Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti hər bir azərbaycanlı üçün vətəndaşlıq örnəyidir
Avropadakı azərbaycanlı qadınlar bu prinsipə sadiq qalaraq, yeni diaspor təşkilatı yaradırlar
Yaxın günlərdə Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyi təsis olunacaq. Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək, belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, bu təşəbbüsü, ilk olaraq, irəli sürən Niderland Krallığında yaşayan, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazımova olub. O, komitənin mətbuat xidmətinə bildirib ki, 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında “ANA VƏTƏN” Azərbaycanlı Qadınlar Birliyi fəaliyyətə başlayıb. Bu cəmiyyətin yaradılmasını Azərbaycan qadının doğma vətəndən uzaqda yeni və yad bir mühitə uyğunlaşma prosesində üzləşdiyi problemlər və maneələr zəruri etmişdi. Belə ki, müxtəlif zaman kəsiklərində Avropaya üz tutan qadınlarımız miqrasiya ilə əlaqədar yeni ölkədə başqa xalqın dilində danışmaq, yaşadıqları ölkələrin qayda-qanunlarına, cəmiyyətinə uyğunlaşmaq, iki mədəniyyət və din arasında yeni nəsil yetişdirmək və s. prosesləri yaşayarkən, Azərbaycan qadınının güclü potensialı üzə çıxıb. Onlar həm də yeni mühitə inteqrasiya etməklə yanaşı Şərq qadınına xas olan köklərə bağlılıq və ailə dəyərlərinə sadiqlik keyfiyyətlərini qoruyub saxlaya biliblər.
Gülşən Kazımovanın sözlərinə görə, “ANA VƏTƏN” Azərbaycanlı Qadınlar Birliyi yalnız Niderlanddakı qadınları bir araya gətirir. Lakin yuxarıda sadalanan problemləri digər Avropa ölkələrindəki azərbaycanlı xanımlar gündəlik həyatlarında yaşayır. “ANA VƏTƏN”in uğurlu təcrübəsini digər ölkələrdəki qadınlarla paylaşmaq yeni yaradılacaq təşkilatın əsas məqsədlərindən biridir. Qeyd edək ki, “ANA VƏTƏN”in Avropanın digər ölkələrindəki azərbaycanlı qadınların toplaşdığı təşkilatlarla sıx əlaqələri var. Yeni yaradılacaq qurum da elə bu əməkdaşlığın bazasına əsaslanacaq.
Gülşən Kazımova onu da deyib ki, qloballaşan dünyada sivilizasiyalararası dialoqun qurulmasında bəşəri və milli dəyərlərin harmoniyasını, sintezini özündə təcəssüm etdirən “Azərbaycan Qadını” fenomeninin təbliği olduqca vacibdir. “Bu gün yeni dünyada müasir Azərbaycan qadınının obrazı ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın simasında təcəssüm edir”- deyən G. Kazımova onu da bildirib ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətindən ruhlanaraq, Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə dünya qadın təşkilatları sırasına qoşulmaqla öz töhfəmizi vermək istəyirik.
Kübra
Səs.- 2009.- 5 noyabr.- № 208.- S. 4.