Heydər Əliyev Fondu Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açıb
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007-ci il sentyabr ayının 24-də fəaliyyətə başlayab. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir. Heydər Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Rumıniyanın Milli Olimpiya Komitəsində "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçib. Mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, dövlət rəsmiləri, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini deyib. İ. Hacıyev Oyunlara hazırlıq işlərinin ən yüksək səviyyədə aparılması, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılan şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulan media mərkəzindən bəhs edib. Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib. Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsi istiqamətində apardığı fəal işi yüksək qiymətləndirdiklərini vurğulayıblar. "Bakı-2015" ilk Avropa Oyunlarının gənc idmançıların yarışmaları üçün gözəl fürsət olduğu bildirilib, Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulmasında nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb. Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa Oyunlarının idmançıların özlərini sınamaları və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və daha böyük təcrübə qazanması istiqamətində mühüm addım olacağını bildirib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq idman cəmiyyətinə sübut etdiyini vurğulayıb. F. Abdinbəyov Azərbaycanda yaradılan Olimpiya kompleksləri, ölkədə gənclərin idmana marağının artması, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısını xüsusi vurğulayıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva Avropa Oyunlarının yaranması tarixi, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə danışıb. Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb. Bir müddət əvvəl isə Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb. Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlayıb. Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi "Bakı" otağının açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. İqbal Hacıyev bildirib ki, mərkəzdə Azərbaycan dili tədris olunacaq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə gedən inkişaf prosesləri barədə rumın tələbələrə məlumat veriləcək. Qeyd olunub ki, Azərbaycan Araşdırmalar Mərkəzinin açılması iki xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi böyük önəm üçün təşəkkür edib, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor yeni imzalanan sazişin və yeni yaradılan Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Ovidiu Folcut Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yüksək inkişafa malik olan Azərbaycanı təbrik edib. Tədbirin sonunda Azərbaycanın inkişafını əks etdirən "Azərbaycanın inkişafı: Neftdən sənayeyə doğru" filmi göstərilib. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları, xüsusilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirliyi ilə sıx əməkdaşlıq şəklində işləyir və fondun təşkil etdiyi tədbirlərə yaxından dəstək verir. Belə tədbirlərdən biri də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü ilə Buxarestdə 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə keçirilib. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyi tərəfindən keçirilən tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir proqramında azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda törədilən vəhşiliklər, 275 kəndin dağıdılması, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd olunub, Qubada 122 kənd, Dağlıq Qarabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211 kənd və Qars vilayətində 92 kəndin dağıdıldığı vurğulanıb. Bundan başqa, 1918-1920 illərdə repressiya zamanı indiki Ermənistanda yaşayan 575000 azərbaycanlıdan 565000 qovulduğu və öldürüldüyü diqqətə çatdırılıb. Çıxış edənlər 1948-1953-cü illərdəki deportasiyadan söhbət açaraq, 1946-47-ci illərdə Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan, Fələstindən, Fransadan, Birləşmiş Ştatlardan, Misirdən, İraqdan və Rumıniyadan 86300 erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948-50-ci illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100000 azərbaycanlının öz yaşayış yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat veriblər. Yığıncaqda çıxış edən natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən danışaraq, Ermənistanın işğalçılıq siyasəti, 26 fevral 1992-ci il tarixində Xocalı faciəsi, 2 aprel 1993-cü il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret faktlarla tədbir iştirakçılarını məlumatlandırıblar.
Qeyd olunub ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırım Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir. Sonra Azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən fotoguşə iştirakçılara nümayiş etdirilib. Həmçinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış geniş pres-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə də göndərilib. Ötən ilin avqust ayında Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin administrasiyasına, hakimiyyət orqanlarına, ölkədəki tanınmış mətbuat orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib. Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara odlu silahlardan atəş açılır. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edilir, Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, erməni əsarətində olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı vurğulanır. Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilib.
Paralel.- 2015.- 11-13 aprel.- № 63.- S. 10.