Azərbaycanın xarici siyasətində Heydər Əliyev Fondunun rolu
2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyev yeniliklərə həssaslıqla yanaşan, rasional keyfiyyətləri özündə cəmləşdirən dövlət başçısı kimi xarakterizə edilir. Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin müasir liderlik keyfiyyətləri həm ölkənin xarici siyasətində, həm də ölkədaxili demokratik proseslərin inkişafında öz təzahürünü göstərir.
Regional və beynəlxalq əməkdaşlığı prioritet seçən Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu mürəkkəb geosiyasi şəraitdə yaradıcılıqla davam etdirərək modern inkişaf modelini qısa müddət ərzində reallığa çevirdi. Azərbaycan həm daxili siyasətdə, həm də beynəlxalq birliyə inteqrasiya olunmaqda əməli nəticələr əldə etdi, ictimai-siyasi sabitlik davamlı xarakter aldı.
Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada aparıcı dövlətlərdən birinə çevrildi. Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə stimul verdi. Ölkədə demokratik proseslər dərinləşdi və bununla da Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Hər bir müstəqil dövlət xarici siyasətində milli maraqlarını ön planda tutur. Azərbaycan Respublikası da xarici siyasətində aşağıdakı vəzifələri həyata keçirməkdədir: ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək; mənafeyi Azərbaycanın milli maraqları ilə, həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə sıx əməkdaşlıq qurmaq, müttəfiqlik etməklə beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək; regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək; Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə uğurlu təmsil etmək; xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və beynəlxalq təşkilatlarda fəal iştirak etmək.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və bu ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin yaradılmasıdır.
Digər ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq xarici siyasətimizin ən mühüm istiqamətlərindən olmaqla Azərbaycan Respublikasının nüfuzunun artmasına, beynəlxalq arenada uğurlar əldə etməsinə xidmət edir.
Bu baxımdan Azərbaycanın xarici siyasətinin uğurla reallaşması istiqamətində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. 2004-cü il mayın 10-da təsis edilmiş, Ulu öndərin adını daşıyan və onun siyasi məfkurəsini rəhbər tutaraq bütün dünyada Ümummilli liderimizin azərbaycançılıq fəlsəfəsini təbliğ edən fond fəaliyyətə başladığı gündən ölkə hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən bir sıra proqram və layihələri reallaşdırmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əməli fəaliyyətini gerçəkləşdirdiyi bütün sahələrdə qarşısına qoyduğu məqsədləri reallaşdırmaq üçün yüksək idarəetmə məharəti, professionallıq göstərməklə effektiv nəticələr əldə edir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində də çox geniş fəaliyyət göstərir.
Heydər Əliyevin dövlətçilik konsepsiyasının tərkib hissəsi olan azərbaycançılıq ideyasının həyata keçirilməsi və Azərbaycan lobbisinin gücləndirilməsi məqsədilə o, səfərləri zamanı ölkəmizin ABŞ-dakı səfirliyində Amerikanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayıb fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə də əhəmiyyətli görüşlər keçirir. Səfərin nəticələri müstəqil Azərbaycan dövlətinin xarici siyasət maraqlarının təmin olunmasında onun müstəsna rolunu və peşəkarlıq səviyyəsini bir daha göstərir.
Alman etnoqrafı Fridrix Ratselə görə, «xalqın mədəni gücü onun siyasi gücündən qat-qat dərində olur. Hər hansı xalqın mədəni ucalığı onun siyasi əzəmətinin süqutundan sonra da alınmaz olan ikinci qalasıdır». Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «İçərişəhər» tarixi memarlıq qoruğu və «Qobustan» qayaüstü abidələri Dünyanın Mədəni İrsi Siyahısına salındı. Heydər Əliyevin Azərbaycan muğamını qiymətləndirmə konsepsiyasına uyğun olaraq Mehriban xanım Əliyevanın səyi nəticəsində mədəni-mənəvi irsimizin əzəmətli abidəsi olan muğam YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi.
Beynəlxalq səviyyəli elmi əlaqələr yaratmaq ölkənin xarici siyasətinin əsas vəzifələrinə daxildir. Heydər Əliyev Fondu təhsilin inkişafı sahəsində YUNESKO ilə əməkdaşlıq çərçivəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, fondun təşəbbüsü ilə YUNESKO-nun iqamətgahında «Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları» mövzusunda konfrans keçirilmiş, eləcə də fond ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış sazişə əsasən kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışını təmin edən layihələrin icrasına başlanılmışdır.
Müasir dünyanın qlobal problemlərinin həllində elmin inkişafı dövrün tələblərinə cavab verməli, ümumbəşəri inkişafı sürətləndirməli, insanların təhlükəsizliyinə və normal yaşayışına xidmət etməlidir. Bu vəzifələrin icrasına nəzarət isə yeni elm sahəsi olan bioetikanın başlıca məqsədidir.
Azərbaycanda bu elm sahəsi kifayət qədər gənc olsa da, artıq böyük nailiyyətlərimiz var. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin sessiyasının Şərqi Avropada ilk dəfə olaraq 2011-ci ilin may-iyun aylarında Bakı şəhərində keçirilməsi bunun bariz nümunəsidir.
Bu gün önəmli bir məsələ də xüsusi olaraq vurğulanmalıdır ki, elmin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan etik və hüquqi problemləri araşdıran, elmlərarası tədqiqat sahəsi olan və ənənəvi etikanın, hüququn, fəlsəfənin elementlərini özündə birləşdirən bioetika elminin mürəkkəb problemlərindən birini Azərbaycanda ilk dəfə elmi cəhətdən araşdırıb, tədqiq edən ilk alim də məhz ölkəmizin birinci xanımı Mehriban Əliyeva olmuşdur. Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyətində əsrlərdən bəri davam edən etik müzakirələr bu səviyyədə yeni bir meyar qazanmış, hər şeyin hüquq çərçivəsində tənzimlənməsi xüsusiyyətlərini əhatə edərək yeni texnologiyalar, siyasət və əxlaqi məsələləri ehtiva edən bir müstəvidə öz prinsiplərinə uyğun yönləndirən bioetikaya maraq geniş vüsət almışdır.
«Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq» mövzusunda Heydər Əliyev Fondunun Vaşinqton Elmlər Akademiyası ilə birgə keçirdiyi konfransın da nəticəsi Azərbaycan üçün çox uğurlu oldu: Azərbaycanın zəngin əlyazmalar irsinin mühüm bir hissəsi Dünya Yaddaşı Proqramına daxil edildi. Bu sahədə görülən əməli işlərdən biri kimi AMEA Əlyazmalar İnstitutunda saxlanan Cürcani, İbn-Sina, Əbü Əl-Qasım və Əl-Zəhrəviyə məxsus nadir əlyazmaların Dünya Yaddaşı Proqramına salınması dünya tibb elminin inkişafına Azərbaycanın tarixi töhfəsini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın Avropa Birliyi sisteminə siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası xarici siyasətin prioritet istiqamətlərindən olduğu üçün son dövrlərdə bir sıra Avropa dövlətlərində Azərbaycanın qeyd edilən sahələri ilə bağlı keçirilən tədbirlər əhəmiyyətlidir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva qədim Roma şəhərində "Baku" jurnalının təqdimat mərasimində bildirmişdi ki, ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnal hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayımlanır. Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan "Baku" jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan, böyük reytinqə malik mətbu orqana çevrilmişdir. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir. Jurnal təsis edilərkən əsas məqsəd beynəlxalq miqyaslı dərgi hazırlamaq olmuşdur. Jurnalda dünya oxucularına Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumatlar verilir.
«Öz mədəniyyət və tarixinə hörmət edən xalq digər xalqların da mədəniyyət və tarixinə hörmət edəcəkdir» fikrini əsas tutan Mehriban Əliyevanın rəhbərliyi ilə fond bu sahədə ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan mədəniyyəti günləri italyan xalqına Azərbaycanı daha yaxından tanımaq imkanı verdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına Roma meri Gianni Alemannoyadan dəstəyin alınmasına təşəbbüs göstərərək müsbət nəticə əldə etmişdir. Bütünlükdə fond tərəfindən xaricdə keçirilən tədbirlər bir daha sübut edir ki, mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən Azərbaycan artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir və bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi Azərbaycanın xarici siyasətinin uğur əldə etməsində mühümdür. Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini əks etdirən sərgi və eksponatların nümayişi, bu sahədə çoxsaylı və qiymətli nəşrlər yüksək təşkilatçılıq qabiliyyətinin, həm də göstərilən sahələrə peşəkar səviyyədə müdaxilə bacarığının ifadəsidir.
Qeyd etdik ki, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması, hərbi təcavüzün nəticələrinin aradan qaldırılması Azərbaycanın xarici siyasətində ən mühüm istiqamətlərdəndir. Bu məqsədlə 2007-ci il dekabrın 4-də Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Mehriban Əliyeva Birləşmiş Ştatlara səfəri çərçivəsində Azərbaycan diplomatiyası tarixində aktuallığı ilə fərqlənən məsələlərin müzakirə olunduğu bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, «Azadlığa dəstək aktı»na 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, ölkənin hazırkı durumu ətrafında müzakirələr aparılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəal vətəndaş mövqeyindən çıxış edərək, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşkilinə təşəbbüs göstərmişdir. O, 3 il ərzində 50-dən artıq ölkəni əhatə edən bu hərəkat çərçivəsində böyük işlər görmüşdür. Belə ki, bütün dünyada artıq bir milyondan çox insan bu faciənin soyqırımı aktı kimi tanınması çağırışı altında öz imzasını qoymuşdur. Bu istiqamətdə iş davam etdirilir və bəşəriyyətə qarşı cinayətə mənəvi-hüquqi qiymət verilməsi tələbi ilə Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması coğrafiyası genişlənməkdədir.
Leyla Əliyevanın təşəbbüsü ilə Tallin şəhərində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Çıxış edənlər Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini nəzərə çarpdıraraq cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil olduğunu diqqətə çatdırmışlar.
Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanmış "Justice call" filmi nümayiş etdirilmiş və sərgi təşkil olunmuşdur. Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Xocalı soyqırımına aid hazırladığı materiallar paylanmış, Estoniyada fəaliyyət göstərən "Tallinna TV" və "TVN" telekanallarında Azərbaycan haqqında bir saatlıq film nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirdiyi yürüşdə Bursa sakinləri, şəhərin qonaqları və burada yaşayan azərbaycanlılar iştirak edirdilər. Müxtəlif millətlərdən olan insanlar əllərində Xocalı faciəsini əks etdirən fotoşəkillər və transparantlarla yürüşə qoşulmuşdular.
"Ukrayna" mehmanxanasının konfrans salonunda da Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdi. Tədbirdə Avropa kinematoqrafçılarının birgə istehsalı olan, "Dinc Qafqaz" beynəlxalq layihəsi çərçivəsində çəkilmiş və Xocalı qətliamının tarixinə həsr edilmiş sənədli filmin siqnal variantının təqdimatı olmuşdur. Çıxış edənlər Xocalıda insanların milli və etnik əlamətə görə məhv edilməsi faktının soyqırım kimi tanınmasının zəruriliyindən söz açmış, azərbaycanlıların öz qonşularının işğalçı siyasətinin qurbanları olduğunu vurğulamışlar.
Göründüyü kimi, hal-hazırda xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında dəqiq informasiyanın yayılması Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir.
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinə ölkəmizin Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirməsi də aiddir. Bu məqsədlə İstanbulda keçirilmiş ikinci "İşgüzarlıq, dəyərlər və inkişaf" adlı sammitdə Leyla Əliyevanın təşəbbüsü yüksək qiymətləndirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrdə gənclərin işgüzarlığının perspektivlərinə müsbət təsir göstərmək məqsədilə İƏT-in Gənclər Forumunun təşkilatçılığı ilə sammitin tərkib hissəsi olaraq "İnkişaf çağırışlarına yeni nəslin cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) - İƏT-in üzvü olan ölkələrdə gənc işgüzarlar üçün yeni platforma" mövzusunda təşkil olunmuş xüsusi paneldə İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Dünyanı dəyişə biləcək 10 gənc müsəlman" adlı beynəlxalq mükafatın təqdimatı keçirilmişdir. Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla onlar arasında biznes məlumat mübadiləsi aparmağa, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.
Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi, siyasi və ekoloji təşəbbüslər, İDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığı Britaniyanın EcoMuslim ekoloji qurumunun və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə İDEA kampaniyasının təqdimat mərasimində öz əksini tapmışdır. İDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında məlumat vermiş, Azərbaycan gənclərini "Rio+20" konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq çərçivəsində kampaniyanın əsas fəaliyyət istiqamətinin insanların ətraf mühitlə birgə yaşayışın düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunun önə çəkilməsi olduğunu bildirmişdir. Layihə çərçivəsində Leyla Əliyevə müxtəlif istiqamətli məsələlərə toxunmuşdur: regiondakı mövcud dondurulmuş və fəal münaqişələrin ekosistemə mənfi təsiri; Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılmasının vəhşi flora və faunanı təhlükə altında qoyması; Qafqaz bəbiri kimi nadir heyvanların tükənmə riski ilə üzləşməsi; sənaye istehsalı, nüvə və radioaktiv tullantılardan çirklənmə və eləcə də Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsinin regionun ətraf mühit təhlükəsizliyinə zərbə olması.
Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olur. Bu istiqamətdə Bakıda keçirilən "Ətraf mühitin mühafizəsi" VI beynəlxalq layihə olimpiadası da ("İnepo-Avrasiya") mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə zamanında həll edilməlidir.
Göründüyü kimi, Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli lider Heydər Əliyevin dövlət siyasətinin bütün istiqamətlərində davam edir və Azərbaycanın xarici siyasətinin uğurla formalaşdırılmasına öz töhfəsini verir. Sülhün bərqərar olmasında, Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, idmanın inkişaf etdirilərək Azərbaycanı beynəlxalq səviyyədə yüksək kürsülərdə tanıtmasında, Ulu öndərin banisi olduğu azərbaycançılıq məfkurəsinin qorunması və təbliğində, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsində və Azərbaycan lobbisinin səmərəli fəaliyyətinin təşkilində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu adını daşıdığı Ulu öndərin ideyalarını həyata keçirməklə onun siyasi kursunu davam etdirir.
Azərbaycanın xarici əlaqələrinin coğrafiyasının əhəmiyyətli dərəcədə genişləndirilməsi, beynəlxalq aləmdə nəzərə çarpan və hörmət edilən ölkəyə çevrilməsi və xarici siyasət məqsədlərinin daha da təkmilləşdirilməsi kimi vəzifələr fondun prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyət istiqamətidir. Bütün bu xüsusiyyətlər isə onu dünya vətəndaşına çevirmişdir. Aqillərin «milli problem həmin millətə aid olan fərdin şəxsi probleminə çevrildikdə, o, millətlə eyniləşir. Elə o vaxtdan da dünya vətəndaşı olur» kimi ifadə etdiyi fikir məhz Mehriban xanım Əliyevanın simasında öz mənasını ehtiva edir.
Milli Məclis.- 2012.- may/iyun.- S. 28-35.