Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Rusiyanın NTV kanalı Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevaya həsr olunmuş veriliş hazırlamışdır


Rusiyanın NTV kanalı Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya həsr olunmuş veriliş hazırlamışdır. Telekanalın əməkdaşı Oksana Puşkinanın "Qadın baxışı" proqramı çərçivəsində hazırlanmış veriliş ötən şənbə günü NTV kanalında efirə getmişdir. Aprelin 24-də həmin veriliş AzTV kanalı ilə Azərbaycan tamaşaçılarına təqdim olunmuşdur.

Müəllif təxminən yarım saatlıq verilişi bu sözlərlə başlayır: "Bizim mürəkkəb, ziddiyyətli dünyamızda qadın olmaq çətindir. Gözəl qadın olmaq isə daha çətindir. Ancaq tam əksəriyyətin fikrincə, gözəl və ağıllı qadın olmaq isə, əslində, mümkün deyildir. Lakin həyatda istisnalar olur. Söhbət birinci xanımdan gedəndə, bu, xüsusilə xoşdur".

Veriliş Azərbaycanın birinci xanımının özünün, ömür-gün yoldaşı Prezident İlham Əliyevin, atası Arif Paşayevin, bacısı Nərgiz Paşayevanın, qızları Leyla və Arzunun, oğlu balaca Heydərin müsahibələri üzərində qurulmuşdur. Müsahibələr özlüyündə qısa olsa da, fikir dolğunluğu tamaşaçıda qadın, ana, xeyirxah insan, fəal ictimai xadim kimi Mehriban xanımı səciyyələndirən keyfiyyətlər haqqında kifayət qədər ətraflı təsəvvür yaradır.


AzərTAc
2006, 24 aprel