Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu növbəti xeyriyyə aksiyasını Astarada keçirmişdir


Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində reallaşan xeyriyyə aksiyası çərçivəsində növbəti tədbir Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikigünlük aksiya zamanı Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssis heyəti tərəfindən 200 nəfərə yaxın xəstə müayinə və müalicə edilmişdir.

Müayinə zamanı 8 nəfər uşaqda anadangəlmə ürək qüsurları aşkar edilmiş və həmin uşaqların Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunması tövsiyə edilmişdir.

Astara Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda VII regional elmi-praktik konfrans keçirilmişdir.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının tibb müəssisələrində çalışan kardioloqların, cərrahların və terapevtlərin iştirak etdikləri konfransda Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşad Mahmudovun “Ürəyin işemik xəstəliyinə ümumi baxış”, Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqu Vüsal Məmmədovun “Səyrici arifmiya”, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Seymur Musayevin “Abdominal aurtaniv rizmaları” mövzularında məruzələri dinlənilmişdir.

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilmişdir.


Xalq qəzeti.- 2013.- 1 may.- № 92.- S. 2.