Bədii gimnastika üzrə dünya çempionatına yekun vuruldu
Sentyabrın 7-də Yaponiyanın Mie şəhərində start götürən bədii gimnastika üzrə dünya çempionatına ayın 13-də yekun vurulub. Yarışda ölkəmizi fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və qrup hərəkətləri üzrə yığmamız təmsil ediblər.
Çempionatın ilk günlərində gimnastlarımızın əldə etdikləri nəticələr barədə ötən sayımızda xəbər vermişdik. Xatırladaq ki, yarışda Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlıdan ibarət yığmamız komanda hesabında 258,525 xalla üçüncü olub. Birinci yeri 282,175 xalla Rusiya gimnastları tutublar. Belarus komandası isə 262,825 xalla gümüş medal qazanıb. Ayrı-ауrı hərəkətlərin finalında lentlə çıxışı da 27,325 xal toplayan gimnastımız Aliyə Qarayeva isə gümüş medala layiq görülüb. Qeyd edək ki, bu ilin may ayında bədii gimnastika üzrə ölkəmizdə keçirilən Avropa çempionatında da gimnastlarımız komanda yarışlarında bürünc medala yiyələnmişdilər.
Dünya çempionatının son iki günü qrup hərəkətləri üzrə yığmalar bacarıqlarını nümayiş etdiriblər. Qrup hərəkətləri üzrə yığmamızın heyətində yer alan Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova və Stefani Trayanovanın ilkin təsnifat mərhələsində 5 halqa ilə çıxışları 25,600 xalla, 3 lent/2 iplə çıxışları isə 24,900 xalla qiymətləndirilib. Nəticədə final mərhələsinə vəsiqə qazanan gimnastlarımız 5 halqa ilə hərəkətlərin icrasına görə 23,475 xal toplayaraq 7-ci pillədə qərarlaşıblar. 3 lent/2 iplə hərəkətlərin finalında isə təmsilçilərimiz 25,225 xalla 6-cı olublar; 5 halqa ilə hərəkətlərdə qələbəni Rusiya qrup yığması, 3 lent/2 iplə hərəkətlərin icrasında isə İtaliya gimnastları qazanıblar. Qrup yığmamız iki hərəkətin cəminə əsasən 50.500 xalla (5 halqa və 3 lent, 2 ip) çoxnövçülük yarışında 4-cü yeri tutub.
Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında bədii gimnastika üzrə Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti və yığma komandanın baş məşqçisi İrina Vinerin qrup yığmamızın dünya çempionatındakı çıxışı ilə bağlı fikirləri yer alıb. "Azərbaycan komandasının əla çıxışı! Gözəl məşqçi və аnsambl. Bütün Rusiya nümayəndə heyəti Azərbaycan gimnastlarına azarkeşlik edirdi. İki finaldan ikisi - yaxşı nә ola bilər? Azərbaycan komandasına uğurlar və özünəinam arzulayıram. Unutmayın, şans həmişə var. Sadəcə, onu vaxtında və düzgün istifadə etmək lazımdır", - deyə o bildirib. Qeyd edək ki, Nataliya Bulanova dünya çempionatında ölkəmizi hakim kimi təmsil edib.
Olimpiya dünyası.- 2009.- 15-17 sentyabr.- № 65.- S. 3.