Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gül Nizami rayonundakı 1 nömrəli uşaq evində olmuşdur
AzərTAc xəbər verir ki, Türkiyə Respublikası Prezidentinin xanımı Hayrünnisa Gül noyabrın 7-də Təhsil Nazirliyinin Nizami rayonundakı 1 nömrəli uşaq evində olmuşdur.
Hörmətli qonağı burada Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qarşıladı.
Milli geyimli oğlan və qız dövlət başçılarının xanımlarına gül-çiçək dəstələri təqdim etdilər.
Uşaq evinin direktoru Nərminə Zöhrabova qonağa məlumat verərək bildirdi ki, valideyn himayəsindən məhrum olan 120 uşağın təlim-tərbiyə aldığı bu uşaq evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində yenidən qurulmuş, müasir avadanlıqla təmin olunmuş, yeniləşmiş proqramla işləməyə başlamışdır. Uşaq evinin balaca sakinləri İzmirdə keçirilmiş festivalda çıxış etmiş, orada müxtəlif sertifikatlara layiq görülmüşlər. Onlar İzmirdə Amerikanın "Space Kamp" mərkəzinin təşkil etdiyi 10 günlük ingilis dili proqramlarında da iştirak etmişlər.
Türkiyənin birinci xanımı uşaqların əl işlərindən ibarət sərgiyə baxdı, uşaq evinin "Azəri" qrupunun ifa etdiyi rəqslərə tamaşa etdi.
Türkiyə Prezidentinin xanımına uşaqların əl işi olan hədiyyə təqdim olundu. Bunu əziz xatirə kimi saxlayacağını bildirən xanım Hayrünnisa Gül öz hədiyyələrini uşaqlara təqdim etdi, burada gördüklərindən razı qaldığını vurğuladı.
Xanım Hayrünnisa Gül və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.
* * *
Noyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gül birgə nahar etdilər.
AzərTAc
2007, 7 noyabr