Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycan akrobatları və gimnastları Ukrayna və Estoniyada keçirilmiş beynəlxalq turnirlərdə uğurla çıxış etmişlər


Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilmiş “Zvezdı nad Buqom-2008” beynəlxalq turnirinin qalibi olmuşlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət qrup final yarışlarında uğurla çıxış etmişdir.

Ayla Əhmədova və Dilarə Sultanova cütlüyü isə turnirin bürünc mükafatçısı olmuşdur.

Azərbaycan gimnastları da bu mövsümdə ilk medallarını qazanmışlar. Bolqarıstanda bir ay təlim-məşq toplanışlarında iştirak etmiş Azərbaycanın qrup hərəkətləri komandası Estoniyada keçirilmiş “Miss Valentina” turnirində rəqib komandalara nümayiş etdirmişdir ki, dünyanın məşhur “Levski” klubunda məşqlər nəticəsiz qalmır. Qrupun məşqçisi Mariana Vasilyeva çoxnövçülük yarışlarında 31.73 balla qazanılmış bürünc medallardan razı qalmışdır. Özü də ikinci yeri tutmuş Ukrayna komandası Azərbaycan qrupunu cəmi yüzdə 5 bal qabaqlamışdır.

Şəxsi yarışlarda Anna Qurbanova 32 gimnast arasında 5-ci, Zeynəb Cavadlı 13-cü yeri tutmuşlar. Yeniyetmələrin yarışında isə 42 iştirakçı arasında Nigar Əbdüsəlimova iplə hərəkətlərdə 16-cı, Səbinə Abbasova isə halqa ilə 19-cu nəticəni göstərmişlər.

Martın 1-2-də Moskvada Qran-pri yarışlarının birinci mərhələsi keçiriləcəkdir. Yarışlarda Aliyə Qarayeva iştirak edəcəkdir. 3 gün sonra isə Bakıda Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə XV açıq Azərbaycan çempionatı başlanacaqdır. Turnirdə aparıcı gimnastlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan idmançılarının çıxışları da gözlənilir.


AzərTAc
2008, 25 fevral