Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Nəcib əməllərin davamçısı


Azərbaycan cəmiyyətində qadınlar aparıcı mövqe tutmuşlar. Bu, bəlkə də mentalitetimizdə qadına olan yüksək hörmət və ehtiramdan irəli gəlir. Demokratiya yolu ilə addımlayan Azərbaycanda qadınlar bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Onlar rəhbərlik etdikləri təşkilatlarda yüksək fəallıq göstərir, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bütün bunlar həyatımızın daha da yaxşılaşdırılmasına xidmət etməklə, eyni zamanda onların özlərinə böyük nüfuz qazandırır.

Ölkəmizin birinci xanımı Mehriban Əliyeva özünün keçdiyi ömür yolu və çoxşaxəli ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olmuşdur. Bu nüfuz, ehtiram bütün fəaliyyətini xalqına həsr etmiş fədakar, vətənpərvər bir övladın, ləyaqətli vətəndaşın tam mənəvi haqqıdır. Elə insanlar var ki, öz varlıqları ilə elə-obaya şan-şöhrət gətirirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri ilə doğulduqları torpağın, sahibi olduqları vətənin şərəfini uca tuturlar. Belə övladların həyatı xalqa həmişə qürur gətirir.

Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyəti ilə seçilir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan-İrs" jurnalının Baş redaktorudur. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Qaçqın və məcburi köçkün ailələrinin övladlarına, yardıma və qayğıya ehtiyacı olan əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək göstərir. Xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün əlindən gələni edir. Ağır, gərgin, səmərəli fəaliyyəti sakit, rahat həyatdan üstün tutur, çünki canından artıq sevdiyi Azərbaycanın taleyinə laqeyd qala bilmir. Bunu özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva xarici səfərləri zamanı da ilk növbədə uşaqların taleyi və uşaq müəssisələri ilə maraqlanır. Bu da onun qayğıkeş, gözəl ana olmasından irəli gəlir.

Gözəllik, xeyirxahlıq, sədaqət kimi ülvi keyfiyyətləri təcəssüm etdirən Mehriban xanım Əliyevanı, sözün əsl mənasında, böyük hərflə yazılan AZƏRBAYCAN QADINI adlandıra bilərik.

Azərbaycan qadınlarının ən gözəl xüsusiyyətlərini, mənəvi keyfiyyətlərini özündə birləşdirən Mehriban xanım iki böyük qadının - Zərifə Əliyevanın və Aida İmanquliyevanın zəngin mənəviyyatından bəhrələnərək istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini ləyaqətlə davam etdirir. Mehriban xanımın fəaliyyətinin bütün istiqamətlərinə nəzər salsaq, bir daha onun xalqımızın milli sərvətlərinə, tarixinə, mədəniyyətinə, incəsənət xəzinəsinə həssas münasibətinin şahidi olarıq. İllərdən bəri rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun xətti ilə təşkil etdiyi tədbirlər birbaşa mədəniyyətimizin, incəsənətimizin qorunub saxlanmasına və təbliğinə xidmət edir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan - İrs" jurnalı Azərbaycan həqiqətlərinin dünyaya yayılması yolunda mühüm iş görür. Bu yurnalın materialları Azərbaycan mədəniyyətinin, yaşadığımız cəmiyyətin uğurlarını, problemlərini əks etdirir.

Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. Xüsusən onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara qayğısı cəmiyyətdə minnətdarlıqla qarşılanır. Heydər Əliyev Fondu adından qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün Yeni il şənliyi təşkil etməsi, uşaq evlərinə qayğısı onun humanist bir insan olduğunu sübut edir. Mehriban xanım Əliyeva ümummilli liderimiz Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi daim çalışır, respublikamızda xeyriyyəçilik, mesenatlıq ideyalarının bərqərar edilməsində, Azərbaycan xalqının şifahi, ədəbi və musiqi irsinin qorunub saxlanılması, gənc nəslin təhsilinin inkişafı yolunda böyük zəhmət sərf edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkəmizin bütün regionlarında uğurla həyata keçirilir. Gördüyü bütün bu işlərə görə ölkəmizin birinci xanımının fəaliyyəti təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də yüksək qiymətləndirilir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz xidmətlərinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Elə həmin ilin dekabrında Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK İcraiyyə Komitəsinin üzvü seçilib. Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordenini ictimai, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfəsinə görə almışdır. Bu yaxınlarda isə Mehriban xanım Əliyeva müsəlman dünyasının nüfuzlu təşkilatı olan İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban xanım öz şəxsiyyətində və fəaliyyətində Şərq ənənələrinin, habelə Qərb dəyərlərinin ahəngdar vəhdətinə nail ola bilmişdir. Bu isə Azərbaycan mədəniyyətinin Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratmasının daha bir təsdiqidir.

Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xanımlarımız üçün örnəkdir. Onun fəaliyyəti möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getməyə və ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edib.


Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri


Azərbaycan.- 2006.- 2 dekabr.- № 270.- S. 3.