Azərbaycanda təhsilin inkişafı ilə bağlı məsələlər müzakirə olunub
AzərTAc xəbər verir ki, dekabrın 16-da Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO-nun Təhsil Siyasəti və Strategiyası Departamentinin direktoru, bu qurum ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupunun rəhbəri Mirəsgər Hüseyn ilə görüşü olmuşdur.
Azərbaycan ilə YUNESKO-nun əlaqələrindən danışan Mehriban xanım Əliyeva bu qurumun Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına göstərdiyi köməyə görə minnətdarlığını bildirmiş, münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimiyyətlə və mehribanlıqla qarşılandığına görə minnətdarlığını bildirən M. Hüseyn başçılıq etdiyi işçi qrupunun fəaliyyəti haqqında məlumat verərək demişdir ki, hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyi YUNESKO ilə birlikdə "Təhsil hamı üçün", "Assosiativ məktəblər", "Ali məktəblərdə YUNESKO kafedralarının yaradılması", "İnklyuziv təhsil" üzrə layihələr həyata keçirir.
2005-ci ilin iyul ayında Təhsil Nazirliyi nümayəndə heyətinin YUNESKO-ya səfəri çərçivəsində "Davamlı gələcək üçün Azərbaycan-da təhsil islahatları" mövzusunda keçirilən konfransda Azərbaycanda təhsilin problemləri və prioritetləri müzakirə edilmişdir.
İkinci konfrans cari ilin avqust ayında YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Bakıda keçirilmiş, Təhsil Nazirliyi və YUNESKO arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır, Memoranduma keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılması, təhsili idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin ixtisasının artırılması, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması məsələləri daxil edilmişdir. Bu sənədə əsasən hər iki tərəf təmsil olunmaqla 10 nəfərdən ibarət birgə işçi qrupu yaradılmışdır.
Dekabrın 14-də YUNESKO-nun işçi qrupu nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində iclas keçirilmişdir. İclasda texniki-peşə təhsilinin təkmilləşdirilməsi və ilkin müəllim hazırlığı və ixtisasartırma təhsili sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Səfər çərçivəsində işçi qrupunun müvafiq təhsil müəssisələrində və qurumlarında, eləcə də YUNİSEF-in və BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə görüşləri olmuşdur.
İşçi qrupu iki gün ərzində 2006 - 2007-ci illəri əhatə edən fəaliyyət planının layihəsini hazırlayaraq dekabrın 16-da keçirilmiş yekun iclasında müzakirə etmişdir.
AzərTAc
2005, 16 dekabr