Ermənistan növbəti zərbəni YUNESKO-dan aldı
İşğalçı dövlət Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv olmaq üçün müraciət etsə də, seçkilərdə Azərbaycana məğlub oldu
Apardığı işğalçılıq siyasəti nəticəsində beynəlxalq aləmdə nüfuzdan düşən Ermənistan növbəti zərbəni YUNESKO-dan alıb. Belə ki, işğalçı dövlət YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv olmaq üçün müraciət etsə də, ona rədd cavabı verilib. Bədxah qonşularımız kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olub. Ölkəmiz isə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv olub. XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, komitə təşkilatın nüfuzlu qurumlarından biri hesab edilir. Qeyd edək ki, Azərbaycanın komitəyə üzv qəbul olunması dünyanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı məsələlərin müzakirəsində ölkəmizin əhəmiyyətli rol oynamasına, eləcə də Azərbaycanın mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi istiqamətində daha fəal iş aparmasına şərait yaratmış olacaq.
Qeyd edək ki, bu il 22-24 iyun tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Parisdə keçirilən Baş Assambleyasının 3-cü sessiyası zamanı Hökumətlərarası Komitəyə seçkilər keçirilib. BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığının ən böyük hökumətlərarası forumudur. 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirib. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan 1992-ci iyulun 3-də həmin təşkilata daxil olub.
YUNESKO – Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə prezident Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə edib. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Hazırda Komissiyanın sədri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovdur.
Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Heç kimə sirr deyil ki, Azərbaycan YUNESKO münasibətlərinin inkişafında, onların canlanmasında və güclənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu olub. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı çoxsaylı hadisələr qeyd olunub. Məsələn, 2005-ci il 24 avqust tarixində Bakı şəhərində “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda beynəlxalq konfrans xüsusilə böyük əhəmiyyət kəsb edib. Konfransın sonunda YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda təhsildə bərabər imkanların yaradılması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yeniləşdirilməsi və müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi vasitəsilə keyfiyyətin artırılması, beynəlxalq əməkdaşlıq şəbəkəsinin təşkili və digər əsas prioritetlər əks olunur.
Hazırda YUNESKO bəşəriyyət qarşısında yaranan qeyri-maddi problemlərin həllinə yönəlmiş beynəlxalq normativ sənədlərin əsasını təşkil edən yeni ideya və yanaşmaların laboratoriyası kimi fəaliyyət göstərir. YUNESKO eyni zamanda informasiya mübadiləsi mərkəzidir, o, məlumat və bilikləri yaymaqla üzv dövlətlərə müxtəlif fəaliyyət sahələrində cəmiyyətin potensialını, xüsusilə də "insan amilini" inkişaf etdirməyə kömək edir. Bir sözlə, YUNESKO 190 həqiqi və 6 müxbir üzv dövlətin təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığının inkişafına imkan yaradır. YUNESKO ümumi insani dəyərlərə və hər bir sivilizasiya və mədəniyyətin suverenliyinə hörmət prinsipinə əsaslanan əsl beynəlxalq dialoqa nail olmaq istiqamətində fəaliyyət göstərir. Terrorizmin bütün bəşəriyyət üçün təhlükə olduğu indiki dövrdə YUNESKO-nun bu rolu çox vacibdir.
Hazırda dünyada insan hüquqlarına əməl olunmasına, insanların və millətlərin qarşılıqlı hörmətinə və yoxsulluğun azaldılmasına əsaslanan davamlı inkişafın perspektivlərinin qlobal görüntülərinə kəskin ehtiyac duyulur. YUNESKO-nun missiyasının və fəaliyyətinin əsaslarını məhz bu istiqamətlər təşkil edir.
Azər Nuriyev
Kaspi.- 2010.- 26-28 iyun.- № 111.- S. 4.