Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Sabunçu və Əzizbəyov rayonlarında bir sıra obyektlərin açılışında iştirak etmişdir


Uşaqlara qayğı ölkəmizin gələcəyinə qayğıdır

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fondun təşəbbüsü ilə tikilib yenicə istifadəyə verilmiş 231 nömrəli uşaq bağçasında olmuşdur.

Uşaqlar Mehriban xanımı gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar.

Kollektivin, valideynlərin müraciətlərinin araşdırılması nəticəsində müəyyən edilmişdi ki, bağçanın yerləşdiyi bina tam yararsız vəziyyətdədir. Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada 80 yerlik yeni uşaq bağçası inşa edildi. Müasir avadanlıqla təchiz olunan bağçanın yeməkxanası, camaşırxanası və yaşıllıqlar salınmış həyətyanı sahəsi də vardır. 2 nömrəli uşaq evinin Fonda çoxsaylı müraciətləri nəzərə alınaraq, uşaqların yay tətilini səmərəli təşkil etmək üçün hazırda bağça müvəqqəti olaraq onların istifadəsinə verilmişdir. İndi burada valideyn himayəsindən məhrum olmuş 3-14 yaşlı 80-dək uşaq dincəlir.

Mehriban xanım bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə baxdı, görülmüş işlərlə yaxından tanış oldu. Qrup, yataq otaqları, tibb məntəqəsi, tərbiyəçilər kabineti və s. otaqların təzə avadanlıqla təchiz edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi. Foyedəki "Heydər Əliyev Fondu", "Uşaqların əl işləri" foto və rəsm sərgilərinin də zövqlə tərtib edildiyi bildirildi.

Uşaqlarla hal-əhval tutan Mehriban xanım onların yay istirahətinin necə keçməsi ilə maraqlandı. Hər gün avtobuslarla, müəllimlərin nəzarəti ilə Xəzərin sahilinə gəzintiyə getdiklərini həvəslə bildirən uşaqlar buranın təmiz havasının, sərinliyinin onlara xüsusi zövq verdiyini, yeməklərin keyfiyyətindən, çeşidlərindən məmnun qaldıqlarını söylədilər. Növbə ilə digər yoldaşlarının da buraya gəlib dincələcəklərini vurğuladılar, yaradılmış rahatlığa, onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma səmimi sözlərlə təşəkkür etdilər.

Mərdəkan mədəniyyət sarayı yeni görkəm almışdır

İyunun 14-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə müasir tələblər səviyyəsində yenidən qurulmuş Mərdəkan mədəniyyət sarayının təntənəli açılış mərasimi olmuşdur.

Mehriban xanım Əliyeva əzəmətli görkəm almış sarayın açılışını bildirən lenti kəsdi.

Bakının Əzizbəyov rayonu ictimaiyyəti nümayəndələrinin toplaşdığı mərasimdə Mehriban xanım Əliyeva son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, buna əsaslanaraq Heydər Əliyev Fondunun bütün ölkə ərazisində təhsil, səhiyyə, mədəniyyətlə bağlı həyata keçirdiyi layihələrdən söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman mədəni irsə böyük önəm vermiş, onun qorunaraq gələcək nəsillərə çatdırılmasını vacib məsələ hesab etmişdir. Ulu öndərimizin adını daşıyan Fond da onun yolunu davam etdirərək, milli-mənəvi dəyərlərin qorunmasını, xalqımızın zəngin mədəniyyətinin dünyada tanıdılmasını əsas vəzifələrindən biri sayır. Mərdəkan mədəniyyət sarayının yenidən qurularaq, yüksək səviyyəli mədəniyyət ocağına çevrilməsi də bu istiqamətdə görülən işlərin bir nümunəsidir. Əminik ki, qapılarını yenidən açan saray ölkəmizin aparıcı mədəniyyət ocaqlarından birinə çevriləcəkdir.

Mədəniyyət sarayının binası 1961-ci ildə istifadəyə verilmişdi. Uzun illər uğurla fəaliyyət göstərən saray ölkəmiz üçün gərgin keçən 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində bir çox sosial-mədəni obyektlər kimi istifadəsiz qalmış, baxımsızlıqdan tamamilə yararsız və qəzalı vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun prezidenti, Əzizbəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sarayda əsaslı yenidənqurma işləri görülmüş, bina büsbütün yeni görkəm almışdır.

Mehriban xanım Əliyeva sarayın qarşısındakı yaraşıqlı fəvvarə ətrafında rəqs edən gəncləri salamladı, milli memarlıq elementləri ilə bəzədilmiş foyeni, salonu və otaqları gəzərək ən müasir, yüksək zövqə uyğun quraşdırılmış avadanlıqla, ümummilli liderimiz Heydər Əliyevin büstü qoyulmuş konfrans salonu ilə tanış oldu. Ayrı-ayrı dərnəklərdə məşğələ və məşqlərin keçirilməsinə baxdı, mumdan sürətlə, bacarıqla hazırladığı fiqurlarla müəllimləri və uşaqları təəccübləndirdi. Sərgi salonuna baxan Mehriban xanıma məlumat verildi ki, buradakı "Dədə Qorqud", "Novruz gəlir", "Fantaziya", "Bahar çələngi" kompozisiyaları bir sıra xarici ölkələrdə və YUNESKO-nun iqamətgahında da nümayiş etdirilmiş, maraqla qarşılanmışdır.

Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir. Sarayın 374 nəfərlik böyük salonunun səhnəsində müasir videomonitor quraşdırılmış, işıq və səs sistemləri yeniləşdirilmişdir. Hazırda ümumi sahəsi 4641 kvadratmetr olan sarayda 150 nəfərlik kiçik salon, mühazirə və rəqs salonları da var. Bədii özfəaliyyət kollektivlərinin fəaliyyəti bərpa olunmuşdur. 10-dan artıq dərnək fəaliyyət göstərir. Mədəniyyət sarayının təxminən 10 min nüsxə kitabdan ibarət fondu olan kitabxana əvvəlki kimi minədək deyil, 6-7 min oxucuya xidmət göstərə biləcəkdir. Yeni təşkil olunmuş elektron kitabxananın xidmətindən isə gün ərzində 40-50 nəfər istifadə edə bilər. Hazırda sarayda 60 nəfər üçün iş yeri açılmışdır.

Açılış günü sarayda Milli qurtuluş gününə həsr edilmiş konsert olmuşdur.

Şüvəlanda təzə məktəb tikilir

Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın seçicilərlə görüşlərində verdiyi vədlərə ardıcıl əməl etməsini rayon sakinləri minnətdarlıqla vurğulayırlar. Son ilyarımda görülən işlər sayəsində ən çox dəyişilən qəsəbələrdən biri də Şüvəlandır.

Mehriban xanım iyunun 14-də qəsəbədəki 156 nömrəli məktəb üçün binanın tikintisində işlərlə tanış olmuşdur.

1935-ci ildə inşa olunmuş köhnə məktəbdə 700 şagird təhsil alırdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində tikilən və 1050 şagird üçün nəzərdə tutulan yeni bina sentyabrda istifadəyə veriləcəkdir.

Mehriban xanım Əliyeva məktəbin layihəsi ilə yaxından tanış oldu, fasadın görünüşü, sinif otaqlarının, istilik sisteminin, idman salonunun, yeməkxananın, digər otaq və kabinetlərin avadanlıqla təchizatı, tərtibatı ilə bağlı tövsiyələrini verdi.

Zirə günbəgün dəyişir

Zirə qəsəbəsinin sakinləri Mehriban xanımı ən yaxın, doğma adamı kimi qarşıladılar. Son iki ildə dəfələrlə burada olmuş deputatın gəlişinə ən çox sevinən isə Badam nənə oldu. Xatırladaq ki, Mehriban xanım Zirədə olarkən 80 yaşlı bu tənha ağbirçəyin evinə də getmiş, onun mənzilinin təmirinə, avadanlıqla təminatına kömək etmişdi. Bu dəfə də "qızımsan, balamsan, mən səninlə nəfəs alıram", - deyib Mehriban xanımı bağrına basan Badam nənə ətrafdakıları da kövrəltdi.

Ağsaqqallar qəsəbədə son ilyarımda görülən işlərin uzun siyahısını xatırladaraq, uzun illər ərzində heç bu qədər iş görülmədiyini, əvvəllər çoxlu problemlər, çatışmazlıqlar üzündən qəsəbədən gedən sakinlərin, xüsusən cavanların təzədən qayıtdıqlarını bildirdilər.

Mehriban xanım Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını sakinlərə çatdırdı, onları Milli qurtuluş günü münasibətilə təbrik etdi. O, nəinki bu qəsəbədə, Əzizbəyov rayonunda, respublikamızın hər yerində geniş quruculuq işlərinin aparıldığını, Prezidentlə birlikdə rayonlara səfərlər zamanı baş verən dəyişikliklərin canlı şahidi olduğunu, xalqın həyat səviyyəsinin yüksəldiyini vurğuladı. Sakinlərin təklifini nəzərə alaraq, bu günlərdə Türkan və Hövsan qəsəbələri arasındakı yolun 7 kilometrlik məsafəsinin asfaltlaşdırılmasına başlanılacağını da bildirdi.

Qəsəbənin nüfuzlu sakinlərindən olmuş Seyidmirdamət ocağının övladları Mehriban xanımı çay süfrəsinə dəvət etdilər. Mehriban xanım dəvəti razılıq hissi ilə qəbul etdi. Sonra isə ailənin üzvləri, qəsəbənin sakinləri ilə xatirə şəkli çəkdirdi.

Heydər Əliyev Fondunun prezidenti Zirədə təzə salınan park kompleksi, poliklinikanın tikintisi ilə də tanış oldu.

Bildirildi ki, park əvvəllər istifadəsiz sahə olan 1,7 hektar ərazidə salınır. Burada mədəniyyət evi, səadət sarayı və qəsəbə stadionunun inşası da nəzərdə tutulmuşdur. Mədəniyyət evində kitabxana, konfrans salonu, dərnəklər, kompyuter otaqları fəaliyyət göstərəcəkdir. Səadət sarayı isə eyni vaxtda 500 nəfərə xidmət göstərə biləcəkdir. Stadionun universal meydançası, işıqlandırma sistemi və 200 nəfərlik tribunası olacaqdır. Bu obyekt Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramına uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən tikilir. Həmin proqram çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən tikilən poliklinika oktyabr ayında təhvil veriləcəkdir. Burada 18 nömrəli təcili tibbi yardım stansiyasının və doğum şöbəsinin yaradılması da nəzərdə tutulur.


Xalq qəzeti.- 2007.- 15 iyun.- № 130.- S. 4