Çap etmək   ⁞     ⁞   Fond haqqında

İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı amillərdir


Müsahibimiz Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovdur.

- Azərbaycanın hər bölgəsində ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli liderinə sonsuz məhəbbət bəs-ləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir...

- Bu, təbiidir, çünki müasir Azərbaycanın əldə etdiyi müstəqillik, dövlət quruculuğu, iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı, ölkəmizin dünyada tanınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi 30 ildən artıq dövr insanların yaddaşında vətənə və xalqa xidmət nümunəsi kimi yaşayır.

Bu müdrik insanın həyat amalını, ideyalarını yaşatmaq, zəngin irsini təbliğ etmək məqsədilə 2004-cü ildə Heydər Əliyev Fondu yaradıldı. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə irimiqyaslı layihələr reallaşmağa başladı. Fond xalqın etibarını və etimadını qazandı. Bu illər ərzində insanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, valideyn himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, milli mədəniyyətimizin inkişafı, tarixi-mədəniyyət və dini abidələrin bərpası diqqət mərkəzində oldu. Bununla yanaşı, ətraf mühitin təmizliyi, sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqətin artırılması fondun əsas fəaliyyət istiqamətlərini təşkil etmişdir.

- Heydər Əliyev Fondunun yaradılmasından 5 il ötür. Bu müddət ərzində fond hansı layihələri reallaşdırıb?

- Heydər Əliyev Fondu 2004-2009-cu illər ərzində elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirmişdir. Fond ictimai təşkilat kimi nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri quraraq Azərbaycandan kənarda tanınmağa başlamış, bir sıra beynəlxalq konfrans və festivallar keçirmişdir.

Fondun uğurla həyata keçirdiyi davamlı layihələr çoxdur. İlk layihələrdən olan "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı uşaq müəssisələrində yaşayış və təhsil şəraitinin yaxşılaşmasına, asudə vaxtın səmərəli təşkilinə imkan yaratmışdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 31 uşaq evi və internat məktəbi əsaslı təmir olunmuş, yenidən qurulmuşdur. Bütün tələblərə cavab verən bu müəssisələrdə uşaqların müxtəlif dərnəklərdə məşğulluğuna, istirahətinin təşkilinə şərait yaradılmışdır. Nizami rayonundakı 1 saylı uşaq evinin nəzdində yaşayış binasının, rayonlarda yataqxanaların istifadəyə verilməsi valideyn himayəsindən məhrum olan 18 yaşına çatmış uşaqların üzləşdiyi mənzil probleminin həllinə kömək məqsədi daşıyır.

2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkənin ən müxtəlif bölgələrində 283 məktəb binası inşa edilmiş, yenidən qurulmuşdur. Bu layihə cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılmasına, tədrisin səviyyəsinin yüksəlməsinə yönəlib. Fondun "Təhsilə dəstək" layihəsi məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinin çanta və dərs ləvazimatı ilə təmin olunmasını həyata keçirir. Ötən il layihə ölkə üzrə bütün birinci sinif şagirdlərini əhatə etmişdir. Bu layihə çərçivəsində ali və orta ixtisas məktəblərinin kitabxanaları zənginləşir, orta məktəblər zəngin əyani vəsaitlə təmin olunur.

"Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün respublika internat məktəbində model İKT sinfinin, audiostudiyanın, Brayl əlifbalı zəngin kitabxananın yaradılmasına kömək edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirərək Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün Regional Mərkəzin yaradılmasına dəstək verir.

Səhiyyə sahəsində həyata keçirilən layihələr əhalinin səhiyyə problemlərinin həllinə, tibbi xidmətin səviyyəsini yüksəltməyə kömək edir. Heydər Əliyev Fondunun mədəniyyətlə, qədim muğamla bağlı layihələri mədəni irsimizin qorunmasına, inkişafına xidmət edir. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi məscidlərlə yanaşı, pravoslav və katolik kilsələrinin bərpasına, Azərbaycanda yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasına yönəlib. Bu və başqa layihələrimiz haqqında daha geniş danışmaq olar, çünki onlar Azərbaycanın bütün regionlarını əhatə etməklə, minlərlə insanın həyatına müsbət təsir etmişdir.

- Azərbaycan vətəndaşları Heydər Əliyev Fondunu ümid və xeyirxahlıq ünvanı kimi qəbul edir. Qazandığınız bu etimadın mənbəyində hansı amillər dayanır?

- Hər gün fonda yüzlərlə məktub daxil olur. Bütün müraciətləri müsbət cavablandırmaq mümkün olmasa da, problemlərə diqqətlə yanaşmaq, onların həllinə çalışmaq iş prinsipimizdir. İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək - bu iki amil fondun bütün fəaliyyətində aparıcı amillərdir. Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondunun xətti ilə indiyədək 10 minə yaxın insan müayinə olunmuş, müalicə kursu keçmişdir. Bu dövr ərzində 763 nəfər xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, 100 nəfərdən çox xəstənin əməliyyat və müayinəsi xarici ölkələrdə aparılmışdır. Heydər Əliyev Fondu 2004-cü ildən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində bu xəstəliyə düçar olmuş 14 yaşınadək uşaqları müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edir.

Artıq istifadəyə verilən Talassemiya Mərkəzi ölkədə qan xəstəliklərinin müalicə və profilaktikasında əhəmiyyətli irəliləyişə təkan verəcək. Bu mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Heydər Əliyev Fondu tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak edir. "Fresenius Medical Care", "Karl-Storz", "Servier" kimi nüfuzlu şirkətlər tərəfindən fonda bağışlanmış hemodializ və endoskopik aparatlar və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrində istifadə olunur.

Fond hər il Yeni il və Novruz bayramlarında uşaq evləri və internat məktəbləri, şəhid, məcburi köçkün ailələrindən olan uşaqlar üçün möhtəşəm bayram şənlikləri, xüsusi tədbirlər təşkil edir. Bütün işlər birbaşa fondun prezidenti Mehriban xanım Əliyevanın nəzarəti ilə həyata keçirilir.

- Fondun əsas məqsədlərindən biri də ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliğidir. Bu sahədə həyata keçirilən tədbirlər barədə nə deyərdiniz?

- Fond yarandığı gündən Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə ardıcıl məşğul olur. Fondun binasında ulu öndərin həyatını, zəngin fəaliyyətini əks etdirən elmi tədqiqatlar və axtarışlar, arxiv materialları əsasında yaradılmış ekspozisiya nümayiş olunur. 5 il ərzində bu ekspozisi¬ya ilə bir çox ölkə və dövlət başçıları, görkəmli dövlət, din, mədəniyyət xadimləri, tanınmış siyasətçilər və bir çox sahələrin nümayəndələri tanış olmuşlar.

Heydər Əliyev Fondu respublikanın müxtəlif regionlarında, böyük şəhərlərdə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Heydər Əliyev muzeyləri və mərkəzlərinin yaradılmasına dəstək olur. Bu muzeylər müvafiq eksponatlar, sənədlər, fotoşəkillər və digər əyani vəsaitlə təmin olunur. Onlar təkcə Heydər Əliyevin həyatı və fəaliyyəti barədə deyil, tariximizin bütöv bir dövrü, Azərbaycanın müasir inkişafı haqqında dolğun və müfəssəl məlumat verir. Muzey və mərkəzlərdə xüsusi konfrans zalları və kinozallar mövcuddur. Burada nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin zəngin siyasi irsinin təbliğində, gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bir sıra muzeylərdə gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərir. Bununla yanaşı, mərkəzlərin potensialından daha səmərəli istifadə olunmasını arzulayır və bu istiqamətdə iş aparırıq.

- Milli-mənəvi dəyərlərin qorunması, mədəni irsimizin təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fondun gerçəkləşdirdiyi layihələr artıq beynəlxalq miqyas alıb...

- Tamamilə doğrudur. Heydər Əliyev Fondunun fəaliyyətində Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya çatdırılması, muğamın inkişafı və təbliği, müsabiqələrin, beynəlxalq festivalların, konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Fond, ilk növbədə, Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Burada peşəkar mütəxəssislər tərəfindən bərpa olunmuş qədim lent yazıları toplanmışdır. Musiqi albomunun təqdimat mərasimi Parisdə, YUNESKO-nun qərargahında keçirilmişdir.

Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsini Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri hesab etmək olar. Bu musiqi məbədi YUNESKO tərəfindən Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamının inkişafına və dünyada geniş təbliğinə imkan yaradır. Fondun təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq "Muğam aləmi" Beynəlxalq muğam festivalı bu Mərkəzdə keçirilmişdir. Mərkəzdə ustad sənətkarlarımızın konsertlərinin, muğam gecələrinin təşkili nəzərdə tutulur.

Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Muzeydə rəssam və heykəltəraşlarımızın 800-dən çox işi sərgilənir. Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri öz əksini tapmışdır.

Heydər Əliyev Fondu klassik musiqi mədəniyyətimizə ehtiramla yanaşır. Paytaxtda dahi bəstəkar Ü. Hacıbəylinin, Bülbülün təntənəli yubiley tədbirləri fondun dəstəyi ilə gerçəkləşib. Dünya şöhrətli D. Şostakoviçin yubiley gecəsi, artıq ənənəyə çevrilən beynəlxalq Rostropoviç musiqi festivalları Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu festivallar çərçivəsində Azərbaycan, Amerika, İtaliya, Rusiya və Fransanın tanınmış musiqiçiləri, məşhur dirijorları çıxış edir. Sənətsevərlər üçün musiqi bayramına çevrilən bu konsertlər gənc nəslin musiqi zövqünün formalaşmasına kömək edir.

- Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya yayılması missiyasını necə yerinə yetirir?

- 2005-ci ildə yaradılan Hwww.azerbaivan.azH internet porHtalHı Heydər Əliyev Fondunun ilk, amma olduqca əhəmiyyətli layihələrindəndir. Portal müasir informasiya istifadəçilərinin tələbatına uyğun, Azərbaycanın bugünü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, xalqımızın, milli-mənəvi dəyərlərimizin dünyaya tanıdılması istiqamətində yaradılan zəngin informasiya mənbəyidir. Maraqlıdır ki, portalın ümumi istifadəçilərinin sayı artıq 1 milyon yarımı ötmüşdür.

Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fon¬dunun "Qarabağ həqiqətləri" toplusu müxtəlif dillərdə nəşr olunmuşdur. Qısa, lakin dolğun informasiyalı nəşr neçə illərdir ki, Azərbaycandan kənarda hökumət və qeyri-hökumət xətti ilə keçirilən tədbirlərdə qiymətli təbliğat materialı kimi istifadə olunur. Bu nəşri xarici ölkələrdə təqdim etmək məqsədilə fonda tez-tez müraciətlər daxil olur.

"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" ("War Against Azerbaijan: Targeting Cultural Heritage") kitabını ingilis dilində nəşr etmişdir. Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən bu kitab da müxtəlif tədbirlərdə, aksiyalarda dünya ictimaiyyətinə çatdırılır.

Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihəmizi qeyd edə bilərəm. 2007-ci ildən başlayaraq fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

- Fondun həyata keçirdiyi sosial layihələr ölkəmizin sosial-iqtisadi inkişafına, quruculuq və abadlıq prosesinə mühüm töhfə olmuşdur. Perspektivdə bu sahədə daha hansı layihələr planlaşdırılır?

- Sosial sahədəki layihələrimiz sırasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yaşayış şəraitinin, su, elektrik təminatının yaxşılaşdırılması, qəsəbələrin abadlaşdırılması, avtomobil yollarının çəkilməsi, parkların, yaşıllıqların salınması işi həyata ardıcıl keçirilir. Son illərdə fond yaşıllıq zolaqlarının artırılması, mövcud parklarda yeni ağacların əkilməsi işinə xüsusi diqqət yetirir. Fondun həyata keçirdiyi aksiyalara bir çox qurumlar da qoşulur.

- Heydər Əliyev Fondunun beynəlxalq əlaqələri necə inkişaf edir? Hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsiniz?

- Beynəlxalq əlaqələri genişləndirmək və bu sahədə daha səmərəli fəaliyyət məqsədilə Heydər Əliyev Fondunun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər təmsil olunduqları ölkələrin ictimai həyatında fəal iştirak edir, yerli qurumlarla əlaqələr yaradır, Azərbaycanın tanınması istiqamətində iş aparırlar. Nümayəndəliklər xeyriyyə aksiyaları, sosialyönlü layihələr həyata keçirir, uşaq və ahıllar evlərinə yardım edirlər.

Bu baxımdan fondun Moskva nümayəndəliyinin. fəaliyyətini yüksək qiymətləndirirəm. Nümayəndəliyin rəhbəri Leyla Əliyeva Rusiyanın hökumət və qeyri-hökumət qurumları ilə səmərəli əlaqələr qurmuşdur. Təhsil, səhiyyə sahəsində, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görülür. Moskva nümayəndəliyi mövcud etno-mədəni komponentli məktəbə daim dəstək verir, bu yönlü yeni məktəbin yaradılması istiqamətində iş aparır. Soydaşlarımızın daha çox yaşadığı bu ölkənin ali məktəblərində Azərbaycan klubları yaradılır. Ölkəmizin tanınmış simaları, təbiəti, milli mətbəxi, tarixi abidələri haqqında maraqlı materiallar dərc edən "Baku" jurnalı Rusiya ictimaiyyətinə ölkəmiz və xalqımız haqqında dolğun informasiya çatdırır.

Fondun bir sıra nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıq münasibətlərindən danışarkən ötən 5 ildə bizimlə həmfikir olmuş etibarlı tərəfdaşları qeyd etmək olar. Bu sırada BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, YUNEŞKO, İslam Konfransı Təşkilatı, İSESKO və bir sıra digər beynəlxalq təşkilatların adını çəkmək olar. Birgə layihələr, səmərəli əməkdaşlıq bir-birimizin təcrübəsindən yararlanmağa imkan yaradır. Sevindirici haldır ki, bəzi tərəfdaşlarımız öz ölkələrində Heydər Əliyev Fondunun analoji layihələrini həyata keçirirlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində təhsil ocağı inşa edilmişdir. Qızlar üçün tikilən 650 yerlik məktəb binası ən müasir avadanlıqla təmin olunmuşdur. Hazırda Rusiyanın "Uralsib" Maliyyə Korporasiyası ilə Bakıda Uşaq Serebral İflici Reabilitasiya Mərkəzinin, "Xabad or-Avner" Beynəlxalq Fondu ilə yəhudi uşaqlar üçün təhsil kompleksinin inşası birgə əməkdaşlıq çərçivəsində reallaşır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda ardıcıl keçirilən beynəlxalq konfrans və forumlar əməkdaşlıq müstəvisini genişləndirir. Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti Akademiyası, İslam Konfransı Təşkilatı Gənclər Forumu və digərləri ilə birgə keçirilən konfranslar mədəniyyətlər və xalqlararası dialoqa, əməkdaşlıq əlaqələrinin inkişafına kömək edir.


İxtiyar Hüseynli

Azərbaycan.- 2009.- 13 may.- № 101.- S. 10.