Çap etmək   ⁞     ⁞   Millət vəkili

Humanizm və mərhəmətin ali ünvanı

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Amnistiya Aktının qəbul edilməsi ictimai rəydə böyük rəğbətlə qarşılanıb


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş Amnistiya aktı ictimai rəydə böyük rəğbət, ehtiramla qarşılanıb. Qeyd edək ki, bu Mehriban xanımın deputatlıq fəaliyyəti dövründə onun təşəbbüsü ilə qəbul edilmiş ikinci Amnistiya aktıdır.

Xüsusilə, Amnistiya aktının xalqımız üçün əziz olan Novruz bayramı günlərindən başlayaraq icra edilməsi xalqımızın milli-mənəvi dəyərlərinə hörmət hesab olunur. Mehriban xanım Əliyeva Novruz bayramı günlərində qanunvericilik təşəbbüsü ilə çıxış etməklə, ilk növbədə, onu nümayiş etdirdi ki, bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezident İlham Əliyevin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək, ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli-mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti, bu baxımdan, hər bir vətəndaş üçün nümunə sayıla bilər. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə, yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti çox genişdir və bu fəaliyyət ictimai-siyasi və mədəni sferanın bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs” jurnalının Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva hər bir sahədə ölkəmizin gələcəyi və inkişafına töhfə verməyə çalışır. Bütün cəmiyyət dəfələrlə bu reallığın şahidi olub.

Mehriban xanımın təşəbbüsü ilə Amnistiya aktının qəbul edilməsi isə onu göstərdi ki, birinci ledinin ictimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi-rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına etdiyi kömək də təsdiq edir. Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı, işinə ürəkdən canyandırması bu layihələrin uğurla həyata keçirilməsinə səbəb olub.

Mehriban xanımın təşəbbüsü ilə Milli Məclisin Amnistiya aktını qəbul etməsi bir daha bu keyfiyyətini nümayiş etdirdi. Etiraf etməliyik ki, Mehriban xanımın bu humanist addımı ulu öndərimiz Heydər Əliyevin banisi olduğu Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən inkişaf modelinə əsaslanır. Böyük öndər ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətdə dövlətə etimad və inamın formalaşdırılmasını qeyri-mümkün hesab etmiş, bunun üçün, ilk növbədə, məhkəmə-hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur.

Daim yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkən Heydər Əliyev Avratlantik məkana inteqrasiya yolunda bəzən cəmiyyətdə birmənalı qəbul edilməyən, ziddiyyətli fikirlər doğuran cəsarətli, bəzən də riskli addımlar atmaqdan belə çəkinməmişdir. Qanunçuluq və hüquq qaydalarının hələ tam oturuşmadığı bir dövrdə - 1993-cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq bu hökmün ləğv edilməsi ulu öndərin yüksək humanizminin təzahürü kimi diqqətəlayiqdir. Avratlantik məkana inteqrasiya yolunu seçmiş Azərbaycan ölüm hökmünün ləğvinə qərar verməklə, həm də Avropa Şurasına üzvlük niyyətini ortaya qoymuşdur: ölüm hökmünün ləğvi təşkilatın üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir.

Bununla belə, ulu öndərin cəza siyasətinin humanistləşdirilməsi məqsədini önə çəkərək ölüm hökmünün ləğvi təşəbbüsünü irəli sürməsi ilk vaxtlarda cəmiyyətdə birmənalı qarşılanmamışdı. Demokratik norma və dəyərlərin hələ tam oturuşmadığı bir şəraitdə ölüm hökmünün ləğvinin ciddi fəsadlara gətirib çıxara biləcəyi ilə bağlı pessimist fikirlərə də rast gəlinirdi. Müəyyən nihilist qüvvələr ölüm hökmünün ləğvinə qarşı çıxsalar da, böyük əksəriyyət “Avropa ailəsi” nə qovuşmaq baxımından belə bir addımın zəruriliyini yaxşı dərk edirdi. Lakin ulu öndərimiz Heydər Əliyev 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi barədə fərman imzalamaqla, Azərbaycanı sivil Avropa dövləti kimi görmək niyyətini bir daha nümayiş etdirdi.

Müqayisə üçün bildirək ki, həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı atmamışdı. Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək, ağır və xüsusilə, ağır cinayətlərin sayının azalmasına gətirib çıxardı. Heydər Əliyevin ədalətli rəhbər imici, həm də onun bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması ilə şərtlənmişdir. Ulu öndərimizin hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətinin əyani təcəssümü olaraq, son 14 ildə Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması təqdirəlayiq ənənəyə çevrilmişdir.

Ulu öndərimizin 4 may 1995-ci il tarixli fərmanı ilə Əfvetmə İnstitutunun bərpası və Prezident yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım olmuşdur. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Ötən dövr ərzində məhkum olunmuş şəxslərə həm də amnistiya aktlarının tətbiqi yolu ilə humanist münasibət göstərilmişdir. Məhkumun cəza çəkməkdən azad edilməsi, yaxud cəzanın daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutan Amnistiya aktının tətbiqi, humanizmin və cinayət törətmiş şəxslərə göstərilən etimadın təzahürü kimi dəyərləndirilə bilər.

Hər hansı dövlətdə Amnistiya tətbiq edilərkən bu aktın cəmiyyətdə doğura biləcəyi nəticələr, onun qəbul edilməsini zəruri edən şərait, cinayətkarlığın vəziyyəti, iqtisadi səmərə, dövlətçilik mənafeləri və digər problemlər hərtərəfli tədqiq edilir. Azərbaycanda müntəzəm olaraq qəbul edilən əfv və Amnistiya fərmanları, həm də ölkəmizdə dövlətçilik sütunlarının möhkəmliyini sübuta yetirir.

Ulu öndərimiz Heydər Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı siyasətini inamla davam etdirən Prezident İlham Əliyev də törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidentinin ötən beş ildə 10 əfv fərmanı imzalaması, 1400-ə yaxın məhkumu cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etməsi olduqca böyük göstəricidir. Həmin göstəriciyə görə, Azərbaycan dünyanın ən aparıcı demokratik ölkələrini də qabaqlayır. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına, cəzanın humanistləşdirilməsinə və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin mütəmadi olaraq imzaladığı əfv fərmanları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Hər bir vətəndaşın Prezidenti olduğunu əməli işilə sübuta yetirmiş dövlət başçısı, hətta cinayət törətmiş insanları da naümid qoymaq istəmir. Mütəmadi imzalanan əfv fərmanları həm də təkcə məhkumların deyil, onların yaxınlarının, doğmalarının arzularını reallığa qovuşdurur, onların dövlət və cəmiyyət qarşısında məsuliyyət hissini artırır. Xüsusən də, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən məhkumlar, ölkə başçısının bu yüksək humanizmindən nəticə çıxarmağa, bir daha səhv yola düşməməyə çalışırlar. Müntəzəm olaraq imzalanmış əfv fərmanları Azərbaycanın demokratik imicini daha da gücləndirməklə, rəsmi Bakının insan hüquqları üzrə ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla, xüsusən də, ATƏT, Avropa Şurası kimi təşkilatlarla münasibətlərinin genişlənməsinə imkanlar açır.

Bütün bunlara rəğmən, Mehriban xanımın təşəbbüsü ilə parlamentin Amnistiya aktı elan etməsi Azərbaycanın demokratik inkişafını təmin etmək məqsədilə qarşıya qoyulan strategiyanın tərkib hissəsidir. Azərbaycan dövləti bununla bir daha sübut etdi ki, ölkənin və onun vətəndaşlarının mənafelərini bütün siyasi maraqların fövqündə görür. Mehriban xanımın qanunvericilik təşəbbüsü məhz bu baxımdan, dövlətə və onun strukturlarına dərin inamı və etimadı daha da bərqərar etdi.


Y. Əliyeva

Səs.- 2009.- 1 aprel.- № 58.- S. 2.