Çap etmək   ⁞     ⁞   UNESCO

Xoşməramlı səfir Mehriban xanım Əliyeva YUNESKO tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırır


Artıq bir neçə müddətdir ki, Azərbaycanda cəmiyyətin istifadə etdiyi mədəni və siyasi anlamlar çərçivəsinə mənası ilə tamamilə yeni, əvvəllər rastlaşmadığımız bir ifadə daxil olmuşdur: YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə apardığı ictimai fəaliyyətin beynəlxalq miqyasda qiymətləndirilməsi nəticəsində verilmiş bu statusun şərəf və nüfuz çəkisini müəyyənləşdirmək üçün, zənnimcə, YUNESKO-nun daha bir neçə xoşməramlı səfirinin adlarını çəkmək kifayətdir: dünya şöhrətli musiqiçilər Monserrat Kabalye, Mstislav Rostropoviç, fransız kosmonavtı Patrik Bodri, İordaniya şahzadəsi Firyal, məşhur afrikalı alim Modibo Diarra, Türkiyə Böyük Millət Məclisinin deputatı, tanınmış musiqiçi və bəstəkar Ömar Zülfi Livanelli, tanınmış fransız musiqiçisi Jan Mişel Jar, ispaniyalı səyahətçi-alim Kitin Minyos, Fransanın nəhəng "L'Oreal" şirkətinin baş direktorunun xanımı Kristina Ouen-Cons, iş adamı Şeyx Həsən Şakir, Rusiyanın tanınmış rəssamı Zurab Sereteli, Latın Amerikasının təmsilçisi xanım Mariya de Lurdes Exidiyo Villela.

İngiliscə qudvil ("goodill") kimi səslənən bu sözün məna çalarları çoxdur. Belə ki, iqtisadiyyatda, siyasətdə, mədəniyyət və elmdə, ictimai həyatda hər sahənin məzmununa uyğun işlədilir. Lakin onun bir dəyişməz mənası var: mövcudluğu ilə insanlarda etibar, inam oyadan xoş məram, xoş niyyət. Bu sözün arxasında narahat, ziddiyyətli dünyanın insanlarını mənən yaxşılaşdırmaq, gözəlləşdirmək, əsrlərin miras qoyduğu mənəvi və mədəni sərvətləri bu gün də yaşatmaq amalı durur. YUNESKO-nun xoşməramlı səfirləri ailəsində artıq öz yerini tutmuş Mehriban xanım Əliyevanın vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların tarixi dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə, elə ilk gündən müəyyənləşir. Azərbaycanın tarixində ilk xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi çoxşaxəli və çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir.

Martın əvvəllərində Paris-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı.

Açılış mərasimində YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuura, YUNESKO-nun baş konfransının sədri zati-aliləri cənab Mişel Abiola Omovela çıxış etdilər. Tədbirlərdə YUNESKO-nun təbii fəlakətlərə qarşı xəbərdarlıq, təhsil sahəsində əsas inkişaf istiqamətləri, hamı üçün təhsil, davamlı inkişaf və təhsil layihələri müzakirə edildi. YUNESKO-nun 60 illiyi ilə əlaqədar məruzə dinlənildi, bu təşkilatın internet səhifəsi təqdim olundu.

Məlumdur ki, dünyanın ən iri beynəlxalq mədəni-humanitar təşkilatı kimi YUNESKO siyasi problemlərin müzakirəsi ilə məşğul olmur. O, siyasi müstəvidən, siyasət kürsüsündən bir növ uzaqdır. Lakin o da təkzibedilməz həqiqətdir ki, müasir, qloballaşan dünyada hər şey siyasi gerçəkliklərə bağlıdır və çox zaman onların işığına boyanır. İlk baxışda siyasətlə birbaşa əlaqəsi olmayan addımlar, təşəbbüslər isə bu siyasətə cüzi də olsa düzəliş etmək iqtidarında ola bilir. YUNESKO-nun məramı, iş prinsipləri sırf humanitar xarakterli, siyasət baxımından bitərəf bəyan edilsə də, onun Birləşmiş Millətlər Təşkilatının bir struktur bölməsi kimi real beynəlxalq siyasətdən təcrid edilməsini də düşünmək sadəlövhlük olardı. Dünya obyektiv olaraq mövcuddur və o, müharibələr, toqquşmalar, iqtisadi, siyasi və mənəvi böhranlardan xali deyildir. Müharibələrdən əziyyət çəkən, müharibələr üzündən inkişaf və tərəqqi yolunda maneələrlə rastlaşan ölkələr sırasında Azərbaycan da var. Ərazisinin 20 faizi işğal olunan, bir milyona yaxın qaçqın-köçkünü mənən və maddi baxımdan yaşadan kiçik bir ölkənin birinci dərəcəli problemi də elə bunlardır. Erməni işğalına son qoymaq üçün ölkəmizin rəhbərliyi bütün siyasi səviyyələrdə intensiv iş aparır. Təbiidir ki, YUNESKO-nun ənənəsi, fəaliyyəti istiqamətləri və xarakteri ilə əlaqədar olaraq Mehriban xanım öz çıxışında siyasi problemlərdən yan keçməli idi. Lakin Azərbaycanın birinci xanımı bu problemləri beynəlxalq təşkilatın məramına uyğun deyim və təbliğat vasitələrindən istifadə etməklə bir daha nüfuzlu tədbirlərdə mədəniyyət layihəsi çərçivəsində qaldırdı. YUNESKO-nun xoşməramlı səfirlərinin ənənəvi illik iclası bir daha Azərbaycan, onun mədəniyyəti, dünyəvi əhəmiyyətli ənənələri haqda məlumat vermək üçün, informasiya məkanı kimi mühüm əhəmiyyətə malikdir. Müasir dünyamızda məhz informasiyanın təqdimi bəzən dövlətlərin real iqtisadi, maliyyə gücü qədər təsirli və bəlkə də, daha səmərəli olur. Təsadüfi deyil ki, çox zaman informasiya məkanında müxtəlif dövlətlərin maraqları "görüşür və bu "görüşün" nəticələri siyasətdə də əks-səda doğurur.

YUNESKO-nun iclas salonunda keçirilən toplantının birinci yarısına tanınmış fransız musiqiçisi, xoşməramlı səfir Jan Mişel Jar sədrlik edirdi. Əsas diqqət xoşməramlı səfirlər arasında təcrübə mübadiləsinə həsr olunmuş iclasda Mehriban xanım Əliyevanın təqdim etdiyi, müəllifi və rəhbəri olduğu "Azərbaycan muğamı" layihəsinin "Qarabağ xanəndələri" adlı tarixi, elmi, mədəni dəyərə malik ilk bölümü böyük maraqla qarşılandı.

Artıq YUNESKO öz qərarı ilə Azərbaycan muğamını dünya mədəniyyətinin misilsiz dəyərlərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil etmişdir. Qarabağ muğam məktəbi, onun tanınmış nümayəndələri haqqında nəfis şəkildə tərtib olunmuş kitab və 24 xanəndənin ifasını canlandıran kompakt disklər də Azərbaycanın ayrılmaz parçası olan Qarabağın çoxəsrlik muğam tarixini əks etdirir. Bu disklər Qarabağ muğam sənətinin səslərdə yaşayan tarixini və müasir səviyyəsini əyani şəkildə nümayiş etdirir.

"İnsanlara əbədi həqiqətlər haqqında düşünmək və bir də mənəvi rahatlıq tapmaq imkanı yaratmaq" qüdrətində olan muğam kimi misilsiz, dərin fəlsəfi mahiyyətli musiqi haqqında danışan Azərbaycanın xoşməramlı səfiri həm də mənəvi işğala məruz qalmış vətənimizin haqq səsini çatdırdı. O, Azərbaycanın sadəcə bir ərazi parçası deyil, mədəniyyətimizin, mənəviyyatımızın ayrılmaz parçası olan Qarabağ haqqında onun öz avazı, nəfəsi, tarixdən gələn ən obyektiv şahidləri və mühafizəçilərinin - musiqi səfirlərinin səsi ilə danışırdı. Mehriban xanım YUNESKO-nun açdığı imkanlar dairəsində yenə də Azərbaycan reallıqlarını, mənəvi və mədəni sərvətlərin tarixini, bugünkü potensialını yüksək, inandırıcı, cəlbedici, müasir səviyyədə təqdim etdi. YUNESKO-nun tarixində Azərbaycanın təmsil olunduğu müddətdə mədəniyyət və incəsənət ilə bağlı belə səviyyəli təqdimat ilk dəfə idi keçirilirdi. İclasda iştirak edən bütün qonaqlara "Qarabağ xanəndələri" albomu hədiyyə edildi. Rəsmi hissədən sonra qeyri-rəsmi görüşlərdə də Azərbaycanın bu problemləri lazımi səviyyədə təqdim olundu, onlar haqqında ətraflı söhbət edildi. Ənənəyə uyğun olaraq, Azərbaycanın birinci xanımı və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva baş direktoru və digər xoşməramlı səfirləri nahara dəvət etdi. Bu münasibətlə verilən konsertdə müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq nümayəndəsi, bəstəkar Firəngiz Əlizadənin artıq dünyanı fəth etmiş "Habilsayağı" əsəri səsləndi. Əsəri Firəngiz Əlizadə və tanınmış violonçelçi İvan Monigetti ifa etdilər. Muğam ənənəsinin qədim ruhunu, əsrlərin emosional-bədii energiyasını hifz edən musiqinin müasir, avanqard üslub vasitələri və estetikası ilə çulğalaşmış təcəssümü dinləyiciləri, sözün əsl mənasında, heyran etdi. Məşhur Azərbaycan kamança ustadı, bizim müasirimiz Habil Əliyevin çalğısından alınan təəssürat nəticəsində yazılmış kompozisiyanın adı da elə bu böyük el sənətkarının adından götürülmüşdür. Əsərin yaranması ideyası da vaxtilə Habil Əliyevin kamançada çaldığı muğamdan, onun ifa üslubundan heyrətlənən İvan Monigettiyə məxsusdur. Firəngiz Əlizadənin Azərbaycan muğamının sanki tamamilə yeni çalarlarla boyanan, müasir ritmə və deyim tərzinə köklənmiş musiqi toxumasında zərgər dəqiqliyi ilə işlənmiş muğam pannosu bu sənətin həmişəyaşar potensialının nadir bir təzahürü idi.

Elə bu görüş əsnasında CNN xəbərlər proqramında Azərbaycanda "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətli ilə bağlı xəbər yayıldı. Qonaqlar da bu xəbəri eşidib maraqlandılar. Hər bir insanın qətli, xüsusilə də onun həyatına zorakılıqla son qoyulması faktı dəhşət doğurur. Jurnalistin qətlə yetirilməsi hadisəsi, əlbəttə ki, ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən təzyiq vasitəsi kimi istifadə üçün zəmin yarada bilər. Bu faktı isə bilərəkdən siyasi amilə çevirmək cəhdi ölkəmizin sivil simasının qorunmasına yönəldilmiş işlərə və fəaliyyətə mane olur. Vahid milli ideya - müstəqil Azərbaycan ideyası insan amilinin, fərdin qiymətləndirilməsi prinsiplərinə arxalanaraq, bütövlükdə cəmiyyəti bir yüksək amal altında birləşdirməlidir. Əlbəttə ki, bu ideya, bu amal və arzular qərəzli münasibətlərdən yüksəkdə olmalıdır.

Konsertdən sonra nahar yeməyində Mehriban xanım qonaqlarına YUNESKO-nun baş direktoru Koiçiro Matsuuraya, Mstislav Rostropoviçə, şahzadə Firyala, Ömər Zülfi Livanelliyə, Şeyx Həsən Şakirə Azərbaycanın üzləşdiyi qaçqın-köçkün problemi haqqında artıq qeyri-formal şəraitdə məlumat verdi. Naharda iştirak edən bu sətirlərin müəllifi təəssüf doğuran bir faktla qarşılaşdı. Onların çoxu Azərbaycanın bu faciəvi reallıqları barədə heç nə bilmirdilər. Mehriban xanımın qaçqın-köçkünlərin ağır şəraitdə çadır şəhərciklərində yaşamaları, xüsusilə də uşaqların bundan çox əziyyət çəkmələri, çətin şəraitdə təhsil aldıqları barədə söhbətini diqqətlə dinləyirdilər, Mstislav Rostropoviç də onun sözlərini təsdiqləyərək, bütün bunları öz gözləri ilə gördüyünü bir daha qonaqlara çatdırdı. Mənim üçün bu, səfərimizin bəlkə də ən uğurlu məqamı idi. Çünki xaricdə, xüsusilə də Avropa ölkələrində hər hansı bir həqiqəti qəzet məlumatları və rəsmi təqdim süzgəcindən keçmiş quru faktlarla deyil, şəxsi münasibətlər, inam və səmimiyyət atmosferində aldıqda daha tez qavrayırlar. Mən görürdüm ki, onlar Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatirinə dinləmir, ona inanırdılar. Onlar doğrudan da, eşitdiklərindən şok vəziyyətinə düşdükləri, təsirləndikləri üçün Azərbaycan haqqında çox məlumat almaq istəyirdilər.

Çoxları bu sətirləri oxuyanda düşünə bilər ki, işğal kimi qlobal problemi belə sadə vasitələrlə nə dərəcədə həll etmək olar və yaxud ilk baxışda, bəlkə də, kifayət qədər "təsirli siyasi gücü" olmayan belə sadə vasitələr nəyisə həll etmək iqtidarında deyildir. Lakin müasir tariximiz bəzən ilk baxışda sadə görünən vasitələrin də siyasi müstəvidə önəmli rol oynamasına dəlalət edən hadisələrlə doludur. Bəzən məhz mədəniyyət siyasətçilərdən bir addım öndə gedərək, onların gördüyü ağır işlərin xoşməramlı, əlverişli fonunu yaradır.

Hər bir ölkənin siyasi aurası mürəkkəb bir konstruksiyanı xatırladır. Bəzən bu konstruksiyanın ümumi planında xırda, ilk baxışda nəzərə çarpmayan, gözəgörünməz detalla onun bütövlüyünü, möhkəmliyini təmin edir. Müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi ənənələr böyük təsir gücünə malikdir. Tarix həmişə kiçik dövlətləri böyük sınaqlara çəkir. Bu sınaqlardan çıxmaq yollarında aparıcı amal, məram, vətəndaşlıq həmrəyliyi, milli və ümumbəşəri mənəvi dəyərlər, mədəni ənənələrə sadiqlik və müasir dünya ilə ayaqlaşmaq, özünü qloballaşan dünyanın bənzərsiz bir hissəsi kimi dərk etməkdir. Tarix sübut edir ki, öz vətəndaşlarının qədrini bilən, onlarla fəxr edən, dünyada öz yerini milli siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə özünü müəyyənləşdirən ölkənin gələcəyi var.


Nərgiz Paşayeva,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvü,
filologiya elmləri doktoru, professor

Azәrbaycan.- 2005.- 24 mart.- № 65.- S. 3.