XXI əsrin ən öncül dünyəvi qadın siyasətçisi
Dünya ölkələrinin və xalqlarının tarixinə dərindən siyasi səyahət etdikdə tam və açıq-aydın görmək olur ki, tariximizin XXI əsrinin ilk on illiyində öz siyasi-ictimai fəaliyyəti, humanist baxışları və addımları ilə, bəşəri dəyərləri özündə cəmləşdirərək dünya xalqlarına və mədəniyyətinə yüksək intellekti, mədəniyyəti, diplomatik qabiliyyəti ilə münasibət bildirən və göstərən, öz ölkəsinin ən ali siyasi kursunu dünya xalqlarının maraqlarına yönəldərək dünyəviləşdirən ikinci bir qadın siyasətçiyə, ictimai xadimə rast gəlinmir.
Böyük Britaniyada, Hindistanda, Pakistanda, Pribaltika respublikalarında, Finlandiyada və digər dövlətlərdə qadın dövlət və hökumət başçıları olub və bu gün də vardır.
Çox da uzaq tarixə getməyək. Hazırda ABŞ-ın dövlət katibi olan Hillari Klinton 1992-ci ildən 2000-ci ilədək ABŞ dövlətinin birinci xanımı olub və indi də ölkənin ikinci şəxsidir. Ancaq o, Amerika və dünya xalqlarının tarixində hansı izləri qoyub?! Özü də birinci xanım olaraq prezidentlə dünyanın səksəndən çox ölkəsində səfərdə olub. Bu gün isə dövlət katibi olaraq dünyada özünə hansı nüfuzu qazanıb? Demək olar ki, qazanıbsa da çox cüzi. Dünya xalqlarına o cümlədən Azərbaycana qarşı ikili standartlara, münaqişələrə geniş yer verir.
Digər qadın siyasətçilər, ictimai xadimlər, dövlət və hökumət rəhbəri olmuş qadın siyasətçilər də bir o qədər xalqının tarixində önəmli yer tuta bilməmişlər. Ona görə ki, onlar heç vaxt bəşəriyyətin mənafelərinə xidmət edən siyasətin, siyasi kursun daşıyıcıları və təbliğatçıları olmamışlar. Onları bəşəri dəyərlər, bəşəriyyətin, dünya xalqlarının maraqları yox, öz şəxsi və dövləti maraqları düşündürüb.
Mehriban xanım Əliyeva isə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan dövlətinin ən ali siyasi kursunun daşıyıcısı olan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi beynəlxalq aləmdə daim seçilir. Günü-gündən öz səmərəli, yorulmaz fəaliyyəti ilə XXI əsrin ən öncül dünyəvi qadın siyasətçisi, ictimai xadimi, beynəlmiləlçi qadın səviyyəsinə yüksəlmişdir.
Bu yüksək zirvəni dünya miqyasında fəth edən Mehriban Əliyevanın dünyəvi qadın siyasətçi olaraq tanınmasını ona verilən beynəlxalq mükafatlar, ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının sərəncamları, verilən orden və medallar bir daha təsdiq edir. Xeyirxah fəaliyyətinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xalı" ordeni ilə təltif edilib. 2005-ci ildə "İlin adamı" adına, bəşəriyyətin yüksək ideyalarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə "Qızıl ürək" beynəlxalq mükafatına, 2009-cu ilin 5 mayında "Heydər Əliyev mükafatına layiq görülüb.
2009-cu ildə Polşanın "xidmətlərə görə" Böyük Komandor xaç ordeni, 2010-cu ildə Fransanın "Şərəf legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə, "Türk dünyasına xidmət" mükafatlarına və digər beynəlxalq mükafatlara layiq görülüb.
Bütün bu mükafatlar, təltiflər, dünyanın dəstəyinə, istəyinə dərindən nail olmaq bir daha təsdiq və sübut edir ki, dünya xalqları, Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyəti nəticəsində Ulu öndər Heydər Əliyev siyasətinin, şəxsiyyətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursuna böyük hörmət bəsləyirlər. Bütün bunlar Heydər Əliyev siyasətinin, onun şəxsiyyətinin dünyəvi, bənzərsiz siyasi xadim olmasını, bəşəriyyətin maraqlarına xidmət etməsini bir daha təsdiq edir.
Artıq Mehriban xanım Əliyeva bu əvəzsiz xidmətlərinə və yorulmaz, məqsədyönlü fəaliyyətinə görə bəşər tarixinə XXI əsrin ən öncül, humanist, beynəlmiləlçi qadın siyasətçisi olaraq daxil olmuşdur.
Daha doğru olar ki, dünya miqyasında bu yüksək zirvəyə yüksəlmiş və bu zirvənin məharətlə, bacarıqla, siyasi savadı, biliyi, diplomatik qabiliyyəti ilə, Heydər Əliyev siyasətinə, xidməti, bəşəri dəyərləri özündə cəmləşdirməsi xalqımızın milli maraqlarına, dövlət maraqlarımıza xidməti ilə fəth etmiş Mehriban xanım Əliyevaya, Milli Qəhrəman adı verilsin.
Bu ən yüksək ad onun mükafatları, təltifləri sırasına daxil edilsin.
Mehriban xanımın bu adı tezliklə daşıması bəşəriyyətin, dünya xalqlarının, türk dünyasının, xalqımızın böyük sevincinə səbəb olardı.
Dəmir Qurbanlı
Azad Azərbaycan.- 2012.- 21 fevral.- № 27.- S. 2.