Çap etmək   ⁞     ⁞   Fond haqqında

İnternat məktəbdə toy


Bakının Sabunçu rayonundakı əqli cəhətdən zəif və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 11 saylı köməkçi internat məktəb YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində tamamilə yenidən qurulub. Burada tərbiyə və təhsil alanlar üçün yüksək səviyyədə müasir tələblərə uyğun şərait yaradılıb. Yeni məktəb avadanlıqları alınaraq şagirdlərin istifadəsinə verilib. Həyətyanı sahə asfalt örtüklə döşənilib. Səkilər, istirahət guşələri yenidən bərpa edilib. Müəllimlər və şagirdlər üçün duşxanalar yenidən qurulub. Sanitar qovşaqları dəyişdirilib. Şagirdlər üçün yeni modeldə komplekt şəklində kompyuter, kitab, paltar şkafları, kitabxana üçün kitab rəfləri, yataq otaqlarına xalçalar, yataq, mebel dəstləri, müəllimlər üçün stol, stul, kitab və paltar şkafları və s. hədiyyə olunub. Şagirdlərin fiziki sağlamlıqları üçün idman salonuna trenajor quraşdırılıb.

İnternat məktəbdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Heydər Əliyev muzeyi yaradılıb. Burada təhsil alanlar əsl ana qayğısı, ana məhəbbəti ilə əhatə olunublar.

İnternat məktəbə respublikanın qabaqcıl təhsil işçisi Mehparə Cəfərova rəhbərlik edir.

Bu günlərdə təhsil ocağında toy-büsat qurulmuşdu. Bu toy-büsat YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın diqqət və qayğısı sayəsində keçirilirdi. Toy məclisi internat məktəbin yetirmələri Fərhad Kərimov, Ceyran Əliyeva, Nərgiz Mehdiyeva üçün qurulmuşdu.

Fərhad Kərimov 1982-ci ildə anadan olub. İnternat məktəbin I sinfinə 1989-cu ildə qəbul olunub. Nərgiz Mehdiyeva 1988-ci ildə anadan olub. 1998-ci ildə II sinfə qəbul olunub. Onların hər ikisinin ailəsi, doğulduğu məkan haqqında heç bir məlumat yoxdur. Ceyran Əliyevanın ailəsi, doğulduğu məkan isə bəllidir. O, 1988-ci ildə Abşeron rayonunun Qobu kəndində anadan olub. Anası ruhi-əsəb xəstəsi olduğundan kiçik yaşından uşaq evinə verilib. Hər üçü məktəb yaşına çatdıqda təhsil və tərbiyə almaq üçün respublikanın uşaq evlərindən 11 saylı yardımçı internat-məktəbə göndərilmişlər. Təhsilləri başa çatdıqdan sonra (burada tədris prosesi 10 illikdir) getməyə yerləri olmadığından internat-məktəbin direktoru Mehparə Cəfərova onları təhsil ocağında işlə təmin etmişdir.

Ceyran Əliyeva Fərhad Kərimovla, Nərgiz Mehdiyeva isə internat məktəbin tərbiyəçi müəllimi Şövkət İbrahimovanın yaxın qohumu Bakının Əmircan kəndində anadan olmuş İlqar Məmmədovla ailə həyatı qururdu. Gənclərə toy hədiyyəsi olaraq Mehriban xanım Əliyeva tərəfindən rayonun Maştağa qəsəbəsində 300 kv sahəsi olan torpaq sahəsi verilib. El adət-ənənəsi ilə qızlar üçün elçilik edilib, nişan dəstgahı keçirilib. Ceyran üçün ata-ana yurdunda Qobuda, Nərgiz üçün isə Mehparə ananın iş otağında xınayaxdı məclisi qurulub. Fərhadla Ceyran üçün xüsusi mənzil kirayə edilib (kirayə haqqını rayon ictimaiyyəti ödəyir). İlqarla Nərgiz üçün isə Şövkət İbrahimovanın həyətində xüsusi bir mənzil ayrılıb.

Təzə ailə quranlara rayon ictimaiyyəti, internat məktəbin rəhbərliyi, pedaqoji kollektivi tərəfindən müasir tipli televizor, soyuducu, yumşaq, bərk mebel, yataq dəstləri, müxtəlif çeşidli servizlər və s. cehiz verilib. Xatırladaq ki, bu internat-məktəbdə ilk toy deyildir. Mehparə ana Marinam buradan gəlin köçürmüş, Vadim üçün gəlin gətirmişdir. Hər il isə burada kiçik toy məclisi qurulur. Artıq bu ənənəyə çevrilib.

İnternat məktəbdə toy idi. Bir bəzəkli gəlin maşmı Maştağadan internat məktəbə Nərgizi, bir gəlin maşını isə internat məktəbdən Qobuya Ceyranı gətirməyə yola düşdü. Bütün Qobu əhli Ceyranı köçürməyə gəlmişdi. Kəndin ağbirçəyi Zərxanım ana Ceyrana xeyir-dua verdi. Kənd camaatı heç də Ceyranı əliboş gəlin köçürmürdülər. Hər kəsin ona məxsusi toy hədiyyəsi var idi.

Gəlin maşınları Sabunçu dairəsində birləşib dəniz sahilinə yola düşdü. Gəzintidən sonra bəy və gəlinlər Mehparə ananın iş otağından toy yerinə yola salındılar. Öncə onlar ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Mehparə ananın xeyir-duasını aldılar, tövsiyələrini dinlədilər. Toy məclisi internat-məktəbin 200 yerlik yeməkxanasında qurulmuşdu. Onu da deyək ki, yeməkxana Total-Neft Şirkəti tərəfindən əsaslı təmir edilmiş, burada zövqlə tərtibat işləri görülmüş, texniki və mebel avadanlıqları ilə təmin olunmuşdu. Şirkət gənc ailə quranlara toy hədiyyəsi olaraq müasir tipli paltaryuyan maşın hədiyyə etdi.

Toy mərasimində YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva iştirak edirdi. O, təzə ailə quranlara xoşbəxtlik, ailə səadəti arzuladı. Xatirə şəkli çəkdirdi.

Toyda RİH-nin başçısı Əlibaba Əliyev, icra aparatının nümayəndələri, bələdiyyə üzvləri, rayonun təlim-tərbiyə müəssisə rəhbərləri, internat məktəbin pedaqoji və şagird kollektivi iştirak edirdilər.

Toy məclisində çıxış edən internat məktəbin direktoru Mehparə Cəfərova uşaqlara göstərilən bu diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya pedaqoji və şagird kollektivi adından öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, təhsilə, gənclərə, uşaqlara ulu öndərimiz Heydər Əliyev daim diqqət və qayğı göstərmişdir. O, öz məhəbbətini uşaqlardan heç vaxt əsirgəməmişdir. İndi isə bu diqqəti, qayğını onun xələflərindən görürük. Uşaqlarımız Mehriban xanım Əliyevanın qayğısı ilə tam əhatə olunublar. Mehriban xanımın diqqəti sayəsində internat məktəbimiz yenidən qurulub, əsaslı şəkildə yeniləşib. Bu görüntü internat məktəbimizə gələnlərə, müəllim və şagirdlərimizə xoş təəssüratlar bəxş edir. Bütün bunlar həm də uşaqlarımızın estetik zövqlərini, mənəviyyatlarını zənginləşdirir.

Toyda çıxış edənlər yeni ailə həyatı quranları təbrik edir, onlara xoşbəxtlik, ailə səadəti arzulayırdılar.

Toy şənliyi maraqlı, məzmunca dərin, rəngarəng proqramla başa çatdı. Bəy və gəlinlər təmtəraqla yeni ünvanlarına yola salındılar.

Toydan sonra Mehparə müəllim təzə ailə quranlara öz diqqət və qayğısını əsirgəmir. Tez-tez onlara baş çəkir. Biz də Mehparə müəllimlə birgə təzə ailə quranların qonağı olduq. Onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını gördük. Bəylə gəlinlər Mehriban xanıma və Mehparə analarına öz təşəkkürlərini bildirdilər. Ceyran, Nərgiz, Fərhad minnətdarlıq hissi ilə Mehparə ananın qoynuna sığındılar, isti bir əl onların saçmı sığalladı, ana nəvazişindən kövrəldilər. Mehparə müəllimin də, təzə gəlinlərin də yanaqlarından göz yaşları süzülürdü. Ancaq bu, sevincdən axan göz yaşları idi...


P. Soltanqızı

Azərbaycan müəllimi.- 2006.- 13 yanvar.- № 2.- S. 7.