Azərbaycanın Bədii Gimnastika üzrə XI çempionatı başa çatmışdır
Dekabrın 19-da "ABU arena" idman kompleksində Azərbaycanın bədii gimnastika üzrə XI çempionatının final yarışları keçirilmişdir. Yarışları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Rusiya Gimnastika Federasiyasının vitse-prezidenti, Rusiya yığmasının baş məşqçisi İrina Viner izləmişlər.
Uç gün davam edən yarışlarda Bakı gimnastika məktəbini, Həmkarlar İttifaqlarının Mədəniyyət sarayını, Respublika idman-kompleks məktəbini təmsil edən 36 idmançı iştirak etmişdir. Dekabrın 17-18-də keçirilən çoxnövçülük üzrə yarışlarda 1994-1995-ci il təvəllüdlü idmançılar arasında Aelita Xələfova, Kamilə Məmmədova və Leyla Nərimanzadə mükafata layiq yerləri tutmuşlar. 1992-1993-cü il təvəllüdlü gimnastlar arasında Ceyla Quliyeva birinci, Əzizə Səlimbəyova ikinci, Nigar Mirzəyeva üçüncü yerlərə layiq görülmüşlər. Zeynəb Cavadlı 1990-1991-ci il təvəllüdlü idmançılar arasında birinci yerə, həmin yaş kateqoriyasında Kristina Pavlunina ikinci yerə, Zülfiyyə Əliyeva üçüncü yerə çıxmışlar.
Dekabrın 19-da gimnastlar əşyalarla təmrinlərdə yarışmışlar. Belə ki, iplə təmrinlərdə Zeynəb Cavadlı birinci, Zülfiyyə Əliyeva ikinci, Leyla Şamilova üçüncü yeri tutmuşlar. Topla təmrinlərdə Zülfiyyə Əliyeva qalib gəlmiş, Leyla Şamilova ikinci, Zeynəb Cavadlı üçüncü olmuşlar. Gürzlə təmrinlərdə Zeynəb Cavadlı birinci yerə, Kristina Pavlunina ikinci, Zülfiyyə Əliyeva üçüncü yerə çıxmışlar. Lentlə təmrinlərə görə hakimlər ən yüksək balları Kristina Pavluninaya vermişlər, sonrakı yerlərə Zeynəb Cavadlı və Zülfiyyə Əliyeva layiq görülmüşlər.
Sonda yarışın bütün iştirakçılarının və gənc gimnastların çıxışları ilə qala-konsert olmuşdur. İdman kompleksinin salonuna toplaşmış bədii gimnastika həvəskarları Azərbaycan yığmasının aparıcı gimnastları, dəfələrlə Dünya kubokunun mükafatçıları Dinara Gimatova və Anna Qurbanovanın çıxışlarını maraqla izləmişlər.
Sonra çıxış edən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Çingiz Şamilov Azərbaycan gimnastlarının son nailiyyətlərindən danışaraq, milli federasiyanın prezidenti, idmanın çoxillik, zəngin ənənələrə malik bu növünün dirçəlişi üçün böyük səylər göstərmiş Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmişdir. Gələn ilin yazına planlaşdırılmış Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda bədii gimnastika üzrə Dünya kubokunun yarışları və 2005-ci ilin oktyabrında keçiriləcək dünya çempionatı ölkəmizin dünya miqyasında idman imicinin yüksəlməsinə daha bir sübut olacaqdır.
Həmin gün cari ildə böyük müvəffəqiyyətlər əldə etmiş əməkdar məşqçilərə, idmançılara, federasiyanın işini fəal təbliğ etdiklərinə görə kütləvi informasiya vasitələrinə, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinə milli federasiyanın diplomları təqdim olunmuşdur.
Yekun mətbuat konfransında Azərbaycanın baş məşqçisi Valentina Ukleyina demişdir ki, bu çempionat perspektivli idmançıların üzə çıxarılmasına kömək etmişdir. Onlar dünya gimnastikasında yüksək zirvələr fəth etmək üçün hələ çox məşq edəcəklər.
AzərTAc
2004, 19 dekabr