Kazanda qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun seminarı açılmışdır
AzərTAc-ın Kazandan aldığı xəbərdə deyilir ki, dekabrın 15-də Tatarıstan paytaxtında qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarı başlanmışdır. Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva seminarda iştirak edir. Seminarda Avropa və Şimali Amerikanın 49 ölkəsinin Mədəniyyət və Xarici İşlər nazirliklərinin nümayəndələri təmsil olunmuşlar.
Tədbirdə ötən ilin oktyabrında Parisdə YUNESKO-nun 32-ci sessiyasında qəbul edilmiş beynəlxalq konvensiya müzakirə olunacaqdır. Konvensiyada qeyri-maddi mədəni irsin - xalqların milli bayramlarının, adət və ənənələrinin, musiqi və şifahi yaradıcılıq incilərinin qorunub saxlanılması və təbliği nəzərdə tutulur.
Belə bayramlardan biri də tatarların milli Sabantuy bayramıdır. Tatarıstan Respublikasının təşəbbüsü ilə Rusiya bu bayramın YUNESKO-nun şifahi və qeyri-maddi irs siyahısına salınmasını təklif etmişdir. Səkkiz əsrdən artıq bir dövrdə qeyd edilən Sabantuy təkcə tatarların deyil, Volqaboyu regionu və Rusiyanın digər regionları xalqlarının da bayramına çevrilir.
AzərTAc
2004, 15 dekabr