Heydər Əliyev Fondunun uğurlu təhsil layihəsi
Nərimanov rayonunda da Bilik günü geniş miqyasda qeyd olunub. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.
Dünən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni dərs ilinin başlanması və Bilik günü ilə əlaqədar rayon ərazisində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ümummilli lider Heydər Əliyevin respublikada təhsilin tərəqqi və inkişafı istiqamətində apardığı köklü islahatlar barədə məlumat verib, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, eyni zamanda ulu öndərin ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev və başqaları çıxış edərək Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürlərini bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri - məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.
Azərbaycan.- 2015.- 16 sentyabr.- № 202.- S. 10.