Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbi istifadəyə hazırdır
AzərTAc xəbər verir ki, beynəlxalq əlaqələrini genişləndirən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası artıq istifadəyə tam hazırdır. Qızlar üçün nəzərdə tutulan yeni məktəbin binası Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunmuşdur.
Fondun bu layihəsi 2005-ci ildə baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır. Layihə çərçivəsində qısa müddətdə inşa olunan yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 sinif otağı, fənn kabinələri, kitabxana və idman zalı vardır. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur. Yaxın günlərdə məktəbin açılış mərasimi olacaqdır.
“Yeniləşən Azərbaycana yeni məktəb” Proqramını uğurla həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək Azərbaycanda 200-dən artıq məktəb binası tikilib istifadəyə verilmişdir. Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.
Xalq qəzeti.- 2008.- 26 yanvar.- № 18.- S. 5.