Mehriban Əliyeva - nəcibliyin və humanizmin ali ünvanı
Ulu tarix bizə türk qadınlarının qəhrəmanlığı, analıq, vətəndaşlıq şərəfi, qeyrəti, ağlı, müdrikliyi, zəngin mənəvi keyfiyyətləri haqqında çoxlu ibrətamiz faktlar, məlumatlar çatdırmışdır. Uzaq Mancuriyadan, Sibirdən Aralıq dənizinin sahillərinə qədər geniş ərazilərdən səsi, sorağı eşidilmiş türk ellərinin, türk torpaqlarının taleyində, tərəqqisində türk qadınları böyük rol oynamışlar.
Xalqımızın təşəkkül tapmasında, onun dövlət quruluşunun formalaşmasında, idarə edilməsində neçə-neçə qadının adı tariximizin qızıl səhifələrinə düşmüşdür. Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin ömür-gün yoldaşı Mömünə xatun, Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin arvadı Könüldaş, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin anası Sara xatun, Şah İsmayılın qızı Məhinbanu Sultanım xanım və onlarla digər qadınlar dövlət və diplomatiya işlərində öz hökmdar ərlərinə, oğullarına kömək etmişlər.
Tarixin müxtəlif mərhələlərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını salnamələrə yaza bilmişlər. Müstəqil Azərbaycanın daha da inkişafı dövlətçilik ənənələrinin möhkəmlənməsi işində qadınlarımızı da özünəməxsus rolu var. Etiraf etməliyik ki, Azərbaycanın qadının bu nəcib, humanist, qayğıkeş xüsusiyyətlərini bu gün ölkənin birinci xanımı, Prezident İlham Əliyevin ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın timsalında müşahidə edirik.
Təbii ki, dünya miqyaslı tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev ailəsinin üzvü olmaq böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Bu mənada, həm ulu öndər Heydər Əliyevin gəlini, həm də Prezident xanımı olmaq ikiqat böyük məsuliyyətdir. Mehriban xanım bu statusunu məhz humanist fəaliyyəti, qayğıkeşliyi ilə xalqımızla bölüşür. Bu gün dünyada birinci ledi statusunda yüzlərlə qadın var, lakin heç də onların hamısı öz statuslarından ictimai mənafelər naminə istifadə etmirlər. Deməli, bunun üçün yüksək şəxsi keyfiyyətlər, intellektual səviyyə, xeyirxahlıq, insanpərvərlik, qayğıkeşlik əsas rol oynayır.
Mehriban xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki, M.Averbax adına mükafatını almış ilk azərbaycanlı qadın, Azərbaycan oftalmologiya elminin banisi Zərifə xanım Əliyevanın və elmi yaradıcılığını əsasən Amerikada mühacir həyatı keçirmiş ərəb alimləri Əmin ər-Reyhani, Cübran Xəlil Cübrani, yeni ərəb filologiyasının canlı klassiki, ərəb yazıçısı və tənqidçisi M.Nuaymeyə həsr etmiş böyük şərqşünas alim Aida İmanquliyevanın ən nəcib, mənəvi təmizlik və paklıq keyfiyyətlərini öz şəxsiyyətində yaşadır. Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, üç dildə çap olunan “Azərbaycan İRS” jurnalının baş redaktoru Mehriban Əliyeva bütün imkanlarını, intellekt və bacarığını xalqımızın mədəniyyətinin təbliğinə, Azərbaycanda təhsilin və səhiyyənin, gənc nəslin daha intellektli və sağlam yetişməsinə sərf etməkdədir.
Etiraf edək ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən tənəzzülə uğramaqda olan Azərbaycan mədəniyyətinin təmənnasız diqqət və qayğıya böyük ehtiyacı vardı. Bu ehtiyacın mümkün dərəcədə ödənilməsinə çalışan, ictimai fəaliyyətinin ilk mərhələsində - 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun təşəbbüsçüsü kimi çıxış edən Mehriban Əliyevanın dəstəyi ilə tez bir zamanda diqqətəlayiq nailiyyətlərə imza atıldı. “Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”. 1996-cı ildə isə Mehriban Əliyeva milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etməklə Azərbaycan həqiqətlərinin daha geniş təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması yönündə növbəti addım atmış oldu.
Bu gün Mehriban xanımın fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Heydər Əliyev Fondunun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir. Proqrama uyğun olaraq, uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilib və bunların əsasında beşillik “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” Proqramı hazırlanıb. Proqram əsasında təhsil, səhiyyə, humanitar və digər sahələri əhatə edən müxtəlif tədbirlər reallaşdırılır. Bütün bunlar Fondun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsüdür. Onun təşəbbüsü ilə iki il əvvəl İrlandiyanın Dublin şəhərində keçirilən xəstə uşaqların idman yarışına göndərilən 7 şagirdin hamısı qızıl medalla qayıdıb. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə - uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır. Fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində bu sahədə çox işlər görülmüşdür - uşaq evləri və internat məktəblərin şagirdləri arasında “Mən uşaqları sevirəm” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, Bilik günü ilə əlaqədar qaçqın-köçkün uşaqlarına məktəb ləvazimatı verilmiş, Fondun, Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı ilə “Diabetlə xəstələnmiş uşaqlara daha çox qayğı” layihəsi gerçəkləşdirilmiş, qaçqın-köçkün uşaqları, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün “Gülüstan” sarayında yeni il şənlikləri keçirilmiş, “Talassemiyasız həyat naminə” layihəsi yerinə yetirilmiş və bu layihə çərçivəsində ixtisaslaşdırılmış Mərkəzi Qan Bankı yaradılmışdır.
Cəsarətlə demək olar ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrin arasında talassemiya ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.
Mehriban Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsil və səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil. “Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacağını” böyük inamla vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Mehriban Əliyeva təhsilə xüsusi diqqət yetirir. Bu sahəyə yönələn diqqət və qayğının ölkənin gələcəyi baxımından nə dərəcədə önəmli olduğunu bir daha qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək ilk növbədə həqiqi vətənpərvərlik nümunəsidir. Yalnız vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan ali duyğular insanı olduqca çətin, lakin xalqın, dövlətin gələcəyi baxımından strateji əhəmiyyətli işlər həyata keçirməyə sövq edə bilər. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də, konkret olaraq, təhsilə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin danılmaz sübutudur. Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd, izlənilən başlıca qayə Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Qeyd olunan məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini dərindən dərk edən Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu artıq bu yöndə konkret addımlar atmaqdadır. Qısa vaxt ərzində 132 yeni məktəbin tikilməsi dövlət müstəqilliyinə cəmi 14 il əvvəl qovuşan, müharibə vəziyyətində olan, iqtisadiyyatı təzəcə inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər. Mehriban Əliyevanın Azərbaycan musiqisinin inciləri olan muğamların tədqiqi və təbliği ilə bağlı fəaliyyətini isə ayrıca qeyd etmək lazımdır. Həmin sahədə önəmli addımlar atan Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra bu istiqamətdə gördüyü işlər daha ardıcıl və effektli xarakter aldı. Qürur doğuran faktdır ki, məhz Mehriban xanımın ciddi səylərindən sonra YUNESKO indi Azərbaycan muğamını dünya irsi hesab edir. Mehriban Əliyeva Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza sahib çıxaraq, bu sahənin əsil himayədarı statusunu qazanmışdır. İlkin nəticələrdən biri “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılması oldu. Mehriban Əliyevanın rəhbərliyi altında “Qarabağ həqiqətləri” kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından dəyərlidir. Zaman etibarilə çox qısa müddətdə millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə təcəssüm etdirir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin müasir qloballaşma dövrünün bəzi yabançı təzahürlərindən qorumaq naminə cahanşümul işlər görmüşdür.
Heydər Əliyev Fondu həyata keçirdiyi önəmli tədbirlərin miqyası ilə böyük ictimai nüfuz qazanmış, köməyə ehtiyacı olan kimsəsiz insanların ümid, pənah yerinə çevrilmiş bir məbədgaha bənzəyir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin təməlində məhz millətə xidmət məramı dayanır. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın uğurla həyata keçirilməsində Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi olaraq Heydər Əliyev Fondunun fəaliyyəti keçmişlə gələcək arasında körpü yaratmağa, insanlara xeyirxahlıq və insanpərvərlik kimi ali dəyərləri əxz etməyə yönəlib. Mehriban Əliyevanın YUNESKO-nun “Xoşməramlı səfiri” olması ilə Fondun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənib. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Heydər Əliyev Fondu qısa müddətdə mədəniyyət abidələrinin yenidən qurulması və reabilitasiyası sahəsində əməli tədbirlər həyata keçirib. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssabın məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri gerçəkləşib. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan “Azərbaycan” informasiya portalının yaradılması xüsusilə təqdirəlayiqdir. Layihənin reallaşmasına respublikanın aparıcı mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada əksini tapmışdır.
Təbii ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir, millət vəkili Mehriban xanım Əliyevanı nəcibliyin və xeyirxahlığın ali ünvanına çevirib. Heydər Əliyev Fondunun əqli və fiziki cəhətdən zəif uşaqlar üçün də bir sıra layihələr həyata keçirir. Xatırladaq ki, ötən ilin martında Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızdakı xarici səfirlərin xanımları ilə keçirilən görüşdə əqli və fiziki cəhətdən zəif uşaqların təhsilə cəlb edilməsi, xüsusən də onların dərsliklə təminatının diqqət mərkəzində saxlamasının vacibliyi vurğulanmışdı. Bu nəcib təşəbbüsə dərhal münasibət bildirən Rusiyanın ölkəmizdəki səfirliyi Moskva hökumətinin rus dilində dərsliklərdən ibarət hədiyyəsini Azərbaycana çatdırdı.
Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafı sahəsində YUNESKO ilə əməkdaşlıq sahəsində bir sıra uğurlara imza atıb. Belə ki, ötən ilin iyulun 6-da Fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda beynəlxalq konfrans keçirilib. YUNESKO ilə əldə olunmuş razılaşmaya əsasən isə növbəti konfrans “YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda məhz Bakıda keçirildi. Təhsildə müasir informasiya texnologiyalarının tətbiq edilməsi sahəsində də Heydər Əliyev Fondu böyük işlər görməkdədir. Belə ki, Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında imzalanmış saziş bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu sazişin nəticəsi olaraq ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq həyata keçirilməyə başlanılıb. Qeyd edək ki, Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcək. Onu da qeyd edək ki, bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir.
Həmçinin, Fondun təşəbbüsü ilə görülən genişmiqyaslı işlər nəticəsində bu kateqoriyadan olan uşaq müəssisələrindən 23-də yenidənqurma və təmir-tikinti işləri aparılıb, sosial baxımdan tam yeniləşən həmin müəssisələrdə sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxana, yataq otaqları yaradılıb, bir çoxunda yeni idman meydançaları və xüsusi təyinatlı idman zalları, həkim otaqları tikilmiş və bu uşaq müəssisələri zəngin kitabxanalar, informasiya texnologiyaları və interaktiv təhsil şəraitilə təmin olunub. BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi” layihəsinin imzalanması əhalinin təcrid olunan qruplarının cəmiyyətə və dünyaya inteqrasiya imkanlarına kömək edir.
Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Etiraf edək ki, Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı milli mədəni ənənələr dayanır. Fondun fəaliyyəti çoxşaxəlidir, təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün bu sahələrdə Heydər Əliyev Fondu tərəfindən çoxşaxəli proqramlar hazırlanaraq uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə mövcud olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışır. Heydər Əliyev Fondu milli mədəni irsimizi, tarixi keçmişimizi araşdırıb yeni-yeni faktları aşkara çıxaran elm adamlarına da daim dəstək olur. Elə bu amalın nəticəsi kimi, tanınmış elm xadimi, professor Səadət Abdullayevanın Azərbaycan xalq çalğı alətləri kitabı fondun maliyyə yardımı nəticəsində işıq üzü görüb. Fondun təşəbbüsü ilə gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil olunub. İngiltərənin Çelsi Rəssamlıq Universitetində təhsil alan həmyerlimizin Bakıda ilk dəfə olaraq əsərlərinin nümayişi təşkil olunub. Bu kimi faktlar bir daha Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təmənnasız qayğıkeş olduğunu göstərir.
Bu gün insanların Heydər Əliyev Fonduna pənah apararaq ondan kömək diləmələri Fond rəhbərliyinin fəaliyyətinə cəmiyyətin dərin inamından irəli gəlir. Təbii ki, insanlar onların problemlərini, sözün əsil mənasında, həll edənlərə üz tuturlar. Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. Nəticədə, o, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda onların üzünü Heydər Əliyev Fonduna tutmaları gələcəyə inamı bərqərar edir. Bunu təsdiqləyən yüzlərlə fakt mövcuddur. Belə ki, təkcə 2005-ci ildə Fonda 3 mindən çox adam müraciət edərək, müalicə üçün kömək istəyib. Onların hamısına yüksək səviyyədə tibbi yardım göstərilib, xarici ölkələrin səhiyyə müəssisələri ilə əlaqələr yaradılıb və xəstələrin bəzilərini müalicə üçün ora göndərmək mümkün olub. Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və fərəhlidir ki, bu gün Mehriban xanım bu ənənələri uğurla davam etdirir. Heydər Əliyev Fondu YUNESKO-nun çərçivəsində keçirilən tədbirlərdə get-gedə daha fəal iştirak edir. Fondun bu beynəlxalq təşkilatla əməkdaşlığı sayəsində qısa müddət ərzində şifahi və musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük işlər görülüb. Qeyd edək ki, mədəniyyət sahəsində YUNESKO-nun iki konvensiyası var. Onlardan biri maddi mədəni irslə bağlıdır. 2003-cü ildə qəbul edilmiş konvensiya isə qeyri-maddi mədəni irsin qorunması ilə bağlıdır və 2006-cı ilin yayında qurumun Litvada keçiriləcək illik toplantısında Azərbaycanın mühüm abidəsi sayılan Qobustan da YUNESKO-nun mədəni irs siyahısına daxil ediləcək. Həmçinin, Fondun təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsin şah əsərləri” siyahısına salınması təklifi irəli sürülüb. Qeyd edək ki, muğam sənəti artıq qurumun bu siyahısına daxil edilib.
Heydər Əliyev Fondunun əsasını qoyduğu layihələrdən biri də Azərbaycan Regional Muzeyinin yaradılmasıdır. Belə ki, bu muzeyin yaradılması ilə ölkəmizə gələn hər bir qonaq Azərbaycanın müxtəlif regionlarının tarixi, mədəniyyəti, sərvətləri, iqtisadiyyatı barədə dolğun məlumat ala biləcək. Bu layihə ilə bağlı Böyük Britaniyanın SMA Design şirkəti ilə birgə işləyəcək yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb. Əsas məqsəd isə Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus özəlliklərini - tarixi keçmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-dini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün gördüyü işləri, qoyduğu zəngin irsi təbliğ etməkdir. Heydər Əliyev Fondunun bütün bu layihələri milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma alıb. Nəzərəçarpan haldır ki, Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Heydər Əliyev Fondu xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir. Bütün bunların mərkəzində isə şübhəsiz ki, ilk növbədə vətənpərvərlik, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili - Mehriban Əliyeva amili durur.
Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan etməsi də bu mənada tamamilə reallığı əks etdirdi. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı fəaliyyətin kökündə səmimilik dayanmışdır. Lakin bütün bunlar hələ görüləcək işlərin başlanğıcıdır.
Yeni Azərbaycan.- 2006.- 7 mart.- № 41. - S. 3.