Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr beynəlxalq aləmdə əks-səda doğurur


Yola saldığımız 2011-ci il Azərbaycanın ictimai, siyasi, mədəni həyatında yaddaqalan bir tarixə çevrildi. Ölkədə əmin-amanlığın, sabitliyin hökm sürməsi böyük sıçrayışların baş verməsinə gətirib çıxardı. Azərbaycan müstəqillik tarixinin 20-ci ildönümünü qeyd etdi. Bu tarixi çərçivədə ölkəmiz regionun lider dövlətinə çevrilmiş, respublikamızda bütün sahələrdə sürətli inkişaf özünü büruzə vermişdir.

Bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı ölkələri Azərbaycanı strateji tərəfdaş olaraq qəbul edir. Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Regiondakı irimiqyaslı layihələrin Azərbaycanın iştirakı ilə həyata keçirilməsi fikirlərimizi əsaslandıran amildir. Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən dövlətdir. Bütün bunlarla yanaşı, Azərbaycanın Avropaya inteqrasiya prosesi sürətlənib. Bu, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək və münasibətləri qarşılıqlı maraqlar və dostluq əsasında qurmaq məqsədi daşıyır.

Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Azərbaycan səhiyyəsinə, təhsilinə, mədəniyyətinə, idmanına böyük qayğı ilə yanaşan Heydər Əliyev Fondu bu və ya digər missiyaları həyata keçirməklə Ümummilli Liderin ideyalarına sadiq qaldığını nümayiş etdirir. Fond yarandığı zamandan bu günə qədər Heydər Əliyevin zəngin irsini öyrənmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yerli və beynəlxalq əhəmiyyətli uğurlara imza atır. Qurum bir-birinin ardınca prioritet istiqamətlərdən olan sosialyönlü, humanitar sahələrində layihələri həyata keçirməklə dünya dövlətlərinin diqqətini ölkəmizə cəmləşdirmişdir. Fond tərəfindən Azərbaycanda səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrinin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması kimi əhəmiyyətli məsələlərə önəm verilir. Mehriban xanım Əliyeva tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə müəssisələrinin yenidən qurulması işlərinin həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Ana və uşaq sağlamlığının qorunması fondun diqqətdə saxladığı əsas sahədir. Bu baxımdan fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqramlar və layihələr Azərbaycanda tibb sahəsinin inkişafına əvəzsiz töhfələr verir. Yola saldığımız ötən il ərzində Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin, Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin açılışı və digər belə müəssisələrin istifadəyə verilməsi fondun insanların sağlamlığına göstərdiyi diqqətin nümunəsidir.

Fondun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 300-dən artıq məktəb binası inşa edilib istifadəyə verilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci il ərzində inşa olunan, təmir və bərpa etdirilən məktəb binalarının sayı da kifayət qədərdir. Bu tədris müəssisələri sırasında Samux rayonunda yeni məktəb binası, Xaçmazın Şimali kəndində inşa olunmuş orta məktəb binası, Qəbələ rayonunun Nic qəsəbəsində yeni məktəb binası, Bakının Xəzər rayonunda inşa olunmuş bir neçə təhsil müəssisəsinin yeni binaları, eləcə də Gürcüstanda yeni məktəb binaları və s.istifadəyə verilmişdir. Müasir üslubda inşa olunan və avadanlıqlarla təmin edilən təhsil müəssisələri təhsilin keyfiyyətini yaxşılaşdırılmasına töhfələrini verir.

Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşdiyindən bu məkanda qədim mədəniyyətlər öz izini salıb. Məhz bu tarixi özündə ehtiva edən Azərbaycanın incəsənətini, mədəniyyətini dünya ictimaiyyətinə təqdim edən fond dövlətin qədim tarixinin və ənənələrinin əyani göstəricilərini ortaya qoymuş oldu. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin, muğamının dünyada təbliği işinə də verdiyi töhfələrin əhəmiyyəti danılmazdır. Bunun nəticəsi olaraq Kanadada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “İlahi muza - Azərbaycan muğamının hamisi” adlı abidəsi qoyuldu.

Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi istifadəyə verildi. Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisəyə çevrildi. Bu hadisənin unikallığı ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzi oldu.

Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi bu və ya digər layihələr dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur. Dünyanını nüfuzlu mətbu orqanlarının fondun reallaşdırdığı layihələrlə bağlı əks-səda doğuran məqalələri, həqiqətən də, Mehriban xanım Əliyevanın fəaliyyətinin izlənildiyini, diqqətədən kənarda qalmadığını göstərir. Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan “Altın körpü” jurnalı, Bişkekdə nəşr edilən “Türkel”, Almatıda çıxan “Vətən” qəzetlərində, Pakistanın nüfuzlu “States times” və digər onlarla belə beynəlxalq mətbu orqanlarında qəzetində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın humanist missiyalı fəaliyyəti birmənalı olaraq qiymətləndirilib.

Hər il olduğu kimi, yola saldığımız ötən il ərzində də bütün görülən işlər dünyanın nüfuzlu ölkə və təşkilatlarının belə diqqətindən yan ötmədim. Belə ki, bu yaxınlarda İNTERPOL-un bu il təsis etdiyi “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalının Mehriban xanım Əliyevaya təqdimi onun gördüyü işlərə verilən diqqətin bir nümunəsidir. Mehriban xanım Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.

Fondun həyata keçirdiyi məqsədyönlü fəaliyyətin müqabilində nailiyyətlərin bir-birini əvəzləməsinin nəticəsi olaraq Azərbaycan 2011-ci ildə YUNESKO Baş Konfransının vitse-prezidenti seçildi. Ölkəmizin Almaniya, ABŞ, Çin, Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada YUNESKO-nun ən mötəbər və mühüm qurumuna vitse-prezident seçilməsi Azərbaycanda bütün sahələrdə gedən inkişafın və birinci xanımın, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizlə qurum arasında yaranmış əlaqələrin bariz göstəricisidir.

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Fransa respublikasının “Şərəf legionunun zabiti” dövlət ordeni ilə təltif olundu.

Sadalamaqla sona yetməyən nailiyyətlər Heydər Əliyev Fondunun həyata keçirdiyi əhəmiyyətli layihələrin məntiqidir. Qurumun təşkilatçılığı və səmərəli əlaqələrinin davamı olaraq dövlətlər arası formalaşmış sıx əməkdaşlığı Azərbaycanın nüfuzunun daha da artmasına yönəlib.


Nəzakət Ələddinqızı

Səs.- 2012.- 6 yanvar.- № 1.- S. 6.