Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıdakı 268 nömrəli xüsusi məktəbdə olmuşdur


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 27-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olmuşdur.

Uşaqlar və müəllimlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Mehriban xanımın şəxsi təşəbbüsü ilə bu məktəb əsaslı təmir olunmuş, maddi-texniki bazası möhkəmləndirilmişdir və hazırda Bakının ən gözəl təhsil ocaqlarından birinə çevrilmişdir.

Mehriban xanım Əliyeva uşaqların əl işlərindən ibarət sərgiyə və kompyuter otağına baxdı, internetə çıxışın təmin olunmasının zəruriliyini bildirdi. Mehriban xanıma hədiyyə təqdim olundu.

Məktəbin əvvəlki və indiki vəziyyətini, Mehriban xanımın məktəbdə keçirdiyi görüşləri, şagirdlərin xarici ölkələrə səfərlərini əks etdirən slaydlar nümayiş olundu, şagirdlərin Türkiyədə keçirilən ənənəvi 23 aprel Uşaq şənliklərində iştirakına dair film göstərildi.

Sonra fondun prezidenti bayram şənliyində iştirak etdi.

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təşkil edilmiş şənlikdə Mehriban xanımın iştirakı uşaqların böyük sevincinə səbəb oldu. Uşaqlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Mehriban xanıma dərin minnətdarlıqlarını bildirdilər.

Xüsusi qayğıya ehtiyacı olan və 700-dək şagirdin təhsil aldığı məktəbin özfəaliyyət dərnəyi üzvlərinin çıxışları, Vətən, ulu öndər Heydər Əliyev, Prezident haqqında söylədikləri şeirlər burada təhsil alan uşaqların nə qədər istedadlı olduqlarını göstərdi.

Mehriban xanım Əliyeva uşaqları Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik etdi, çıxışlarını diqqətlə dinlədiyini söylədi, xatirə şəkli çəkdirdi.

Məktəbin rəhbərliyi qayğıya, nəvazişə ehtiyacları olan uşaqlarla növbəti görüşə gəldiyinə, onlara böyük sevinc bəxş etdiyinə görə Mehriban xanıma dərin minnətdarlıq etdilər.

Sonra respublikamızın gənc müğənniləri konsert proqramı ilə çıxış etdilər.


Xalq qəzeti.- 2007.- 28 dekabr.- № 292.- S. 4.