Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Buxarestdə görüşləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva oktyabrın 11-də Rumıniya prezidentinin iqamətgahında "Kortoçen" sarayında yerləşən muzeylə tanış olmuşdur.

XVII əsrin tarixi abidəsi olan "Kortoçen" sarayında qorunub saxlanılan dəyərli eksponatlar barədə Mehriban xanım Əliyevaya ətraflı məlumat verildi.

Rumın xalqının qədim tarixinə, etnoqrafiyasına aid eksponatlar, o cümlədən müxtəlif dövrləri əks etdirən məişət əşyaları, incəsənət nümunələri hörmətli qonaqda böyük maraq doğurdu.

Oktyabrın 12-də Mehriban xanım Əliyeva Buxarestdə Tudor Vianu adına milli kollecdə olmuşdur.

Kollecin direktorunun otağında çay süfrəsi ətrafında söhbət zamanı Mehriban xanım Əliyevaya buradakı təhsil sistemi haqqında məlumat verildi. Bildirildi ki, 6-cı sinifdən yuxarı şagirdlərin təhsili aldığı kollecdə müasir informasiya-texnologiya mərkəzi fəaliyyət göstərir. Mehriban xanım bu mərkəzlə, habelə sinif otaqları və dərs prosesi ilə tanış oldu.

Kollecin rəhbərliyi tərəfindən hörmətli qonağa hədiyyə təqdim olundu Mehriban xanım Əliyeva isə bu təhsil ocağına Azərbaycan mədəniyyəti haqqında kitablar hədiyyə etdi.

Sonra Mehriban xanım Əliyeva burada Rumın Press informasiya agentliyinə müsahibə verdi və jurnalistin sualına cavabında Buxarestdə olan mədəniyyət abidələrindən xoş təəssürat aldığını, kolleclə tanışlıqdan məmnunluğunu söylədi.

Muzey və kolleclə tanışlıq zaman Mehriban xanım Əliyevanı Rumıniyanın iqtisadiyyat və ticarət nazirinin xanımı Yelena Popesku müşayiət edirdi.


AzərTAc
2004, 13 oktyabr