Mədəniyyətimizin fədaisi
Azərbaycan bəşər mədəniyyətinə parlaq şəxsiyyətlər, misilsiz maddi-mənəvi incilər bəxş edib. "Kitabi-Dədə Qorqud"la, Nizami Gəncəvi ilə başlayan bu oyanış Hüseyn Cavid və Üzeyir Hacıbəyov zirvəsinə ucalmışdır. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq mədəniyyətimizin inkişafına, maddi-mənəvi dəyərlərimizin üzə çıxmasına xüsusi həssaslıqla yanaşan Ulu öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması, tədqiq edilməsi üçün hər cür şərait yaratmışdır. Nəhayət, 1999-cu ildə bu bəşəri sənət abidəsinin 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman imzaladı. 2000-ci ildə isə "Kitabi-Dədə Qorqud" dastanının beynəlxalq səviyyədə 1300 illik yubileyi qeyd olundu. Bu qəhrəmanlıq eposu elə həmin ili YUNESKO-nun nadir sənət abidələri siyahısına salındı. Ulu öndər Heydər Əliyev yubiley mərasimində bu qədim abidəyə böyük qiymət vermişdir: "Azərbaycan xalqı möhtəşəm "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyini böyük bayram kimi təntənəli qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu bayram milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır. Mədəniyyətimizi dünyaya tanıtmaqla Azərbaycanın müstəqil dövlətini dünyaya tanıdırıq". Öz təbii sərvətləri ilə dünyanın marağında olan Azərbaycan artıq maddi-mənəvi abidələri ilə diqqət mərkəzinə çevrildi. 2000-ci ilin dekabrındasa "İçərişəhər" dünya şəhərsalma sənətinin ən nadir memarlıq nümunəsi kimi YUNESKO-nun dünya irs siyahısına daxil edildi. Bunlar ulu öndər Heydər Əliyevin xalqımız, tariximiz qarşısında gördüyü misilsiz xidmətlərdən biri idi. Ulu öndərin qətiyyətli davamçısı müasir düşüncəli siyasi lider Prezident İlham Əliyev son illər Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, səhiyyəsinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı imzaladığı fərmanlar, sərəncamlar, həyata keçirdiyi geniş miqyaslı tədbirlər, görülən işlərin tərkib hissəsidir. Milli-mənəvi dəyərlərimizə, qədim yazılı abidələrimizə olan qayğı milli mədəniyyətimizi formalaşdırmaqla yanaşı, milli şüurun, milli ruhun oyanışında da öz sözünü dedi. Xalqımızı tarixin sınaqlarından çıxaran, əsrlərin kəşməkəşlərindən, tufanlarından, siyasi hərbi çəkişmələrindən xilas edən ən böyük qüvvələrdən biri də mənəvi dəyərlərimiz olmuşdur.
Son zamanlar bəşəri mahiyyət daşıyan qədim adət-ənənələrimizin dünyada tanınmasında və təbliği sahəsində görülən işlər qürur doğurur. Ən qədim və ən zəngin sərvətlərimizdən biri olan muğam sənətinə göstərilən diqqət, qayğı sayəsində bu sənət hazırda özünün qızıl dövrünü yaşayır. Heç bir zaman bu ecazkar sənətə belə yüksək münasibət göstərilməmişdir. Muğam sənətinin, maddi-mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində müstəsna xidmətlər göstərən Ulu öndər Heydər Əliyevin ənənələrini yaşadan və ləyaqətlə davam etdirən respublikanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Artıq respublikamızı beynəlxalq aləmdə tarixinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan sivil bir ölkə kimi tanıyırlar. Görülən işlərin, aparılan siyasətin məntiqi nəticəsidir ki, respublikanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ilin avqust ayında Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanmasında, inkişaf etdirilməsində səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. Onun belə bir mötəbər təşkilatda uğurlu fəaliyyəti nəticəsində az vaxtda YUNESKO ilə Azərbaycan arasında ikitərəfli işgüzar münasibətlər yarandı.
Mehriban xanımın Şərq qadınlarına məxsus təmkini, mədəniyyəti, müstəqil dövlətimizi beynəlxalq məclislərdə ləyaqətlə təmsil etməsi ölkəmiz barəsində yaranan yüksək fikirləri daha da qüvvətləndirdi.
2006-cı ildə onu geniş miqyaslı fəaliyyətinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq gördülər. İki mədəniyyəti, iki sivilizasiyanı təmsil etmək hələ bu günə qədər heç kimə qismət olmayıb. Bu ada yüksək mədəniyyəti, geniş erudisiyası ilə tanınan, Azərbaycan vətəndaşı Mehriban Əliyeva layiq görüldü. Coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən Azərbaycan öz istedadlı, bacarıqlı övladları ilə artıq Şərq və Qərb mədəniyyətini təmsil edən bir ölkəyə çevrildi. Öz mütərəqqi ənənələrilə, incəsənət, musiqi sahəsində yaratdığı yeniliklərlə Şərq üçün örnək olan Azərbaycan bu dəfə milli-mənəvi dəyərlərə hörmətlə yanaşan bir ölkə kimi Qərbə örnək oldu. Dünyanın qloballaşma dövründə bəşəriyyətin yeganə xilasını, qurtuluşunu milli-mənəvi dəyərlərin, mədəniyyətlərin, sivilizasiyaların vəhdətində görən Mehriban xanımın bu istiqamətdə respublikamız üçün əhəmiyyətli tədbirlər və mədəniyyətimizin hərtərəfli təbliğin əhatə edən layihələr həyata keçirdi. Bunun nəticəsi olaraq 2008-ci ildə Bakıda Avropa ölkələrinin mədəniyyət nazirləri çərçivəsində mədəniyyətlərarası dialoqa dair Bakı konfransı reallaşdı. 2009-cu ilin 13 oktyabrında yenə Bakıda İslam Konfransı təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 6-cı konfransı keçirildi. Hələ 2007-ci ildə bu ölkələrin təklifi ilə Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Bunun nəticəsi olaraq yüzdən artıq milli və beynəlxalq tədbirlər, konfranslar keçirilmiş, işgüzar söhbətlər aparılmışdır.
2009-cu il oktyabrın 11-də görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 iliyinə həsr olunmuş beynəlxalq İbn-Ərəbi simpoziumu elm-ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Şərq və Qərb mədəniyyətlər çərçivəsində keçirilən bu tədbirlərdə dünyamızın bu gününün, sabahının əmin-amanlığı ancaq bəşəri dəyərlərin inkişafı sayəsində əldə olunacağı vurğulandı. Az vaxtda Bakı keçmişlə müasirlik arasında bir körpüyə, mədəniyyətlərarası dialoqların paytaxtına çevrildi. Azərbaycan Şərqlə Qərb dünyası üçün yeni bir eranın başlanğıcı sayılan ölkə kimi tanındı. Bakının dünyanın diqqət mərkəzinə çevrilməsi təsadüfi deyil. Yunan əfsanəsinə görə, Prometey odu dünyaya Bakıdan aparıb.
Bugün də, sabah da dünyanın soyumuş damarları Bakı odu ilə qızınacaq. Çünki Azərbaycan qədim İpək Yolunun və beynəlxalq nəqliyyatların, mədəniyyətlərin, sivilizasiyalar dəhlizidir. Gələcəkdə böyük layihələr də burada həyata keçiriləcək. Ona görə də iqtisadçılar və beynəlxalq ekspertlər artıq etiraf edirlər ki, iqtisadiyyatın, mədəniyyətin qovuşduğu bu ölkə gələcəyin, sabahın ölkəsidir.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın gördüyü işlər bu inamı daha da gücləndirir. Onun təşəbbüsü ilə YUNESKO-nun 34-cü sessiyasında 2008-2009-cu illər çərçivəsində Şərqin nadir sənət incisi olan "Leyli və Məcnun" operasının ilk tamaşasının xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileylərinin YUNESKO-da qeyd olunması barədə qərar qəbul edildi. Ecazkar musiqi və şeriyyət abidəsi olan "Leyli və Məcnun" operasının ilk tamaşasının YUNESKO-da qeyd olunması tarixi bir hadisəyə çevrildi. Üzeyir Hacıbəyovun 110 illik yubileyində ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət barədə dediyi fikirlər yada düşür: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. O, Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək 22 yaşında "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmişdir. Azərbaycan tarixi mədəniyyəti, elm, ədəbiyyat, memarlıq sahəsində çox zəngindir. Bizim çoxəsrlik ədəbiyyatımız var. Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif və bunlardan sonra gələn dahilər. Bizim qədim memarlıq abidələrimiz var. Bizim qədim rəssamlıq sənəti nümunələrimiz var. Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerində yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur". Məhz belə bir tarixi şəxsiyyətin və onun dühasının məhsulu olan "Leyli və Məcnun" operasının YUNESKO kimi mötəbər bir təşkilatın səhnəsində dünyaya təqdim olunması ulu öndərin ideyalarının, arzularının həyata keçməsi deməkdir.
Təpədən-dırnağacan məhəbbətdən yonulmuş "Leyli və Məcnun" operası bütün Avropanı fəth etdi, ovsunladı. Təsadüfi deyil ki, Fransa Parlamentinin sədri belə zəngin musiqini dinlədikdən sonra bu ecazkar sənətin onun üçün yeni bir planetin kəşfi qədər maraqlı olduğunu dedi. Şərqdə yeni bir eranın başlanğıcı sayılan və yeni bir oyanışa təkan verən "Leyli və Məcnun" operası 100 ildən sonra Qərb musiqi dünyası üçün oyanış oldu. Azərbaycan mədəniyyətini tanıtmaq, sevdirmək, Azərbaycan barədə fikir formalaşdırmaq hazırda son dərəcə böyük əhəmiyyət kəsb edir. Belə bir vətənpərvərlik missiyasını həyata keçirmək, Avropanı Üzeyir musiqisinin odu ilə isitmək özü də böyük bir vətənpərvərlik işidir. YUNESKO kimi mötəbər bir təşkilatda bu sənət abidəsinin geniş miqyasda qeyd olunması hər bir azərbaycanlı üçün iftixar hissidir. Şərqin ilk operasını Avropa salonlarında görmək Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə olan hörmətdir. Bir zamanlar YUNESKO-da başqa xalqların sənət nümunələrini görəndə hardasa qəlbimizin dərinliyində bir nisgil yaranırdı. "Bəs bizim xalqın bəşəri dəyərləri, sənət inciləri nə vaxt belə bir səhnədə görünəcək?" - deyərdik. İndi müstəqilliyimizin verdiyi imkan sayəsində nəinki bu mötəbər təşkilatın, böyük səhnəsində sənət nümunələrimiz, maddi-mənəvi dəyərlərimiz təbliğ olunur, eyni zamanda bu təşkilatın nüfuzlu, səlahiyyətli nümayəndələrindən biri də müstəqil Azərbaycanın vətəndaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oldu. Onun işgüzarlığı sayəsində sənət nümunələrimizin, dahi şəxsiyyətlərimizin yubileyləri burada qeyd edildi. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi sözləri xatırlayırıq: "Mədəniyyətimizi dünyaya tanıtmaqla, həm də Azərbaycan müstəqil dövlətini dünyaya tanıdırıq". Qısa zamanda bu qədər böyük işlər görmək o qədər də asan deyil. Bu da bir həqiqətdir ki, maddi-mənəvi dəyərlərin təbliği ölkənin tarixinin varlığının təbliğidir. Böyük ədib, görkəmli alim Mir Cəlal Paşayevin yubileyinin YUNESKO-da keçirilməsi də Azərbaycan ədəbiyyatının, incəsənətinin bayramına çevrildi. XX əsr ədəbi-bədii fikir tariximizin görkəmli şəxsiyyəti olan Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafında, onun məzmunca zənginləşməsində müstəsna xidmətlər göstərib. Onun istər bədii irsi, istərsə də ədəbiyyatşünaslığın əsasları ilə bağlı elmi nəzəri tədqiqat əsərləri dünya ədəbiyyatı üçün olduqca maraqlıdır. Mir Cəlal müəllim əruz vəznini tədqiq etməklə klassik poeziyamızı, eyni zamanda Şərq ədəbiyyatını və bütün Şərqi bizə tanıtmışdır. Keçmişimizi tanıtmaqla milli şüurumuzu, milli ruhumuzu oyatmışdı.
"Keçmişini tanımayan, gələcəyinə üz tuta bilməz"- deyiblər. Bədii əsərlərində də insanlığı aliliyə, saflığa səsləyən Mir Cəlal müəllimin tədqiq etdiyi bütün sahələrdə milli təfəkkürü, milli düşüncəni həmişə ön plana çəkib. Mir Cəlal müəllimi Azərbaycansız təsəvvür etmək olmaz. O, təpədən-dırnağacan Azərbaycan ruhunda yoğrulmuş dahi bir şəxsiyyətdir. Belə bir ədibin YUNESKO kimi mötəbər bir təşkilatda 100 illik yubileyinin keçirilməsi hər bir azərbaycanlının ürəyindən keçən bir arzudur. "Ot kökü üstə bitər"- deyiblər. Bu gün Mehriban xanımın Vətən, millət sevgisi təsadüfi yaranmayıb. O, Mir Cəlal od-ocağının işığında dünyanı tanıyıb, özü də işıqlı bir zəkaya çevrilib. Bu istək, bu ruh üstündə köklənən insan, sözsüz ki, Azərbaycan ədəbiyyatını, musiqisini dünyanın hər yerində təbliğ etməyi özünə mənəvi borc bilir. Boyakarlıq sənətinin parlaq siması olan, sadə həyatı ilə füsunkar lövhələr yaradan Səttar Bəhlulzadənin yubileyinin təntənəli qeyd olunması da bu istiqamətdə görülən işlərin nəticəsidir. Ulu öndər Heydər Əliyevin Səttar Bəhlulzadənin 85 illik yubileyində dediyi sözlər onun sənətinə verdiyi qiymətdir. "Xalqımız əsrlər boyu dünya mədəniyyətini, sivilizasiyasına böyük töhfələr vermişdir. Mədəniyyətimizin böyük bir sahəsi rəssamlıq sənətidir. Və bu sahədə də Azərbaycan xalqının dünya mədə-niyyətində öz yeri var. XX əsrdə mədəniyyətimiz bütün sahələrdə sürətli inkişaf edib. Dünya mədə-niyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, Azərbaycan rəssamlıq məktəbində yeni bir məktəb yaratmışdır".
Səttar Bəhlulzadəyə verilən bu qiymət həm də Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə verilən qiymətdir.
Bu gün Azərbaycan elminin dünyada tanınmasına çox böyük ehtiyac var. Musa Əliyev kimi fundamental elmlə məşğul olan görkəmli alimimizin yubileyinin YUNESKO-da keçirilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Azərbaycan həm də dünyada neft sənayesini yaradan ilk ölkələrdən biridir. Təsadüfi deyil ki, neft sənayesində bir çox kəşflər, yeniliklər Azərbaycanla bağlıdır. Belə elm imkanlarına malik respublikamızın elmini hazırda yüksək səviyyələrdə təbliği, dünyada tanıtması iftixar doğurur.
Son illər Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin beynəlxalq səviyyədə təbliği milli-mənəvi dəyərlərimizə də geniş meydan açıb. Məhz bu təbliğatın nəticəsidir ki, 2009-cu ilin mart ayında Novruz bayramı ərəfəsində YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycana gəldi. Onun respublikamıza gəlişi bir tərəfdən Bahar bayramı ilə yaxından tanış olmaqdan ibarət idisə, digər tərəfdən, Azərbaycanın yüksək milli-mənəvi dəyərlərinə, mədəniyyətinə olan hörmətidir. Bir fakt da maraqlıdır ki, postsovet dövründə xalqların milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, tarixinə qoyulan qadağalar Azərbaycan xalqından da yan keçməmişdir. Bütün bunlara baxmayaraq, xalqımız həmişə inamla yaşamış, 1967-ci ildə ilk dəfə olaraq sovet şəraitində Novruz bayramını rəsmi qeyd etmişdir. Ondan 43 il sonra 2010-cu ildə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın böyük işgüzarlığı sayəsində YUNESKO-nun təşəbbüsü əsasında Azərbaycanın BMT-dəki nümayəndəsinin təklifi ilə BMT-nin 64-cü sessiyasında Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunması səsə qoyuldu və 21 mart - Beynəlxalq Novruz Günü kimi elan olundu. Bu faktla Azərbaycan xalqının böyük beynəlxalq tədbirlərdə öz sözü olan qüdrətli bir xalq olduğunu təsdiq etdi. Xalqımızın milli-mənəvi dəyərlərinə nə qədər diqqətlə, məhəbbətlə yanaşdığı bir daha təsdiq olundu. Bu da maraqlıdır ki, Novruz bayramının Şərqdə 3 min ildən artıq bir dövrdə 300 milyon insan qeyd edir. Ancaq bu mərasimi heç yerdə Azərbaycanda olduğu qədər zənginləşən, təntənəli keçirmirlər. 2009-cu ildə "Muğam mərkəzi"nin "İncəsənət muzeyi"nin açılışı, Beynəlxalq Muğam Festivalı tədbirlərinin də Novruz gününə təsadüf etməsi də məhz bu məhəbbətdən, diqqətdən irəli gəlir. İncəsənət muzeyinin açılış mərasimində Prezident İlham Əliyevin dediyi sözlər bu baxımdan daha səciyyəvidir. "Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, birinci beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl muğam mərkəzində keçirilir. Bu, muğam mərkəzində keçirilən ilk beynəlxalq tədbirdir. Muğam mərkəzi bütün muğamsevərləri sevindirəcək, sözün əsl mənasında, muğam evinə çevirəcək. Və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcəkdir. Eyni zamanda bu festivalın Azərbaycanda keçirilən muğam həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir". Muğam sənəti Azərbaycan xalqının, mədəniyyətinin böyük bir hissəsidir. Xalq öz düşüncəsinə, öz arzusuna uyğun sənət formalaşdırıb. Çox maraqlıdır ki, Prezident İlham Əliyev muğam sənətini Azərbaycan xalqının milli-mənəviyyatının bir parçası kimi araya qoydu və yüksək qiymətləndirdi.
Uzun illər xalqımızın müdrikliyi ilə zənginləşən, cilalanan bu böyük sənəti mənəviyyatın yüksək pilləsi adlandırdı. Elə bu tədbirdə YUNESKO-nun baş direktoru Koşiro Matsuuranın dediyi sözlər son illərdə bu sahədə görülən işlərin nə qədər əhəmiyyətli olduğu göstərdi. "Xanım Əliyeva Azərbaycan Milli Məclisinin hörmətli deputatıdır və eyni zamanda YUNESKO-nun xoşməramlı səfiridir. 2004-cü ildən etibarən o, Azərbaycanla YUNESKO arasında ikitərəfli əməkdaşlığın qurulması sahəsində böyük nailiyyətlər əldə edilməsində mühüm rol oynamış, həm də mədəni irsin qorunması, xüsusən də şifahi mədəni irsin nəinki Azərbaycanın, o cümlədən də dünyanın digər yerlərində mədəni irsin qorunması işində çox mühüm tərəfdaş olmuşdur. Buna görə mən Mehriban Əliyevaya minnətdaram".
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanıma verilən bu qiymət ümumən Azərbaycan xalqının ünvanına gələn xoş sözlərdir. Onun beynəlxalq məclislərdə yüksək işgüzarlıqla respublikamızı təmsil etməsi, musiqimizi, milli-mənəvi sərvətlərimizi, ədəbiyyatımızı, incəsənətimizi yorulmadan təbliğ etməsi bir həqiqətdir. Bu təbliğatın nəticəsidir ki, artıq Azərbaycan bir çox sahələrdə öz sözünü deyən, öz mədəniyyəti ilə dünya mədəniyyətinə töhfələr verən bir ölkə kimi tanınır.
Müstəqil Azərbaycan dövlətini sivil, inkişaf etmiş dövlət kimi dünyaya tanıtmaq onun ən böyük arzularından biridir. Ona görə də o, gecəli-gündüzlü yorulmadan bu istiqamətdə böyük işlər aparır. Elə bu günlərdə dünya dini liderlərinin Bakıda bir araya gəlməsi olduqca əhəmiyyətli bir hadisədir. İSESKO-nun baş katibi Osman əl-Tüveyçri mənəvi dəyərlər çərçivəsində keçirilən bu samitin işinə böyük əhəmiyyət vermiş bunları Azərbaycanın milli-mənəvi dəyərləri çərçivəsində aparılan siyasətin tərkib hissəsi kimi qiymətləndirmişdir. Mehriban xanımın son illər gördüyü işləri, mədəniyyətimizin, elmimizin, incəsənətimizin təbliğində fədakarlığını bir məqalədə əhatə etmək mümkün deyil. Demək olar ki, son 40 ildə ölkəmizdə məktəb tikintisi sahəsində bu qədər işlər görülməmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanımın bundan sonrakı fəaliyyəti də Azərbaycanımızın çiçəklənməsinə və inkişafına xidmət edəcək. Azərbaycanı dünyada tanıtmaq üçün Ulu öndər Heydər Əliyevin başladığı işi ləyaqətlə davam etdirəcək.
Kamil Quliyev
Respublika.- 2010.- 12 may.- № 100.- S. 12.