Birinci xanımın nəcib missiyası
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan naminə yorulmaz fəaliyyəti, xeyirxah əməlləri və nəcib missiyası ilə beynəlxalq miqyasda zəmanəmizin ən görkəmli, ən nüfuzlu qadınlarından biri kimi qəbul edilir və qiymətləndirilir.
Mehriban xanım Əliyevanın humanitar sahədəki fəaliyyəti, mədəni irsimizin təbliği və qorunması istiqamətindəki fəaliyyəti çox zəngin, çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təkcə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirdiyi dəyərli layihələrin sayı-hesabı yoxdur...
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Azərbaycanın görkəmli alimlərinin - Arif Paşayev və Aida İmanquliyevanın ailəsində dünyaya göz açıb. Bu ocaq Azərbaycanın əsil ziyalı, alim ailəsi idi. Azərbaycanın görkəmli alimi, Bakı Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin atası tanınmış yazıçı, ədəbi tənqidçi və çağdaş Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamış Mir Cəlal Paşayev idi. Dünyasını 1992-ci ildə dəyişmiş Azərbaycanın görkəmli şərqşünası Aida İmanquliyeva isə məşhur jurnalist Nəsir İmanquliyevin qızı idi.
1982-ci ildə Bakının 23 saylı orta məktəbini qızıl medalla bitirən Mehriban Əliyeva həmin il Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, daha sonra ali təhsilini İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirmiş və 1988-ci ildə bu ali məktəbi qırmızı diplomla bitirmişdir.
1988-1992-ci illərdə akademik Mixail Krasnovun rəhbərlik etdiyi Moskva göz xəstəlikləri Elmi-Tədqiqat İnstitutun əməkdaşı olub.
1983-cü il dekabrın 22-də Mehriban xanım Azərbaycanın gələcək prezidenti İlham Heydər oğlu Əliyevlə ailə həyatı qurmuşdur. Azərbaycanın birinci ailəsində 1985-ci ildə Leyla, 1988-ci ildə Arzu və 1997-ci ildəsə Azərbaycanın ümummilli lideri və ulu öndərinin adı verilən Heydər dünyaya gözlərini açmışlar.
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıtdırılması istiqamətində gördüyü işlər misilsizdir. Klassik musiqimizin, ilk növbədə muğamın yeni intibahı da onun adı ilə bağlıdır. Bakıda Muğam Mərkəzi yaratmaq təşəbbüsünün müəllifi də məhz ölkəmizin birinci xanımıdır. O, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycan mədəniyyəti incilərinin dünya qeyri-maddi mədəni irs siyahısına salınması kimi böyük uğurlara imza atmış, indi də bu böyük missiyasını davam etdirir.
Ümumiyyətlə, YUNESKO-nun 41 xoşməramlı səfiri sırasında Azərbaycanın birinci xanımının da olması ölkəmizin ən yeni tarixinin parlaq səhifələrindəndir.
Kimsəsizlər və xəstə uşaqlar, onların problemləri Heydər Əliyev Fondunun prezidentinin həmişə diqqət mərkəzindədir.
Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblər açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə də ən müasir tibbi səviyyədə kömək göstərilir.
2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanımın təşəbbüsü ilə Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanda bədii gimnastika üzrə dünya çempionatı kimi mötəbər yarışın keçirilməsinə qərar vermişdi.
Birinci xanımın beynəlxalq miqyasdakı fəaliyyəti, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşması, sivilizasiyalararası dialoq istiqamətindəki rolu ayrıca və geniş bir yazının mövzusudur. Onun 1995-ci ildə yaratdığı Mədəniyyətin Dostları Fondu bu istiqamətdə festivallar, sərgilər, konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar digər tədbirlər təşkil edir.
Heydər Əliyev Fondu Roma Katolik Cəmiyyəti ilə imzaladığı Memoranduma müvafiq olaraq, Fransada Strasburq Kafedral kilsəsinin, Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin bərpası üçün vəsait ayırmışdır. Bundan başqa, Fond "Azərbaycan tolerantlığın ünvanıdır" layihəsi çərçivəsində ölkədəki bütün dini abidələrin bərpasına yardım göstərir.
Təsadüfi deyil ki, bu il iyulun axırlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva zəmanəmizin bir sıra görkəmli qadınlarının, o cümlədən kraliça II Yelizaveta, Hillari Klinton, Tereza Ananın layiq görüldüyü beynəlxalq titula - "XXI əsrin böyük qadını" fəxri adına layiq görülmək üçün nominant kimi irəli sürülüb.
Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının "İpək yolu " Komitəsinin həmsədri Nina Koqan, "İpək yolu " kamera orkestrinin baş dirijoru və "İpək yolu " Komitəsinin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət etmişlər (Onların hamısı Azərbaycanın böyük şərqşünas alimi Aida İmanquliyevanın adını daşıyan Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləridir).
Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafındakı, təhsil, səhiyyə və idman sahəsində geniş və çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycanın birinci xanımının beynəlxalq miqyasda fəaliyyətinə də xüsusi diqqət çəkiblər. Sənəddə deyilir: "Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində "İpək yolu " komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Qədim İpək yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım M.Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan "Sülh qızılgülü" mükafatı verilmişdir..."
Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Niaqara şəhər meri lord Qeri Borrou da Amerika Bioqrafiya İnstitutunun ünvanına müraciəti imzalamışdır. AzərTAc-ın bununla bağlı xəbərində bildirilir: "Keçən il Niaqaranın İncəsənət qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. İlk növbədə Mehriban Əliyevanın dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir Kanada ilə Azərbaycan arasında əsl mədəni körpüyə çevrilmişdir.
Bəli, həqiqətən böyük işlər görən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti dünya miqyasında qiymətləndirilməyə layiqdir!"
Yeri gəlmişkən, avqustun 25-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətini əks etdirən "Azərbaycan mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə misilsiz ərməğandır" kitabının rus dilində variantının təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında hazırlanmış kitab Mehriban xanım Əliyevanın mədəniyyətin, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində 1995-ci ildən 2009-cu ilədək həyata keçirdiyi böyük işləri və onun çoxşaxəli fəaliyyətini geniş şəkildə əks etdirir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu yaxınlarda təqdimatı keçirilmiş "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının rus dilində variantı olan kitab Mehriban xanım Əliyevanın xalqımızın mədəniyyətinin, mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması sahəsindəki fəaliyyətinə həsr olunub: "Kitabda eyni zamanda Mehriban Əliyevanın YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarda apardığı humanitar işlərə də geniş yer ayrılıb".
Mehriban xanım Əliyevanın xeyirxah əməlləri, çıxışları, onun haqqında deyilən fikirlərin də əksini tapdığı kitab YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycanın birinci xanımının fəaliyyəti haqqında fikirləri ilə açılır.
Tədbirdə AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri, xalq yazıçısı Zəlimxan Yaqub, Milli Məclisin deputatı Elmira Axundova və xalq artisti Arif Babayev öz çıxışlarında bildiriblər ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği, təhsil və səhiyyə sahələrində həyata keçirilən genişmiqyaslı layihələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Ad günü münasibəti ilə Azərbaycanın birinci xanımını təbrik edir, ona cansağlığı, uzun ömür və ailə səadəti, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Mehriban xanımın Azərbaycanda və dünyadakı yeri, bir məşhur fikrində bildirdiyi kimi, yeganə və bənzərsizdir: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.
Kimsənsə elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir..."
Elvin Mirzə
Ekspress.- 2009.- 26 avqust.- № 153.- S. 3.