Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyə Prezidentinin xanımı Səmra Sezərlə görüşmüşdür
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının Antalyada keçirilən VIII zirvə görüşü çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 17-də "Divan Palya" hotelində Türkiyə Prezidenti Əhməd Necdət Sezərin xanımı Səmra Sezərlə görüşmüşdür.
Görüşdə iki dost və qardaş ölkə arasında səmimi münasibətlərin ardıcıl olaraq möhkəmləndiyi, ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndiyi və dərinləşdiyi vurğulandı. Bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının uğurla keçən VIII zirvə görüşünün də bütün türkdilli ölkələrin xalqlarının, o cümlədən Azərbaycan və türk xalqlarının əlaqələrinin daha da inkişafına yeni töhfələr verəcəyi diqqətə çatdırıldı. Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin də mütəmadi genişləndiyi bildirildi.
Dövlət başçılarının xanımlarının söhbəti Aralıq dənizi sahilində səmimi bir şəraitdə davam etdirildi.
AzərTAc
2006, 17 noyabr