Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Rusiyanın balet ulduzları Respublika Sarayının səhnəsində


Xəbər verdiyimiz kimi, iyunun 18-də Respublika Sarayında Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyevin, habelə Moskvanın «Rus baleti» Dövlət Teatrının iştirakı ilə balet gecəsi keçirilmişdir. Azərbaycanın Milli Qurtuluş gününə həsr olunmuş gecənin təşkilatçıları Azərbaycan Mədəniyyətinin Dostları Fondu və «Most-bank Azərbaycan» Kommersiya Bankı idi.

Salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar.

Gecənin əvvəlində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvü, xalq artisti Fərhad Bədəlbəyli və «Media-most» birliyinin Baş direktorunun müavini Heydər Babayev dünya incəsənət ulduzlarının Azərbaycana gəlməsi üçün lazımi imkan və şərait yaratdığına görə ölkəmizin rəhbəri Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Nadejda Pavlova və Vyaçeslav Qordeyev, habelə «Rus baleti» teatrının artistləri Çaykovskinin, Qriqin, Hendelin və digər xarici bəstəkarların baletlərindən partiyaları ifa etdilər.

Prezident Heydər Əliyev böyük uğurla keçən konsertin fasiləsi zamanı ictimaiyyətin və ziyalıların nümayəndələri ilə səmimi söhbət etdi.

* * *

Dövlətimizin başçısı balet gecəsi başa çatdıqdan sonra səhnə arxasına gələrək görkəmli sənətkarlarla görüşdü və uğurlu çıxışlarına görə onlara ürəkdən təşəkkürrünü bildirdi.

Prezident Heydər Əliyev dedi:

− Sizin hamınızı gözəl çıxışınız münasibətilə təbrik edirəm. Bu gün bizdə incəsənət bayramı, balet bayramıdır. Hər şeydən öncə sizə Azərbaycana, Bakıya gəlməyə imkan tapdığınıza və bugünkü gözəl çıxışınızı iyunun 15-də qeyd etdiyimiz Milli Qurtuluş günümüzə həsr etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Respublikamıza, xalqımıza böyük diqqətinizə görə sağ olun.

Siz çıxışınızı layiqincə alqışlayan bütün tamaşaçılara böyük sevinc və zövq verdiniz. Siz Bakıya ilk dəfə gəlmişsiniz. Rus baletinin gözəl ustaları Nadejda Pavlova, Vyaçeslav Qordeyev və bütün bu qədd-qamətli, qəşəng balerinalar Bakıya ilk dəfə gəlmişlər. Siz bu gün çox əla rəqs etdiniz. Bu, böyük bayramdır və yəqin hiss etdiniz ki, tamaşaçılar sizi səhnədən buraxmaq istəmirdilər. Mən çox şadam ki, siz öz gözəl sənətinizi bizim tamaşaçılarımıza, xalqımıza göstərdiniz. Mən şadam ki, bu gün Saraya toplaşmış ictimaiyyətimiz sizi bir daha şəxsən gördü. Çünki siz böyük incəsənət ustalarısınız və sizinlə hər görüş estetik zövqdən başqa, həm də böyük hadisədir. Çox sağ olun. Sizə ürəkdən təşəkkür edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Siz hamınız gözəl formadasınız və öz parlaq sənətinizi hələ uzun illər nümayiş etdirəcəksiniz. «Rus baleti» ən yüksək sənətkarlıq nümayiş etdirir. Mən şadam ki, «Rus baleti» öz layiqli adını, ənənələrini saxlayır və siz bu gün bunu çox gözəl nümayiş etdirdiniz. Bir daha çox sağ olun.


Azərbaycan.- 1998.- 20 iyun.- № 139.- S. 1.