Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər geniş coğrafi məkanı əhatə edib


Dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə ölkəmizə olan diqqəti daha da artırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və marağın, sferanın genişlənməsində önəmlidir. Mehriban xanım Əliyeva milli dəyərlərimizin təbliğinə irimiqyaslı layihələri çərçivəsində nail olur və sübut edir ki, mədəniyyət və incəsənət ölkə həqiqətlərinin təqdimində bir açardır.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılmışdır. Üç il ərzində Paris, Berlin, Moskva, Roma, Vyana və başqa şəhərlərdə təşkil edilən “Bakıya uçuş” yerli sakinlərin böyük marağına səbəb olmuşdur.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər geniş coğrafi məkanı əhatə edib. Birmənalı şəkildə deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Bu tədbirlər, layihələr Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsənəti və tarixinin təbliği ilə yanaşı, ölkələrarası mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önəmlidir.

Fondun dəstəyi ilə keçirilən musiqi tədbirləri, ənənəvi muğam festivalı, Qəbələ beynəlxalq musiqi festivalı və Rostropoviç klassik musiqi festivalı və s. tədbirlər Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliğində gördüyü işlər sırasındadır. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəbləri yaradılması qədim və zəngin mədəni irsə olan diqqətdir. Əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, memarlıq abidələrinin qorunması və təbliğində qətiyyətli addımlar dünyada sakit qarşılanmır. Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən Azərbaycan müasir ölkə kimi də təqdim olunub. Qeyd edək ki, belə tədbirləri təşkili ölkələr arasında əlaqələrin genişlənməsinə də töhfəlrəini vermiş olur. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimində vurğuladığı kimi, Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir. Mehriban Əliyeva son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı da maddi mədəniyyət abidələrimizin-xalçaçılıq sənətinin təbliğində əhəmiyyətlidir. “Azərbaycan xalçaları incəsənətdə” sərgisindəki əsərlər ilk dəfə nümayiş olunub. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz “Azərbaycan xalçaları incəsənətdə” sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradıb.

Diqqətə çatdıraq ki, sərgidə xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri də nümayiş olunub. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya da təqdim edilib. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir. Bütün bu nümunələr Azərbaycanın xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu bir daha təsdiqləyir.

Kann şəhərinin meri David Lisnar çıxışında “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”- vurğulaması əbəs deyildir. Azərbaycan mədəniyyətini belə qiymətləndirilməsi əlbəttə ki, milli-mənəvi dəyərlərimizin dünya miqyasında təbliğindən qaynaqlanır.


Z. Bayramova

Səs.- 2015.- 14 avqust.- № 148.- S. 5.