Gimnastlarımız ötən ili uğurla yola saldılar
Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü yüksək sürətlə inkişaf edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində gimnastika respublikamızda çox populyarlaşıb, uşaq, yeniyetmə və gənclərin gimnastikanın müxtəlif növləri üzrə bölmələrə axını artıb. Gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu sahədə uğurlar qazanılıb. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-nin dəstəyi ilə Sumqayıt, Gəncə və Xırdalanda yeni gimnastika bölmələri istifadəyə verilib.
Ötən il dekabr ayının 20-də Azərbaycan Gimnastika Federasiyasının növbəti bölməsi Göyçayda istifadəyə verildi. Belə ki, Göyçay Olimpiya İdman Kompleksində yeni gimnastika bölməsi açıldı. Federasiya rəhbərliyi tərəfindən bölməyə yeni xalça hədiyyə olundu. Qurum Göyçaya məşqçi də göndərdi.
Dekabrın 25-də Gənclər və İdman Nazirliyinin konfrans zalında Azərbaycan Gimnastika Federasiyasının III ümumi yığıncağı keçirildi. Konfransın gündəliyində AGF-nin yeni Nizamnaməsinin müzakirəsi və təsdiqi, qurumun vitse-prezidenti Altay Həsənovun federasiyanın dördillik fəaliyyətinin yekunları barədə hesabatı, federasiyanın prezidentinin, vitse-prezidentinin, həmçinin İcraiyyə Komitəsinin üzvlərinin seçkiləri daxil idi. Səsvermənin yekunlarına görə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi.
Ümumiyyətlə, 2010-cu il gimnastlarımız üçün uğurlu olub. Təmsilçilərimiz bir sıra yarışlarda iştirak edərək, mükafata layiq yerlər tutublar. Ötən ilin fevral ayında Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə keçirilən Qran-pri yarışlarının birinci mərhələsində milli komandamızın aparıcı üzvü Aliyə Qarayeva qüvvəsini sınayıb. Dörd finalda bacarığını nümayiş etdirən gimnastımız halqa (27.55 xal) və lentlə (27.775 xal) hərəkətlərin icrasına görə bürünc medala sahib çıxıb. Moskvada təşkil olunan "Qazprom" kubokunda Ceyla Quliyeva, Stefani Troyanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyevadan ibarət qrup komandamız halqa ilə təmrinlərin icrasına görə üçüncü yeri tutub. Həmin vaxt Moskvada bədii gimnastika üzrə keçirilən "Alina-2012" turnirində ölkəmizin idman şərəfini böyük yaşlı idmançılar arasında şəxsi yarışlarda Anna Qurbanova, Zeynəb Cavadlı, Samirə Mustafayeva, Dina Qorina yeniyetmə gimnastlar arasında isə Jalə Qaratova, Lalə Yusifova, Ayşə Mustafayeva və Yekaterina Prokopenko qoruyublar. Turnirdə həmçinin Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadədən ibarət yeniyetmələrin qrup komandası çıxış edib. Gimnastlarımız bu yarışda da yüksək nailiyyətlər əldə ediblər. Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Miss Valentina" turnirində Aliyə Qarayeva topla hərəkətlərin finalında qızıl medala sahib çıxıb. O, lentlə ikinci, iplə isə üçüncü olub. Digər gimnastımız Anna Qurbanova isə halqa ilə hərəkətlərdə bürünc medal qazanıb. Böyüklərin qrup komandası gümüş medal əldə edib. Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadədən ibarət yeniyetmələrin qrup komandası isə üçüncü olub. Gimnastların iştirak etdiyi növbəti yarışlar Budapeşt (Dünya kuboku) və Lyublyanada (beynəlxalq turnir) təşkil edilmişdi. Bu yarışda həm böyük yaşlı, həm də yeniyetmə idmançılarımız nəyə qadir olduqlarını bir daha sübut etdilər.
İspaniyanın Marbeliye şəhərində keçirilən Qran-pri yarışlarında ölkəmizi yığma komandanın aparıcı üzvləri Aliyə Qarayeva və Anna Qurbanova təmsil ediblər. Aliyə Qarayeva lentlə hərəkətlərin finalında 27,550 xalla bürünc medal qazanıb. Gimnastımız ip (26,375 xal) və halqa (25,925 xal) ilə yeddinci yeri tutub. Anna Qurbanova topla hərəkətlərdə 26,450 xalla beşinci yerlə kifayətlənib. Yeniyetmələrdən ibarət qrup komandamız Dünya kubokunun mərhələsi çərçivəsində Rusiyada keçirilən "Sankt-Peterburq mirvariləri" beynəlxalq turnirində bürünc medal qazanıb. İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət dördlük iki hərəkətin yekununda yalnız Rusiya və Belarus komandalarından geri qalıb. Qrup komandamızın üzvləri "Göy qırov" kompozisiyasının sədaları altında 4 halqa və "Karnaval" sədaları altında 4 lentlə hərəkətin yekununa görə çoxnövçülükdə üçüncü olublar.
Qarşıda gimnastlarımızı daha məsuliyyətli və çətin sınaq gözləyirdi. Belə ki, təmsilçilərimiz aprelin 16-18-də Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak etdilər. Sinqapur Olimpiadasına lisenziya verən yarışda ölkəmizi böyüklərin fərdi yarışlarında Aliyə Qarayeva, Zeynəb Cavadlı, qrup yarışlarında isə Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfova təmsil ediblər. Yeniyetmələr arasında fərdi növlər üzrə yarışlarda Lalə Yusifova, Jalə Qaratova və Ayşə Mustafayeva çıxış ediblər. Qitə çempionatında İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət yeniyetmələrin qrup komandası da qüvvəsini sınayıb. Aliyə Qarayevanın çıxışı uğurlu olub. O, Azərbaycanın gimnastika tarixində ilk dəfə, Avropa çempionatında 3-cü yerə çıxıb. Gimnastımız dörd alətlə hərəkətin yekununda 111,375 xalla çoxnövçülük üzrə bürünc medal qazanıb. İndiyə qədər təmsilçimiz ayrı-ayrı növlərdə uğurlu nəticələr göstərmişdi. Lakin Aliyə birinci dəfədir ki, çoxnövçülük yarışlarında mükafatçılar sırasında yer ala bilib. O, dünyada öz sözlərini demiş Rusiya idmançıları Yevgeniya Kanayeva və Darya Kandakovadan sonra üçüncü yeri tutub.
Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner gimnastımızın çempionatdakı çıxışını tarixi qələbə kimi qiymətləndirib. O, bu nəticənin Azərbaycan idmanı üçün önəmli hadisə olduğunu vurğulayıb. Yarışda mübarizə aparan yeniyetmə gimnastımız Lalə Yusifova topla hərəkətlərin final yarışında uğurla çıxış edərək ikinci olub. Bu, onun şəxsi yarışlarda eldə etdiyi ilk medal idi. Qeyd edək ki, gimnastımız təsnifat yarışlarında halqa ilə hərəkətlərin yekununda 25,125 xalla dördüncü yerlə kifayətlənib. Digər gimnastımız Ayşə Mustafayeva isə iplə çıxışına görə 24,55 xalla beşinci yeri tutub. Belə mötəbər yarışda yeniyetmə gimnastlarımızın uğurlu çıxışı Azərbaycanda perspektivli gimnastların yetişdiyini bir daha sübut edib. Mütəxəssislər yeniyetmə gimnastlarımız arasında yüksək potensialı olan idmançıların sayının çox olduğunu deyirlər. Bu gimnastların böyük gələcəyi var. Çempionatda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət böyüklərin qrup komandası iki lent və üç iplə hərəkətlərin icrasına görə final yarışlarında 25,875 xalla beşinci olub. Qrup komandamız beş halqa ilə çıxışına görə 26 xalla yeddinci yeri tutub. Komandamız çoxnövçülük yarışlarında səkkizinci yerlə kifayətlənib. Yekun nəticəyə görə yığmamız komanda birinciliyində 97,775 xalla beşinci olub. Xatırladaq ki, bundan əvvəl keçirilən analoji çempionatda komandamız on dördüncü yerdə idi. Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya verən yarışda İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət yeniyetmələrin qrup komandası 49,850 xalla bürünc medala sahib çıxıb. Şəxsi yarışlarda gimnastımız Jalə Qaratova 97,475 xalla on birinci olub. May ayında Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə gimnastımız Dina Qorina halqa ilə yarışın finalında beşinci yeri tutub. Dina Qorina ip və lentlərlə yeddinci, çoxnövçülükdə isə doqquzuncu olub. Baş məşqçi Mariana Vasilyeva gimnastımızın beynəlxalq turnirdəki çıxışı ilə bağlı belə deyib: "Hesab edirəm ki, Dina Qorina Bolqarıstanda keçirilən beynəlxalq turnirdə çox yaxşı çıxış etdi. Dinanın yüksək potensialı var. Gimnastımız qrup hərəkətləri üzrə komandanın heyətində uzun müddət və kifayət qədər uğurla çıxış edib. Buna baxmayaraq Dina ayrı-ayrı növlərlə və topla hərəkətlərdə daha diqqətli və dəqiq işləməlidir". Dina Qorinanın çıxış etdiyi növbəti yarış Polşada (iyun) keçirilən beynəlxalq "Baltika kuboku" turniri olub. Çoxnövçülükdə altıncı yeri tutan gimnastımız ayrı-ayrı finallar üzrə çıxışında topla (25,300 xal) yeddinci, lent (23,550 xal) və halqa (23,775 xal) ilə səkkizinci pillədə qərarlaşıb. İyun ayında təmsilçilərimizin iştirak etdiyi növbəti yarış Qran-pri turniri (İnsbruk) olub. Yarışda ölkəmizin idman şərəfini milli komandanın aparıcı üzvləri - son ölkə çempionatının mütləq çempionu Aliyə Qarayeva və Anna Qurbanova qoruyublar. Lentlərlə hərəkətlərin icrasında (28,225 xal) gümüş medal qazanan Aliyə Qarayeva ip (27,425 xal) və halqa (27,950 xal) ilə çıxışına görə üçüncü olub. Digər gimnastımız Anna Qurbanova iplərlə (26,200 xal) yeddinci, lentlə (26,450 xal) çıxışına görə isə səkkizinci nəticəni göstərib.
Gimnastlarımız sentyabr ayında Moskvada keçirilən dünya çempionatına məsuliyyətlə hazırlaşmışdılar. Milli komandamızın üzvləri yarışlara hazırlıqla bağlı ölkədaxili və beynəlxalq telim-məşq toplanışlarında iştirak ediblər. Belə ki, təmsilçilərimiz Xorvatiya, Bolqarıstan və Moskvadakı telim-məşqlərə qatılıblar. Altı gün davam edən XXX çempionatda dünyanın 55 ölkəsindən 800-ə qədər gimnast xalça üzərində bacarığını nümayiş etdirib. Mötəbər yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Şəxsi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva, qrup yarışlarında isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Aelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkova çıxış ediblər.
Mötəbər yarış Azərbaycan yığması üçün müvəffəqiyyətlə başa çatıb. Komandamız 4 bürünc medalla mükafatların ümumi sayına görə üçüncü olub. Medalların növünə görə isə yığmamız dördüncü yeri tutub. Yarışda əldə olunan 4 bürünc medalın üçü yığmamızın lideri Aliyə Qarayevanın payına düşür. Aparıcı gimnastımız halqa, top və lentlərlə çıxışına görə bürünc medal qazanıb. Digər medal isə komanda hesabında əldə olunub.
Aliyə Qarayevanın halqa ilə çıxışı hakimlər tərəfindən 27,650 xalla qiymətləndirilib və o, çempionatı üçüncü yerdə başa vurub. Top və lentlə hərəkətlərin final mərhələsində qüvvəsini sınayan gimnastımız daha iki medal qazanmağa müvəffəq olub. Belə ki, Aliyə Qarayeva topla çıxışına görə 27,550 xalla dünya çempionatında üçüncü yeri tutub.
Gimnastımız lentlə hərəkətlərin icrasına görə də bürünc medal qazanıb - 28,050 xal. Çoxnövçülük üzrə final yarışlarında A. Qarayeva 110,3 xalla dördüncü yerlə kifayətlənib. Təəssüf ki, gimnastımız ümumi hesabda Belarus idmançısından cəmi 0,05 xal geri qalıb. Qrup komandalarının yarışında Azərbaycan komandası iki hərəkətin yekununa görə qazandığı 50,975 xalla yeddinci yeri tutub. Çoxnövçülük üzrə çempionatın qalibi İtaliya yığması olub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, Belarus və Rusiya komandaları tutublar. Dünya çempionatına qala-konsertlə yekun vurulub. Burada gimnastika aləmində tanınmış idmançılar ecazkar çıxışları ilə gimnastikasevərlərə maraqlı anlar bəxş ediblər. Onların arasında tanınmış gimnastımız Dinarə Gimatova da olub. Məlumat üçün bildirək ki, D. Gimatova hazırda karyerasını məşqçi kimi davam etdirir. Xatırladaq ki, 2009-cu ildə Yaponiyanın Miye şəhərində keçirilən analoji yarışda ölkəmizi fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və qrup hərəkətləri üzrə yığmamız təmsil ediblər. Gimnastlarımız bu yarışda da möhtəşəm çıxışları ilə yadda qalıblar. Belə ki, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlıdan ibarət yığmamız komanda hesabında bürünc medal qazanıb. Ayrı-ayrı növlər üzrə keçirilən yarışlarda Aliyə Qarayeva topla hərəkətlərin finalında ikinci olub. Yarışda qrup komandamızın ilkin təsnifat mərhələsində 5 halqa ilə çıxışı 25,600 xalla, 3 lent/2 iplə çıxışı isə 24,900 xalla qiymətləndirilib. Finalda komandamız 5 halqa ilə hərəkətlərin icrasına görə 7-ci pillədə qərarlaşıb. 3 lent/2 iplə hərəkətlərin finalında isə gimnastlarımız 6-cı olublar. Qrup yığmamız iki hərəkətin cəminə əsasən çoxnövçülük yarışlarında 4-cü nəticəni göstərib. Həmin vaxt Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti və bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi İrina Viner qrup yığmamızın dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib. O, yarışlarda Azərbaycan komandasına azarkeşlik etdiyini deyib.
Qeyd edək ki, bədii gimnastika üzrə növbəti dünya çempionatı Fransanın Monpelye şəhərində təşkil olunacaq. Bu çempionat London Yay Olimpiya Oyunlarına lisenziya verəcək.
Esmira Orucova
Olimpiya dünyası.- 2011.- 7 yanvar.- № 2.- S. 12.