Müdrik və fədakar Azərbaycan qadınının bariz nümunəsi
Mehriban Əliyeva
Öz müdrikliyi, nüfuzu və zəkası, eləcə də incəlik və qətiyyəti ilə Vətəninin, millətinin qeyrətini çəkən, onun inkişafı naminə fədakarcasına mübarizə aparan Azərbaycan qadınları əsrlər boyu buraxdıqları izlərilə bu gün də şanlı tariximizdə yaşamaqdadırlar. Naxçıvanda Əbubəkr Əcəmi tərəfindən şanına türbə ucalmış Azərbaycan xanımı Möminə xatun Azərbaycan Atabəyləri ilə aparılan ara müharibələrinin qarşısını almış, Bütün Şərqdə tanınan Məhsəti Gəncəvi dərin hikmətli rübailəri ilə xalqına öz analıq tövsiyyələrini bildirmiş, ilk səfir qadınlarımız Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun ilə birlikdə öz missiyalarını ləyaqətlə yerinə yetirərək, dünyaya Azərbaycan xanımının hansı gücə malik olduğunu sübuta yetirmişlər. Fətəli xanın həyat yoldaşı Tutibikə xatun Fətəli xan Dərbənddə olarkən qalanın müdafiəsinə qalxmış və düşmən üzərində şanlı qələbə çalmışdır. Xan qızı Natəvan həm apardığı siyasəti ilə, həm də xeyriyyəçilik əməlləri və lirik şerləri ilə xalqının sevimlisi olmuşdur. Beləliklə, tarixlər boyu sübut olunmuşdur ki, Azərbaycan qadını cəmiyyətdə yalnız ailə mühiti ilə məhdudlaşmayıb, o cümlədən, ictimai həyatda da daim fəal olduqlarından daim layiqli mövqeyə sahiblik edib. İllər, qərinələr keçdikcə, qadınlarımızın sosial-mədəni mühitdə fəaliyyəti daha da artmış, siyasət, elm, tibb, mədəniyyət və digər bir çox sahələr üzrə ən yüksək nailiyyətlər qazanmış, ali mərtəbələrədək ucalmışlar. Xüsusən, elm və bilik aləmində elə qadın şəxsiyyətlərimiz var ki, onların gətirdikləri əsrarəngiz yeniliklər dünya miqyasında qəbul edilmiş və çox yüksək dəyərləndirilmişdir. Buna misal kimi Azərbaycan Milli Elmlər Akademiyasını göstərmək olar. Bu ali nüfuz ocağının 50 faizindən çoxunu qadınlar təşkil edir. Onların 1000 nəfərdən artıq nümayəndəsi elmi dərəcələri olan alim qadınlarımızdır.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva dünya oftolmologiyasına çox dəyərli töhfələr vermişdir. Aida xanım İmanquluyeva ərəbşünas-alim Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının, SSRİ-də Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət heyətinin üzvü olmuşdur. O bir sıra ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.
Azərbaycanın qadın hərəkatının lideri
Qadınlarımız dövlət quruculuğu prosesində, parlament və icra strukturlarında, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlərə və uğurlara imza atır. Azərbaycan qadınlarının ictimai fəallığı elə bir səviyyəyə qalxmışdır ki, bütöv bir qadın hərəkatını xatırladır. Əminliklə deyə bilərik ki, bu hərəkatın aparıcı siması Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatların xətti ilə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdırmışdır. Azərbaycanın adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş intellektə malik olduğunu hər dəfə nümayiş etdirməklə böyük nüfuz qazanmışdır. Azərbaycan qadınları üçün bu bir nümunədir.
Mehriban xanım Əliyeva YAP-ın Sədr müavini kimi yüksək siyasi potensiala malik olduğunu da əməli fəaliyyətində təsdiqləyib. Belə ki, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın Sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq millət vəkili seçilib.
Mehriban xanım Əliyeva həm də həyat yoldaşına sədaqətli, arxa-kömək olan, üç gözəl, yüksək intellektə, əxlaqa malik övladlara sahib olan bir anadır.
Mərhəmətlik simvolu
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın dövlət uşaq siyasətinə xüsusi diqqət yetirərək gənclərə xüsusi qayğı göstərir, onların respublikamızın layiqli vətəndaşları olması, kimsəsiz uşaqların sağlam böyüyüb boya-başa çataraq cəmiyyətə inteqrasiya etməsi və həyatda öz yerlərini tutmaları üçün mərasimlər, bayramlar, müxtəlif gərəkli layihələr həyata keçirir. Gənclərimizin təhsildə, idmanda fərqlənmələri üçün, rahat şərait yaradılır. Bu gün ideal qadın obrazı olan Mehriban xanım Əliyevanın şəxsində və onun yaratdığı şəraitdən yararlanan qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir. Humanizm və mərhəmət prinsiplərini rəhbər tutan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının icrası həyata keçirilmişdir. İnsanların öz ailələrinə qovuşması, onların göz yaşlarının sevincə qərq olması əvəzsiz bir nemətdir. Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində də fəaliyyətini uğurla davam etdirir. Pakistanda açılan təhsil müəssisələri, Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunun inşa edilməsi, uşaqların qidalanması, müalicə təminatının daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq "Laszlo Batthyanu" Roma Karolik Evinin mövcud binası üçün yataqxana korpusunun tikintisi və s. saysız-hesabsız xeyirxahlıq məqsədi ilə görülən işlər bizləri də sevindirir. Ərazisi 18 min km olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə töhfəsidir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə həyata keçirilən tədbirləri saymaqla bitməz.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Eyni zamanda, Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
Müsahibələrinin birində birinci xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür. Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm".
Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.
Mehriban xanım Əliyeva ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir" kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu.
Beynəlxalq aləmin diqqətində
Bu gün beynəlxalq mətbuatın diqqətində olan birinci xanımlar arasında məhz Mehriban xanım Əliyevanın adını göstərmək olar. Məsələn, İsrailin "Breaking İsrael News" portalı yazır: "Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır".
Politoloq Yevgeni Kriştalyov Mehriban xanım Əliyevanı bu cür xarakterizə edir: "O, mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü "elə-belə" sadəcə daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir".
Məhz bu baxımdan, Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının lideri kimi bir çox təltiflərə layiq insan kimi, şəxsiyyət kimi bu gün də ən nüfuzlu təşkilatlar tərəfindən yüksək dəyərləndirilməkdədir.
Mehriban xanım Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə, "Həştərxan vilayəti ilə bağlı xidmətlərinə" görə ordenlə təltif olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğunu da vurğulamaq olar. Onların sırasında Pakistanın "Şəhid Benzair Bhutto" adına mükafat, həmçinin "Daily Times" qəzeti və "Könüllü qadınlar təşkilatı" tərəfindən verilmiş "Humanizmin Simvolu. 2012-ci ilin Qadını" mükafatları da olub. O, həmçinin, Pakistanın "Hilal-e Pakistan" ordeni ilə də təltif olunub. Bu ölkənin prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci ildə bu barədə sərəncam imzalayıb. Qeyd edək ki, "Hilal-e Pakistan" ordeni bu ölkənin ən ali ordenidir. Daha bir əsas məqam isə budur ki, Mehriban xanım Əliyeva adıçəkilən bu ali ordenlə təltif olunan ilk birinci xanımdır. Mehriban xanım bundan əlavə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninin, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" mükafatının, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalının, Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatının, "Qızıl ürək" beynəlxalq mükafatının, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının, Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninin, Fransa Respublikasının "Şərəf Legionu" ordeninin, UNESCO-nun "Qızıl Motsart" medalının, Rusiya Federasiyasının İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatının, Krans Montana Forumunun "Prix de la Fondation" mükafatının, Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" mükafatının, Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatının, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatının, Küveyt Dövlətinin Fəxri diplomunun sahibidir.
Beləliklə, bizlər bir daha əmin oluruq ki, Mehriban xanım istər ötən əsrin, istərsə də hazırkı dövrümüzün bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalaraq, bu fəaliyyəti ilə dünyaya sübut edib ki, Azərbaycan qadınının şöhrəti, əzəməti və müdrikliyi ölməz və əbədidir!
Zərifə Quliyeva,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü
Səs.- 2015.- 5 mart.- № 42.- S. 7.