Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

“Xoş məramlar elçisi” multimedia diski təqdim edilmişdir


AzərTAc xəbər verir ki, oktyabrın 10-da Bakı Əyləncə Mərkəzində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xoş məramlar elçisi” adlı multimedia diskinin təqdimat mərasimi keçirilmişdir. Diski “Səs” qəzetinin sifarişi ilə “Stimul” MMC hazırlamışdır.

“Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirmişdir ki, diskin müəllifləri onu hazırlayarkən Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətini əhatə etməyə çalışmışlar. Diskin təqdimat mərasiminin oktyabrın 10-na təyin edilməsi heç də təsadüfi deyildir. Həmin gün görkəmli şərqşünas alim, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası Aida xanım İmanquliyevanın anadan olduğu gündür. Tanınmış alimin yüksək şəxsi keyfiyyətləri - alicənablığı, vətənsevərliyi, tələbələrinə əsl nümunə olmaq keyfiyyətləri haqqında danışan A.Əsgərov onun yetirməsi olmasından şərəf duyduğunu vurğulamışdır.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev diskin məziyyətləri haqqında məlumat verərək demişdir ki, elektron məhsul Azərbaycan, ingilis və rus dillərində, müasir informasiya texnologiyalarının son nailiyyətləri əsasında hazırlanmışdır.

Dörd bölmədən ibarət olan diskdə Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin bütün sahələri öz əksini tapmış, materiallar müvafiq bölmələr üzrə qruplaşdırılmışdır. İstifadəçilər, həmçinin Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti ilə, gördüyü uğurlu işləri və xarici səfərlərini əks etdirən yüzlərlə fotoşəkillə tanış ola, 10 dəqiqəlik filmə baxa biləcəklər.

Diskin əsas bölməsində istifadəçilər müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, respublikamızın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halları barədə müvafiq məlumatlar əldə edə biləcəklər.

Təqdimat diskinin “Heydər Əliyev Fondu” bölməsində ulu öndərin adını daşıyan bu mötəbər qurum barədə, onun təhsil, səhiyyə, mədəniyyət sahəsində gördüyü işlərlə bağlı əhatəli məlumat verilmişdir.

“YUNESKO” bölməsində Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə, Azərbaycan-YUNESKO münasibətlərinə, həmçinin ölkəmizin bu təşkilatla həyata keçirdiyi birgə layihələrə dair müfəssəl məlumatlar öz əksini tapmışdır.

“Azərbaycan Gimnastika Federasiyası” bölməsində bu nüfuzlu idman təşkilatı barədə istifadəçilərə dolğun məlumat verilir, həmçinin Azərbaycanda bədii gimnastikanın inkişaf mərhələləri, bu istiqamətdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə əldə olunmuş uğurlar, beynəlxalq yarışlar və gimnastikanın ayrı-ayrı növləri barədə məlumatlar təqdim olunur.

Diskin “Milli Məclis” bölməsi isə Azərbaycan Respublikasının qanunverici orqanı haqqında ümumi məlumatla başlayır, eyni zamanda Mehriban xanım Əliyevanın 2005-ci il parlament seçkiləri ərəfəsində 14 saylı Əzizbəyov seçki dairəsində keçirdiyi görüşlər, deputatlıq fəaliyyəti, o cümlədən parlamentin ABŞ-Azərbaycan dostluq qrupunun rəhbəri kimi gördüyü işlərə dair məlumatlar verilmişdir.

Mərasimdə Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətindən bəhs edən 10 dəqiqəlik film nümayiş olunmuşdur.

Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, bu disk Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın geniş, çoxşaxəli fəaliyyətinin kiçik bir şərhidir. Vurğulanmışdır ki, Mehriban xanım Əliyeva məşğul olduğu bütün sahələrdə əsl vətəndaş, birinci xanım nümunəsini yaratmağa müvəffəq olmuşdur. Bütün bu nümunələr deməyə əsas verir ki, Mehriban xanım Azərbaycanı layiqincə təqdim, təmsil və təbliğ edir.

Əli Əhmədov bütün bu uğurların kökündə Vətən sevgisinin dayandığını, onun əsasında isə ümummilli liderimiz Heydər Əliyevin ailəsinin böyük təsirinin, formalaşdırdığı dəyərlərin mühüm rol oynadığını bildirmişdir.

Azərbaycan Prezidenti İcra Aparatının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, “elçi” sözü həm diplomatik, həm də milli-mənəvi anlamda müqəddəs bir sözdür. Bu gün fəaliyyəti haqqında diskin təqdimatına toplaşdığımız Mehriban xanım Əliyeva Azərbaycanın yeganə və ilk xanımıdır ki, xoşməramlı elçi adına, statusuna layiq görülmüşdür. Bu status ona Azərbaycan xalqı tərəfindən, bütün dünyada mədəniyyət elçiliyi funksiyasını yerinə yetirən YUNESKO tərəfindən, böyük islam dünyasını təmsil edən İSESKO tərəfindən verilmişdir.

Mehriban xanım Əliyevanın “Keçmişə ehtiram, gələcəyə inam” tezisi üzərində dayanan natiq qeyd etmişdir ki, bu deviz altında hazırda ciddi bir fəaliyyət reallaşmaqdadır. Bu tezis Azərbaycanın həm keçmişinin qorunmasında, həm də gələcəyinin qurulmasında mühüm əhəmiyyətə malikdir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək, Mehriban xanım Əliyevanın ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətindən danışmış, onun təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs etmişdir.

Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.


AzərTAc
2007, 10 oktyabr