ağac əkək!" devizi altında keçirilən nəcib vətənpərvərlik aksiyasına fəal qoşulmuşlar. Hər iki kollektivin 200 nəfərdən çox əməkdaşı aprelin 21-də Bakının Tbilisi prospektində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafındakı parkda 1000-dək həmişəyaşıl ağac, bəzək və gül kolları əkmiş, onlara qulluq göstərmiş, ərazidə geniş abadlıq və təmizlik işləri aparmışlar. Təşəbbüs çərçivəsində yaşıllaşdırma işləri Azərbaycanın regionlarında da davam etdirilmişdir. Sumqayıt şəhərindəki 2 nömrəli Ərazi Vergilər İdarəsinin kollektivi Bakı-Quba yolunun kənarında, superfosfat zavodunun yaxınlığındakı ərazini yaşıllaşdırmışlar. Vergi işçiləri həmin ərazini tullantılardan təmizləmiş, burada 200-dək ağac əkmişlər. Onlar, həmçinin bu ağaclara qulluq göstərməyi də öhdələrinə götürmüşlər.

Gəncə şəhərində yerləşən 12 nömrəli Ərazi Vergilər İdarəsinin kollektivi də Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsü çərçivəsində mütəmadi olaraq aparılan iməcilikləri davam etdirirlər. Kollektivin üzvləri Gəncənin Üzeyir Hacıbəyov küçəsində böyük bir ərazini məişət tullantılarından təmizləmiş, burada yerli iqlim şəraitinə uyğun olan 100-dək palıd, çinar və digər növ ağaclar əkmişlər. Vergi əməkdaşları avtomobil yolunun kənarında olan bu sahədəki ağaclara qulluq etməyi də qərara almışlar.

Ağac əkilməsi kampaniyasında Vergilər Nazirliyinin 4, 5, 6, 12, 14 nömrəli ərazi vergilər idarələrinin kollektivləri də fəallıq göstərmişlər.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin daha da gözəlləşməsi, yaşıllaşan və çiçəklənən bir diyara çevrilməsi naminə həyata keçirilən bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirən vergi orqanlarının əməkdaşları aksiya çərçivəsində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.

Suraxanı rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunda indiyədək 10 minədək ağac əkilmişdir.

Növbəti yaşıllaşdırma kampaniyası aprelin 21-də Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində keçirilmişdir.

Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idmançılar, eləcə də sənaye-istehsal müəssisələri kollektivlərinin iştirakı ilə iməcilikdə magistralın kənarlarında 1000-ə yaxın sərv ağacı əkilmişdir. Rayon icra hakimiyyətindən bildirmişlər ki, ərazidə hər şənbə günü iməcilik keçirilməsi, ağaclara qulluq edilməsi, abadlıq işlərinin görülməsi artıq ənənə halını almışdır.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya rayonun ərazisində ayın sonunadək davam etdiriləcəkdir.

Salyan rayonu

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" layihəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Salyanda da əhali tərəfindən uğurla həyata keçirilir. Qısa müddətdə Salyan şəhərində ümummilli lider Heydər Əliyev adına, akademik Zərifə Əliyeva adına parklarda, Olimpiya İdman Kompleksinin ərazisində, İnşaatçılar massivində, habelə kəndlərdə 42 mindən çox ağac, 10 minə yaxın bəzək kolu əkilmiş, Qızılağac kəndi ərazisində 4 hektar yaşıl zolaq salınmışdır. Salyanlılar deyirlər ki, ağac əkmək yalnız başlanğıcdır, əsas məsələ işi başa çatdırmaq, əkilən hər fidanı böyütməkdir. Becərmə işləri üçün 10-a yaxın su nasosu işə salınmış, iki su maşını ayrılmışdır. Təbiətin bəzəyi sayılan, sakinlərin "oxuyan ağac" adlandırdıqları on minlərlə qovağa, çinara ayrıca qulluq göstərilir. Xeyirxah təşəbbüsə könüllü qoşulanların sayı hər həftə artır.

Lerik rayonu

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan leriklilər hər həftənin şənbə günləri keçirilən iməciliklərdə təmizlik və abadlıq işləri ilə yanaşı, ağacəkmə kampaniyasında da fəal iştirak edirlər.

Aprelin 21-də rayonda keçirilən iməcilik zamanı idarə, müəssisə və təşkilatların nümayəndələri Lerik-Astara yolunun hər iki tərəfində və qəsəbəətrafı kəndlərin ərazisində 1000-dən artıq ağac əkmişlər.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi məqsədi ilə keçirilən bu kampaniyada leriklilər indiyədək 8 min ağac əkmişlər. Layihə çərçivəsində rayonda 20 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Astara rayonu

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə Astara rayonunda birincilər sırasında qoşulan əmək kollektivlərindən biri də rayon meşə mühafizəsi və bərpası müəssisəsidir.

Layihə çərçivəsində müəssisənin tabeliyində olan 3 ərazidə - Asxanakəran, Təngərüd və Şuvi meşəbəyliklərində 100 min ting əkilmişdir.

Ağacəkmə kampaniyasında daha çox yerli ağac növlərinin - şabalıdyarpaq palıd, dəmirağac, qoz, fıstıq, Şərq çinarı, sərv, dəfnə ağacı, şam, palma, qızılgöz və digər ağacların əkininə üstünlük verilir.Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Zeynulla Şükürov bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsünə həvəslə qoşulan əmək kollektivi 30 hektar sahədə meşə əkini aparmışdır. İlin sonunadək bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulmuşdur

Ölkəmizdə uğurla həyata keçirilən yaşıllaşdırma kampaniyası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlət Nazirliyinin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarına müəssisənin tinglik təsərrüfatında yetişdirilən 40 min ədəd müxtəlif növ ağac tingi verilmişdir.

Tovuz rayonu

Tovuz meşə mühafizəsi və bərpası müəssisəsindən verilən məlumata görə, aprelin 17-dən başlayaraq Beynəlxalq Yer Günü münasibətilə idarədə və bir sıra digər müəssisə və təşkilatlarda ağac əkini kampaniyaları keçirilmişdir.

İlk növbədə, idarənin həyətində təmizlik işləri görülmüş, sonra iki hektar sahədə meşə əkini və bərpası işləri aparılmışdır.

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan tovuzlular şənbə və bazar günü keçirilən iməciliklərdə rayonun müxtəlif ərazilərində 5 min ədəd ting əkmişlər.

Xanlar rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan Xanlar rayonunun sakinləri növbəti iməciliyi Hacıkənddə keçirmişlər. Onlar burada məhv olmuş meşə sahələrində 30 minə yaxın palıd, ağcaqayın, qoz və s. uzunömürlü ağac əkmiş, sahələri mal-qaradan qorumaq üçün tikanlı məftillərdən çəpər çəkmişlər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Turani Əliyev demişdir ki, iməcilikdə təxminən 10 min nəfər iştirak etmişdir.

Xanlar rayon meşə mühafizəsi və bərpası müəssisəsi nəcib təşəbbüsdə daha yaxından iştirak edərək iməciliyə çıxanları əkin üçün kifayət qədər tinglə təmin etmişdir.

Ağsu rayonu

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" kampaniyası Ağsu rayonunda uğurla davam etdirilir. Hər dəfə ağac əkini iməciliyinə 1200-1300 nəfər rayon sakini çıxır. Onlar bu xeyirxah və nəcib işdə yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirirlər. Yaşıllaşdırma kampaniyasında gənclər xüsusi fəallıq göstərirlər.

Az vaxtda şəhərin parklarında, xiyabanlarında, məktəblərin həyətyanı sahələrində, küçə və yolların ətrafında 15 mindən çox çinar, ağcaqayın, qarağac və digər ağaclar əkilmişdir.

Hava şəraitinin əlverişli keçməsi də rayonda ağacəkmə kampaniyasının mütəşəkkilliklə davam etməsinə şərait yaradır.


Xalq qəzeti.- 2007.- 22 aprel.- № 85.- S. 2.