Azərbaycan, Koreya və Türkiyə rəssamlarının əsərlərinin sərgisi açılmışdır
Azərbaycan Mədəniyyətinin Dostları Fondu və "SEBA" Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda Koreya mədəniyyəti günləri çərçivəsində iyunun 26-da Səttar Bəhlulzadə adına sərgi salonunda Azərbaycan, Koreya və Türkiyə rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, "SEBA" Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının rəhbəri Ruhəngiz Heydərova, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Koreyanın ölkəmizdəki səfiri Li Çxor Qvan və Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi qurumunun nümayəndələri çıxışlarında bu sərginin təşkilinə göstərdiyi köməyə görə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Bu sərginin Azərbaycanın mədəni həyatında çox önəmli bir hadisə olduğunu, Koreya mədəniyyətini Azərbaycan İctimaiyyətinə yaxından tanıdacağını, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcəyini söyləyən natiqlər vurğuladılar ki, mədəniyyət günlərinin keçirilməsi ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığına gözəl nümunədir. Xalqlarımızın dostluq və qardaşlığı bundan sonra daha da inkişaf edəcək, qarşılıqlı ünsiyyət nəticəsində mədəniyyətlərimiz zənginləşəcəkdir.
Sonra iştirakçılar hər üç ölkə rəssamlarının sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış oldular.
Xalq qəzeti.- 2005.- 28 iyun.- № 146.- S. 2.