Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin və mədəniyyətin, idmanın inkişafına, insanların konkret qayğı və problemlərinin həllinə, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir



“Ulu öndər Heydər Əlirza oğlu Əliyev haqqında çoxlu kitab yazılmışdır. Lakin təəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini əks etdirmir. İlk növbədə, əlbəttə ki, Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi. Mahiyyət etibarilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmamışdır. Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə ”hakimiyyət ustası" olduğunu anlamağa çalışırlar. Lakin bütün bu yazılarda liderin həm praqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır. O, ailədə, gündəlik ünsiyyətdə olduqca sadə, həssas, qayğıkeş idi. Heydər Əliyev əzəmətli, bənzərsiz şəxsiyyətdir!”

Mehriban xanım Əliyeva


Dövlət müstəqilliyimizin bərqərar olması, möhkəmləndirilməsi, iqtisadi tərəqqisi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilən siyasi xəttin tam düzgünlüyü artıq real təsdiqini tapmışdır. Belə bir fakt hamı tərəfindən etiraf olunur ki, alternativi olmayan bu siyasi xəttin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.

2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.

İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur, bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır.

İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş “dəyirmi masa”da çıxışında demişdir: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.

Bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən il Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn dörd əsas istiqamət – texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlanmışdır.

Artıq bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmışdır. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Layihənin həyata keçirilməsi gedişində Bakı şəhərinin Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli uşaq evi, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Şamaxı internat məktəbi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulmuşdur. Onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmışdır.

Proqram çərçivəsində asudə vaxtın və istirahətin səmərəli təşkili məqsədi ilə yay istirahəti düşərgələrinin yaradılması istiqamətində də işlər görülür. Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbəsində dünya standartlarına cavab verən yay düşərgəsinin yaradılması layihəsi reallaşmışdır.

Uşaq müəssisələrində qida normativlərinin aşağı olması da müəyyənləşdirilmiş, təkliflər paketi hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur. Mehriban xanım bu tipli müəssisələrə mənsub olan torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi barədə şikayətlərə də diqqətlə yanaşmış, belə halların yolverilməz olduğunu bildirmişdir.

Şüvəlan qəsəbəsindəki poliomielit və beyin iflici olan uşaqlardan 7 nəfərinin Dublində (İrlandiya) keçirilmiş idman yarışında qızıl medal qazanmasından çox sevinən Azərbaycanın birinci xanımı buradakı müəllim və tərbiyəçilərlə görüşündə demişdir: Bunlar bizim uşaqlardır, mənim üçün çox doğmadırlar, xahiş edirəm, onlara öz övladlarınız kimi baxasınız.

Heydər Əliyev Fondunda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı” layihəsinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” sonradan bu istiqamətdə dövlət səviyyəsində mühüm proqramın qəbuluna zəmin olmuşdur.

Fondun ötən ildən həyata keçirməyə başladığı və artıq birinci mərhələsi başa çatan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ötən il respublikada məktəb binalarının monitorinqi keçirilmişdir. Nəticədə Azərbaycanın ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132 məktəb müəyyənləşdirilmiş, mütəxəssislərin rəyinə görə, onların yenidən inşası problemin ən optimal həlli kimi qiymətləndirilmişdir.

İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin ən müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədi ilə 2005-ci ilin iyun ayında müvafiq qurumların, habelə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə “dəyirmi masa” keçirmişdir. Proqramın həyata keçirilməsi məqsədi ilə hazırlanmış 100, 200 və 240 şagird yerlik məktəb layihələri “dəyirmi masa” iştirakçılarına təqdim olunmuşdur.

Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuşdur. Az sonra Azərbaycanın müxtəlif bölgələrində – dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət almışdır.

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində 23 mindən çox şagird 2005/2006-cı tədris ilini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılamışdır.

Fond bu çox dəyərli missiyanı cari ildə də davam etdirir, indi respublikamızda həmin proqramın 2-ci mərhələsi uğurla həyata keçirilir. Fondun təşəbbüsü ilə hazırda ölkəmizdə yarısı paytaxtda və ətraf qəsəbələrdə olmaqla, daha 100 məktəb inşa edilir.

Fondun hər Yeni ildə, Novruz şənliklərində, yeni dərs ilinin başlanmasında, əlamətdar bayramlarda şəhid, əlil, məcburi köçkün ailələrində və aztəminatlı ailələrdə böyüyən, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara sovqatlar göndərməsi, onlardan ötrü əyləncəli şənliklər keçirməsi də artıq ənənəyə çevrilmişdir.

Fondun təşəbbüsü ilə “Mən Azərbaycanı sevirəm” mövzusunda uşaqların əl işlərinin müsabiqəsi və sərgisi təşkil edilmişdir.

Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Heydər Əliyev Fondu onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni zəruri sayır. Bu məqsədlə “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə hazırlanmışdır. Üç mərhələdən ibarət layihə BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilir. Birinci mərhələdə məqsəd kor və görmə qabiliyyəti zəif olan insanların İKT ehtiyaclarını müəyyənləşdirmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlamaqdır.

İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəblərdə model İKT sinfinin yaradılması istiqamətində iş aparılacaqdır. Xüsusi kompyuter avadanlığının alınıb quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması bu mərhələdə başlıca işdir.

Kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün kitabxana və təlim mərkəzinin yaradılması isə layihənin üçüncü mərhələsini əhatə edir. Bu müddətdə audio-kitabxana və bütün növ ədəbiyyatı audio formata çevirmək üçün səsyazma studiyasının yaradılması, bu studiyanın və nəşriyyatın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audio kitabların bərpası, internetə çıxış, İT-əsaslı təlim kursları, xidmətləri təmin edən kompyuter mərkəzinin yaradılması və təlimatçıların hazırlanması həyata keçiriləcəkdir.

Əhalinin sağlamlığının təmin olunması, səhiyyə sahəsində problemlərə diqqət 2005-ci ildə Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutmuşdur. Bu sahədə ilk tədbirlərdən biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir.

2004-cü il dekabrın 4-də fondda “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin təqdimatından sonra Heydər Əliyev Fondu Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo Nordisk şirkəti ilə birgə layihənin icrasına başladı. Layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltmək, bunların həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu sahədə iştirakını fəallaşdırmaqdır.

Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər böyük çətinlik mövcud idi. Layihə çərçivəsində həmin uşaqlara yarımillik insulin preparatları və şpris-qələmlər verilmişdir. 2005-ci ilin may ayından başlayaraq, Heydər Əliyev Fondu tərəfindən hər növbəti yarım il üçün insulin preparatları və şpris-qələmlər paylanılır və bu iş indi də müntəzəm davam edir. Bu yaxınlarda respublikamızda qeydiyyatda olan 2-ci qrup şəkərli diabet xəstəliyinə tutulmuş 100 pasiyentin hər birinə birillik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı verilmişdir. Dərman preparatlarının kəşfi, tədqiqi, istehsalı sahəsində dünyada ikinci ən böyük, tanınmış müəssisə olan Fransanın “Servye” şirkətində hazırlanmış preparatların diabetli xəstələrə, onların ailələrinə, doğma və əzizlərinə çatdırılması Heydər Əliyev Fondunun əvəzsiz hədiyyəsi olmuşdur.

Səhiyyə sahəsində fondun həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Respublikanın bəzi rayonlarında bu xəstəlik geninin yayılma tezliyi xüsusi təşviş doğurduğundan, Heydər Əliyev Fondu bu sahəyə diqqət yetirməyi zəruri hesab edir.

Fondun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra, 2005-ci ilin fevral ayında “Talassemiyasız həyat naminə” mövzusunda keçirilən “dəyirmi masa”da ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən

Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Geniş diskussiyadan sonra fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır. Artıq müvafiq yer ayrılmış və onun tikilməsi istiqamətində işlər görülür. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmışdır. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir. Fondun təşəbbüsü ilə talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıstan və İsrail dövlətlərindəki təcrübə öyrənilir, bu ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür. Artıq ötən il bir neçə ölkənin talassemiya sahəsində tanınmış mütəxəssislərinin Azərbaycana səfərləri təşkil edilmiş və müzakirələr aparılmışdır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması üçün başqa ölkələrlə mütəxəssis mübadiləsinin təşkili də nəzərdə tutulur. Fond tərəfindən bu yaxınlarda Almaniyanın “Frezerius” şirkətinin istehsalı olan 7 hemodializ aparatı da Bakıdakı M.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasına hədiyyə edilmişdir. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin əzablarını yüngülləşdirəcəkdir. Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır ki, bunların da 450 nəfərindən çoxu pulsuz müalicə olunur. Heydər Əliyev Fonduna səhiyyə problemləri ilə bağlı 4 minədək məktub daxil olmuş, bütün məktublar diqqətlə öyrənilmiş, müvafiq tibb müəssisələrinə göndərilmişdir. Daxil olan çoxsaylı xahişləri nəzərə alaraq, müxtəlif xəstəliklərə düçar olmuş insanlara kömək göstərilməsi üçün fond tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

2500-dən çox insana yardım göstərilmişdir ki, onların çoxu ürək xəstəliklərindən əziyyət çəkən azyaşlı uşaqlardır. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların bir qisminin mütəmadi olaraq zəruri tibbi müayinə üçün müxtəlif ölkələrə göndərilməsinə də yardım edir. 2005-ci ildə metropolitenin “Bakı Soveti” stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanların müalicə olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Ötən il Bakı Baş Səhiyyə İdarəsinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunmuş, aktiv terapiya, masaj, müayinə avadanlığı və lazımi trenajorlarla təchiz edilmişdir. 100 çarpayılıq uşaq evində ötən il 87 uşaq müalicə olunmuşdur. Uşaq evinin həyəti abadlaşdırılmış, yaşıllıq salınmış, uşaqların əylənməsi üçün şərait yaradılmışdır. 18 nömrəli təcili yardım stansiyasının Türkan qəsəbəsindəki bölməsinin yenidən qurulması işi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

Tibb sahəsində əməkdaşlığa xüsusi önəm verən fond Gürcüstanın Hematologiya və Transfuziologiya İnstitutunun müraciəti ilə bağlı ötən il bu instituta 50 flakon “Desferal” preparatı hədiyyə etmişdir. İsmayıllı rayonunun İvanovka kəndində yeni səhiyyə ocağının yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür. Fond sosial problemlərin həllinə də öz köməyini əsirgəmir. Qaradağ rayonunda yaşayan 20 mindən artıq əhalini su ilə təchiz edən su kəmərinin çəkilişi bu qəbildəndir.

Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Bu sahədə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə bir neçə uğurlu layihə həyata keçirilmişdir. 2005-ci ildə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılmışdır. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla “dəyirmi masa” keçirilmiş və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdır. Muğam ustaları ilə mütəmadi görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilmiş və fondda onun təqdimatı keçirilmişdir. Onun üçün münasib yer seçilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə binanın təməli qoyulmuşdur.

Bu silsilədən növbəti addım “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması və “Gülüstan” sarayında onun təqdimat mərasiminin keçirilməsidir. Muğam vasitəsilə Qarabağ problemi haqqında bir həqiqət də dünya birliyinə çatdırılır ki, bu sənətin doğulduğu torpaq özgə xalqın ola bilməz, belə mənəvi incilərin yarandığı torpaq yağı tapdağında qala bilməz. Qarabağ xalqımızın ağrı-acısı, nisgilli tarixi, ayrılmaz tərkib hissəsidir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun “Space” televiziyası vasitəsilə həyata keçirdiyi, bir ilə yaxın davam edən muğam müsabiqəsi, sözün əsl mənasında, ölkəmizin mədəni həyatında yaddaqalan hadisəyə çevrilmişdir. Bu layihəni, onun gedişatını, son nəticəsini dünyanın bir çox ölkələrində də milyonlarla muğamsevər izləmişdir. Dövlət Filarmoniyasında, sonra isə Heydər Əliyev adına Sarayda Azərbaycan Prezidentinin də təşrif buyurduğu yekun konsertləri muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan mühüm addım olmuş, bu məsələ həm də dövlət himayəsinin əyani təzahürünə çevrilmişdir.

Tanınmış ifaçıların iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili də sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın görkəmli yazıçı və pedaqoqu Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılmış və muzey yenidən fəaliyyətini davam etdirmişdir.

Bakının Əzizbəyov rayonundakı Mərdəkan qəsəbəsində Kütləvi kitabxanada yenidənqurma işləri aparılmış, Pir Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər başa çatmışdır. Hacı Zeynalabdin Tağıyevin və qızı Sona xanımın, Hacı Turab ağanın dəfn olunduqları bu ziyarətgah indi əsl kompleksə çevrilmişdir. Mir Mövsüm ağa ziyarətgahını hər dəfə xüsusi hörmət və ehtiramla ziyarət edən Mehriban xanım buradakı məscidə ustad sənətkar Kamil Əliyevin toxuduğu, üzərində Quran ayələri olan xalçanı hədiyyə etmişdir.

Gəncə şəhərində VII əsrdə yaşamış, öz xeyirxahlığı ilə el arasında böyük hörmət qazanmış Comərd Həsənin məzarı və məzarüstü türbəsi də bərpa olunmuşdur.

Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində Heydər Əliyev Fondunun köməyi ilə türbə ucaldılmış, Həzrəti Zeynəb məscidində isə yenidənqurma işləri aparılmışdır.

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar – xalqımızın böyük dostu Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində daha bir uğurlu addım görkəmli bəstəkarımız Firəngiz Əlizadənin Parisdə yaradıcılıq gecəsinin keçirilməsi olmuşdur.

Dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin səhnələşdirilməsi haqqında Vyana Kamera Teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir. Hazırda “Hacıbəyov” şərti adı altında böyük layihə üzərində intensiv iş gedir. Bu layihədə Üzeyir bəyin bütün əsərlərinin, o cümlədən klavirlərinin yenidən çap olunması ilə yanaşı, onların CD və DVD-də buraxılması da nəzərdə tutulmuşdur.

Böyük Vətən müharibəsinin 60 illiyi münasibətilə fondda keçirilən tədbir, veteranlara maddi yardımların verilməsi, onların ünvanına deyilən xoş sözlər dəhşətli müharibənin od-alovundan keçmiş insanların yaddaşında uzun müddət qalacaqdır.

Bu ilin martında fondun təşkilatçılığı ilə Bakıda keçirilmiş “Fərqli mədəniyyətlərin qovuşuğu” beynəlxalq sərgi-konfransı, apreldə təşkil edilmiş “Azərbaycan: keçmişin və bu günün sivilizasiyalararası dialoqu”, iyunda fondda keçirilən “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfrans respublikamızın mədəni həyatında diqqətəlayiq hadisəyə çevrildi. Bu konfranslarda Mehriban xanımın, eləcə də Latın Mədəniyyəti Akademiyasının Baş katibinin, Roma Klubunun sədri –İordaniya Haşimilər Krallığının şahzadəsinin, YUNESKO- nun Baş direktorunun müavininin, dünyadakı yəhudi təşkilatlarının rəhbərlərinin çıxışları Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın yeri və roluna, mövqeyinə verilən yüksək qiymətlə də yadda qaldı.

Belə tədbirlər, dünyanın nüfuzlu təşkilatları ilə əlaqələri fondun qazandığı nüfuzun, onun rəhbərinə dünyada getdikcə artmaqda olan hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, milli-mədəni irsimizin təbliğində də əvəzsiz rol oynayır.

Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə ötən ildən yaranmış əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafına, rus dili vasitəsilə dünya mənəvi-mədəni xəzinəsinə çıxış əldə edilməsinə yönəldilmiş çox dəyərli hadisədir. Heç kəsə sirr deyil ki, Rusiya ilə 200 ildən çox davam etmiş birgə yaşayış xalqımızın siyasi-ictimai, elmi-mədəni dünyagörüşünə böyük təsir göstərmiş, xalqımız rus dili vasitəsilə dünya mədəni irsi ilə tanış olmuş, həm də öz dəyərli ədəbi-bədii fikir nümunələrini dünyaya tanıda bilmişdir. Müstəqillik qazanmış ölkəmizin hazırkı mərhələdə Rusiyanın oxşar strukturları ilə belə münasibətləri olduqca təqdirəlayiq, əhəmiyyətlidir. Keçmiş İttifaq dağıldıqdan sonra bu sahədə 15 ildən çox davam edən boşluğu məhz Heydər Əliyev Fondu doldurmağa başlamışdır. Eyni fikirləri Rusiyada son illər nəşr edilmiş müxtəlif elm sahələrinə aid 4 min kitabın, ondan əvvəl isə 800 dərsliyin fondun və şəxsən Mehriban xanımın təşəbbüsü ilə alınıb respublikamızın ali məktəblərinə təqdim edilməsi haqqında da demək olar. Bu xeyirxah məramın arxasında Mehriban xanımın dövlətçiliyə, azərbaycançılığa, xalqımızın gələcəyinə və bir də kitaba münasibəti durur. Mehriban xanım həmin mərasimdə demişdir: “Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. Kino da mənim üçün ədəbiyyatdan törəmədir. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas kitabdır. Mən həyatda öyrəndiyim bütün yaxşı şeylər üçün kitablara borcluyam”.

Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri ulu öndərimizin zəngin irsinin, Vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır.

2005-ci ildə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, məlumatın həcmi və geniş əhatə dairəsi ilə fərqlənən “heydar-aliyev.org” adlı domen internet portalı yaradılmışdır. Portalda ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdəki nitqləri, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri öz əksini tapmışdır. Azərbaycan, ingilis və rus dillərində təqdim olunan bu portal işçi qrupu tərəfindən mütəmadi olaraq yeniləşdirilir.

Bu silsilədən növbəti layihə “heydar-aliyev-foundation.org” domeni olan, yüksək zövqlə tərtib edilmiş Heydər Əliyev Fondunun internet səhifəsinin yaradılması olmuşdur. Zəngin internet səhifəsində fondun yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında geniş materiallar yerləşdirilmişdir. Burada fondun mükafatları, fəxri qonaqlar, kitabxana, videoqalereya, fotoalbom bölmələri də maraqla oxunur.

Heydər Əliyev Universitetinin konsepsiyasının hazırlanması üzrə iş gedir. Bu, ölkəmizin intellektual elitasının formalaşacağı bir universitet olmalıdır. Azərbaycanda və eləcə də onun hüdudlarından kənarda olan tanınmış təhsil xadimləri ilə məsləhətləşmələrin nəticəsində, təhsildə milli təcrübənin və Avropa standartlarının birləşdiyi bir model əsasında yaranacaq universitet respublikamızda mühüm hadisə olacaqdır.

Fondda Heydər Əliyevə həsr edilmiş ekspozisiya yeni eksponatlarla zənginləşdirilmiş, fonda daxil olmuş 200-dən artıq müxtəlif hədiyyə, 600-dən çox kitab, 200-dən artıq jurnal və qəzet, çoxsaylı fotolar, disk və kasetlər elmi əsaslar üzrə işlənmişdir. Belə bir davamlı iş gələcəkdə Heydər Əliyev Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini əks etdirən materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcəkdir.

Ötən illərdə fondun ekspozisiyası ilə bir neçə min qonaq tanış olmuşdur. Fondu ziyarət edən dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, mədəniyyət, incəsənət, din xadimləri Heydər Əliyev haqqında, fondun fəaliyyəti barədə öz təəssüratlarını, ürək sözlərini bölüşmüşlər.

Bakıda, respublikanın digər şəhər və rayonlarında ulu öndər Heydər Əliyevə həsr olunmuş muzey və guşələrin yaradılması işində də fond elmi-metodik yardım göstərmiş, bölgələrdə, ali təhsil məktəblərində Heydər Əliyev irsinin öyrənilməsi mərkəzləri açılmışdır.

Təhsilin inkişafı, əhalinin maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, türkçülük, azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi istiqamətində Heydər Əliyev Fondu lazımi nəşrlərin çap etdirilməsini zəruri sayır. Ərazi bütövlüyünə qəsd edilən və bir milyon qaçqın-köçkünü olan ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə ulu öndərimiz Heydər Əliyevin gərgin səyi nəticəsində nail olunmuşdur. Onun bu vətənpərvər və şərəfli işini Heydər Əliyev Fondu da davam etdirir.

Fondun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan və ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu silsilənin fransız, alman, ərəb və rus dillərində nəşri də nəzərdə tutulur. Qarabağın daha qədim tarixini əks etdirəcək ikinci toplu da hazırlanır. Burada Qafqaz Albaniyasından başlayaraq Azərbaycan SSR-yədək dövrdə Qarabağın tarixi öz əksini tapacaqdır. Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti addım Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə “Pirlər və müharibə” kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində – Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar veriləcəkdir. Ötən ildən başlayaraq, Heydər Əliyev Fondu Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcümə edilərək çap olunması üzərində işləyir. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın “Türklər və dünya: munis tariximiz” adlı kitabı dilimizə çevrilib nəşr edilmişdir. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E.Kornellin “Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi” kitabının Azərbaycan dilinə tərcüməsi və redaktə işləri artıq başa çatmışdır. Bu kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur. Fondun birgə layihələr çərçivəsində Azərbaycan dilində çap etdirdiyi xarici nəşrlərdən biri də Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” kitabıdır. Onun nəşrindən məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bərabər hüquqlu üzv kimi qəbul olunmasına kömək etməkdir.

Heydər Əliyev Fondu orduda xidmət edən gənclərimizin hərbi hazırlığına və bu sahədə maarifləndirilməsinə töhfə olaraq, “Hərbçinin qeyd-yaddaş kitabçası” və “Hərbi and” qəzetinin nəşrini də həyata keçirmişdir.

Fondun yarandığı vaxtdan ötən iki ildə onun fəaliyyətini əks etdirən nəfis tərtibatlı iki kitab, – sonuncu həm də ingilis dilində, – nəşr edilmişdir. Heydər Əliyev Fondunun nəşr etdirdiyi 2005-ci və 2006-cı il təqvimlərində ulu öndərin ayrı-ayrı tarixi günlər, bayramlar haqqında dəyərli sözləri, müdrik kəlamları, ibrətamiz fikirləri verilmişdir. Nəfis tərtibatlı bu təqvimlər təmənnasız olaraq dövlət qurumlarına və ictimai təşkilatlara, təhsil, səhiyyə, mədəniyyət obyektlərinə paylanmışdır.

Heydər Əliyev Fondu informasiya-kommunikasiya texnologiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə də xüsusi əhəmiyyət verir.

Ötən il fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikanın internet məkanında məlumat bazasının zənginliyinə görə analoqu olmayan “Azərbaycan” portalı yaradıldı. İdeyanı həyata keçirmək məqsədi ilə yüksək ixtisaslı mütəxəssislərdən təşkil edilən işçi qrupu ilkin mərhələdə müvafiq təşkilatların dəstəyi ilə geniş məlumat bazası yaratdı. Qısa müddət ərzində əldə edilən zəruri məlumatlar portalın müvafiq bölmələrində yerləşdirildi.

Dünyanın 100-dən artıq ölkəsində 1 milyarddan çox istifadəçinin qoşula bildiyi internet məkanında yer alan portalda məlumatlar üç dildə təqdim olunur. Portalın ünvanına müxtəlif ölkələrdən gələn minnətdarlıq məktubları sübut edir ki, belə yanaşma istifadəçilərin coğrafiyasının geniş olmasına imkan yaradır. Yaxın gələcəkdə portalın fransız və alman versiyaları da təqdim ediləcəkdir. Portal 12 bölmədən ibarətdir: “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, “İqtisadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan beynəlxalq aləmdə”, “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İnzibati ərazi vahidləri” və “Xəritələr”. Hər bir bölmə bir neçə hissədən ibarətdir və burada toplanmış konkret məlumatlar bütövlükdə Azərbaycanla bağlı istənilən mövzuda informasiya əldə etməyə imkan verir. Respublikamızın hər bir rayonu haqqında verilən ətraflı məlumat xarici iş adamlarının bölgələrə marağının artması və ölkəmizdə turizmin inkişafı baxımından faydalı informasiya yükü daşıyır.

Ermənilərin güclü təbliğat maşınının yaydığı yalanları ifşa etmək, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün “Azərbaycan” portalında yaradılan bölmədə Qarabağın tarixi, Dağlıq Qarabağ problemi və erməni məsələsi, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, humanitar fəlakət, erməni terrorizmi, Azərbaycan ərazilərinin işğalının ağır nəticələri haqqında məlumat toplanmış, tarixi sənədlər verilmişdir. “Xəbərlər” bölməsinin təqvim arxivi yaradılmışdır ki, onun da köməyi ilə günün istənilən məlumatı ilə tanış olmaq mümkündür. İstifadəçilərin işçi qrupuna göndərdiyi irad və təkliflər diqqətlə araşdırılır. Portalın müxtəlif brauzerlərə adaptasiyası həyata keçirilmişdir. Hazırda portalda “Qonaq kitabı” və respublikamızın həyatındakı aktual məsələləri müzakirə etmək üçün “Səsvermə” və “Forum” sistemləri yaradılır. Portal haqqında istifadəçilərin fikirləri “Rəylər” bölməsində yerləşdirilmişdir. Təqdimat mərasimi 2005-ci ildə keçirilən “Azərbaycan” internet portalı “Azərbaycan Elektron kontent-2005 mükafatı” milli müsabiqəsində E-cəlbetmə nominasiyası üzrə qalib gəlmişdir.

Bunlar fondun gördüyü işlərin hamısı deyildir. Heydər Əliyev Fondunun hazırlanmaqda olan, nəzərdə tutulan xeyli digər layihələri, geniş proqramları da vardır.

Fondun prezidenti Mehriban xanımın 2004-cü ilin avqustundan YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti də xalqımız, dövlətimiz üçün, sözün əsl mənasında, dəyərli, faydalı olmuşdur. Qeyri-maddi irsin qorunması sahəsində YUNESKO ilə Azərbaycanın əməkdaşlığı xüsusilə əhəmiyyətlidir. YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. İçərişəhər, Qız qalası isə çox nadir memarlıq incisi kimi dünya mədəni irs siyahısına salınmışdır. Orta əsrlərdə yaşamış alimlərin Azərbaycanda saxlanılan əlyazmalarından xüsusi əhəmiyyət daşıyan 3-ü Mehriban xanımın səyi ilə 2005-ci ildə YUNESKO tərəfindən Dünya Yaddaşı Proqramının beynəlxalq registrinə daxil edilmişdir.

YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın ötən ilin avqust ayında ölkəmizə rəsmi səfəri də Azərbaycanın bu təşkilatla əməkdaşlığının yüksək səviyyəsinin göstəricisi hesab oluna bilər. Cənab Matsuura ilə Azərbaycana YUNESKO-nun xoşməramlı səfirlərinin bir qrupu da gəlmiş, onlar İçərişəhərdə, Qobustanda, Atəşgahda olmuşdular. Beynəlxalq praktikada ilk dəfə olaraq, YUNESKO ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlığa dair konfrans keçirilmiş, memorandum imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO- nun baş direktoru Koişiro Matsuuranın imzaladıqları rəsmi məlumat isə bu nüfuzlu qurumla hərtərəfli əməkdaşlıq üçün geniş zəmin yaratdı.

Dünyanın ən mötəbər təşkilatlarından olan YUNESKO-nun xətti ilə keçirilən tədbirlərdə Mehriban xanım Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı abidələrin taleyi, milli mədəniyyətimizin tanıdılması ilə bağlı çıxışlar etmişdir. Onun fəaliyyətinin nəticəsi olaraq muğam sənəti, aşıq yaradıcılığı, Novruz bayramı ayinləri indi dünyada milli mədəniyyətimizin inciləri kimi tanınır. Mehriban xanım təsisçisi olduğu “Azərbaycan İRS” jurnalının nəşri ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin çatdırılmasında böyük, təqdirəlayiq iş görür.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı, təşkilatçılığı ilə ötən il oktyabrın 3-də Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı keçirildi. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsindəki bu görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliyi təsdiqləndi, həm də ölkəmiz eyni dərəcədə nüfuzlu bir turniri – Dünya kubokunun mərhələ yarışını keçirmək təklifi də aldı və həmin yarış böyük müvəffəqiyyətlə baş tutdu. Dünya kuboku uğrunda yarış da yüksək səviyyədə keçdi və həm ölkə daxilində, həm də xaricdə müsbət qiymətləndirildi. Bu, Azərbaycanda keçirilən ilk dünya çempionatı oldu. Çempionatda 47 ölkənin 140-dan çox idmançısı iştirak etdi. Onların hamısı planetin ən adlı-sanlı gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları idi. Bədii gimnastika idmanla incəsənətin qovuşuğudur və idmanın bu nadir, ən zərif növü indi respublikamızda öz intibah dövrünü yaşayır.

Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın seçkiqabağı təbliğat, təşviqat kampaniyasının, səsvermə gününün və ondan sonrakı bütün görüşlərinin iştirakçısı olaraq deyə bilərəm: 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd kimi Mehriban xanımın seçicilərə, onların şəxsiyyətinə, hər birinin səsinə hörməti, bu siyasi kampaniyaya hazırlıq və onun keçirilməsi, onlara səmimiyyətlə ünvanladığı müraciət məktubu nadir bir məsuliyyət nümunəsi, yanaşma idi. Mehriban xanımın ən yüksək, rekord seçici səsi ilə parlamentə seçilməsi, deputat kimi fəaliyyəti özünə, öz gücünə inamın, insanların etimadını qazanmağın nadir nümunəsi, əsl örnək hesab edilə bilər. Onun bu missiyasında əvvəldən ictimai-siyasi fəallıq, dediyi sözün, verdiyi vədin hər birinin arxasında dayanması, bunların reallaşması üçün göstərdiyi dönməz iradə və istək olduqca ürəkaçan idi. Elə bir qəsəbə olmadı ki, Mehriban xanım orada sakinlərlə görüşməsin. İnsanları qayğılandıran problemlər öyrənildi, sistemləşdirildi, sosial məsələlərin həlli üçün ilk növbədə hansı infrastrukturların vacibliyi, onların tikilib istifadəyə veriləcəyi yer, vaxt müəyyənləşdirildi. Budur, son iki ildə Əzizbəyov rayonunda nə qədər məktəb, uşaq bağçaları, xəstəxana, təcili yardım, aptek, kitabxana, bulaq, istirahət və mədəniyyət parkı, idman meydançaları, yardımçı elektrik stansiyaları tikildi, təmir olundu, qaz kəmərləri çəkildi, məscidlər abadlaşdırıldı, layiq olduğu görkəmi aldı, bərbad yollar asfaltlaşdırıldı. Mehriban xanımın təşəbbüsü ilə “Əzizbəyov rayonunun inkişaf Fondu” yaradıldı, onun nümayəndəliyi açıldı. Yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin açılış, təməlqoyma mərasimləri hər dəfə əsl toy-bayrama çevrilirdi, sakinlər uzun illərdən bəri yığılıb qalan problemlərin qısa vaxtda həll edildiyini gördükcə, həm də dövlətin gücünə, imkanlarına inamları artırdı. Hər görüşdə adamların dilindən bu sözlər eşidilirdi: – Mehriban xanım bizim qəsəbənin fəxri sakinidir, hər bir ailənin sevimlisidir. Fəxr edirik ki, o, bizim deputatımızdır.

Hətta, xarici mətbuat səhifələrində də Mehriban xanıma sadə insanların xüsusi hörmət bəsləməsi barədə dəfələrlə yazılmışdır. Türkiyədə çıxan “Hürriyyət” qəzetinin 2005-ci ilin 13 noyabr nömrəsində çap edilmiş “Təmiz bir örnək” məqaləsinin əsas motivi belə idi: “Xalq onu çox sevir, onun gözəl və ağıllı qadın kimi çox müsbət imici var”.

Bunlar isə Mehriban xanımın jurnalistlərlə qısa söhbətlərindən sətirlərdir. “...İnsan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. ... Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir... Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, təəssüf ki, məhrumam. İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.


Hacı Abdullayev,
AzərTAc-ın müxbiri

Xalq qəzeti.- 2006.- 26 avqust.- № 192.- S. 2-3.