Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sosial yönümlü layihələr həyata keçirir
Heydər Əliyev Fondunun fəaliyyəti günü-gündən genişlənir və bütün dünyanı əhatə etməyə başlayır. Qeyd edək ki, beynəlxalq arenada əməkdaşlıq üçün seçilən ilk məkanlardan biri Rusiya olsa da, artıq Fransada, Rumıniyada, Böyük Britaniyada və Türkiyədə fondun filialları fəaliyyət göstərir. Müasir dövrümüzdə ölkə və dünya əhəmiyyətli layihələrə imza atan Heydər Əliyev Fondunun məqsədli fəaliyyət istiqamətlərindən biri elə Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına yönəlib. Bir sıra dost dövlətlərdə fəaliyyət göstərən fondun nümayəndəlikləri bu və ya digər məsələlərin həllində yaxından iştirak edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycanlı Gənclər Təşkilatı artıq yetkin və çox fəal təşkilatdır. Bu gün təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılıb. Təşkilatın qarşısında qoyulmuş əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirməkdir. RAGT bu missiyanın öhdəsindən uğurla gəlir və bu gün Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsidir.
Gənclərin təşkilatlanması məsələsi daim diqqətdədir. Bu məsələ həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya cəmiyyətinin marağındadır. Azərbaycan gəncləri yaşadıqları ölkənin qanunlarına hörmət etməli, lakin bununla bərabər, öz milli mənsubiyyətini, mədəniyyətini, dilini və ənənələrini unutmamalıdır. Leyla Əliyevanın başçılıq etdiyi təşkilat Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı yaradılandan sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə fəal iştirak edirlər. Qurumun keçirdiyi çoxsaylı aksiyalar sırasında futbol turniri, RAGT-nin jurnalının buraxılması, bir sıra elmi konfranslar, fleş-moblar, tələbələrlə görüşlər və s. var.
Bununla yanaşı, 2011-ci ildə Heydər Əliyev Fondu Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzi açmışdır. M.İ.Rudomino adına dövlət Ümumrusiya Xarici Ədəbiyyat kitabxanasında yerləşən bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, bir sözlə, bütün informasiya toplanılıb. Orada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbii gözəlliklərini, Bakı şəhərinin nadir memarlıq nümunələrini görmək olar. Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sosial yönümlü layihələrə, xüsusilə də, səhiyyə sahəsində - talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Son illərdə təbabətlə bağlı müxtəlif aksiyalar sırasında “Qanın milləti yoxdur!”, “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de!” mühüm yer tutur.
Fondun təşəbbüsü ilə xəstə uşaqlara kömək üçün bir sıra başqa layihələr də reallaşır. Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında, eləcə də, dünyanın bir sıra ölkələrində xeyriyyə aksiyalarının bəzilərinin təşkili də qeyd etdiyimiz missiyaya xidmət edir. Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də öz ənənəsinə sadiq qalır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə, Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Bu xeyriyyə aksiyalarının davamı olaraq, bu günlərdə Leyla xanım Əliyevanın təşəbbüsü ilə RAGT İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə, Rusiya Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin və Beynəlxalq UNAİDS təşkilatının dəstəyi ilə Cənubi Sudanın paytaxtı Cuba şəhərində humanitar xeyriyyə aksiyası keçirib. Bu humanitar aksiyanın məqsədi Cənubi Sudan əhalisinə tibbi yardım göstərmək idi. Bildiyimiz kimi, səhiyyə məsələsi Sudan üçün ən ciddi problemdir. Ölkə əhalisinin təxminən 75 faizi tibbi xidmətin ən adi növlərindən istifadə etmək imkanından məhrumdur. Sağlamlıq sahəsində dünyada ən pis göstəricilərə malik olan ölkələrdən biri Cənubi Sudandır. Burada hamilə qadınların orta hesabla yeddi nəfərindən biri hamiləlik dövründə, hər on körpədən biri isə bir yaşına çatmamış vəfat edir. Keyfiyyətsiz qida, bağırsaq infeksiyaları və malyariya Afrikanın bu ölkəsində ən geniş yayılmış xəstəliklərdir. Həkimlər Cuba şəhərində yerli poliklinikada 75 nəfərdən çox xəstəni ambulator rejimdə qəbul ediblər. Həkimlər hamiləlik dövrünə xas olan xəstəliklərin fəsadlarından şikayətlənən qadınları da qəbul edib, onlara zəruri tibbi yardım göstərilib, lazımi dərmanlar və müvafiq tövsiyələr verilib. Gənc mütəxəssislər bu ölkədə xəstəliklərin profilaktikası və müalicəsi üzrə mühazirələr oxuyub, yerli əhalini sanitar-gigiyena normaları barədə məlumatlandırıb, bu normalara riayət etməyə, yoluxucu xəstəliklərin profilaktikasını, QİÇS-in profilaktikası və ona qarşı mübarizə metodlarını öyrədiblər.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Uşaq stomatologiya və ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Adil Məmmədov çənə-üz patologiyaları ilə əlaqədar bir sıra əməliyyatlar aparıb. Qırmızı Xaç Cəmiyyətindən olan həkim Coye Rubana ona assistentlik edib.
Bu təşəbbüs RAGT xətti ilə reallaşdırılıb. Təbii ki, onun maliyyə dəstəyi olmasa, bu layihə reallaşa bilməzdi.
Bütün bu reallıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinin məntiqi nəticəsidir.
Zümrüd Bayramova
Səs.- 2012.- 9 fevral.- № 24.- S. 5.