Bakıda klassik musiqi festivalının açılışı
Sentyabrın 18-də Respublika sarayında “Musiqinin böyük İpək yolu” Birinci Bakı klassik musiqi festivalının açılışı olmuşdur.
Mədəniyyət Nazirliyinin, “Azərbaycan mədəniyyətinin dostları fondu”nun və U. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə təşkil olunmuş festivala ABŞ-dan, Böyük Britaniyadan, Fransadan, Yaponiyadan, Türkiyədən, İsraildən və Rusiyadan görkəmli incəsənət ustaları, mədəniyyət xadimləri, tanınmış musiqiçilər gəlmişlər.
Mədəniyyət naziri Polad Bülbüloğlu mərasimi açaraq prezident Heydər Əliyevin fərmanına əsasən hər il ölkəmizdə keçirilən milli musiqi günü ilə əlaqədar təşkil edilmiş bu festivalın əhəmiyyətindən danışdı, tədbirin əsas təşkilatçılarından olan “Azərbaycan mədəniyyətinin dostları fondu”nun sədri Mehriban xanım Əliyevanı, eləcə də xaricdən gəlmiş qonaqları salamladı.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin festival iştirakçılarına təbrik məktubunu oxudu.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, dünya şöhrətli skripkaçı Dmitri Sitkovetski çıxış edərək Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun doğum günündə paytaxtımızda belə mötəbər musiqi bayramının keçirilməsini yüksək qiymətləndirdilər.
Natiqlər bir həftə davam edəcək festivalın təşkilatçılarına, eləcə də sponsorlara – “Azərbaycan Hava yolları” Dövlət Konserninin, “Bi-Pi AMOKO” Neft Şirkətinin, Almaniyanın “Lüfthanza” şirkətinin rəhbərlərinə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin iştirakı ilə böyük konsert oldu. Əməkdar kollektiv – Üzeyir Hacıbəyov adına Dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri ifa edildi.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, xarici ölkələrin respublikamızdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan.- 1999.- 19 sentyabr.- № 215.- S. 1.