Mehriban Əliyevaya beynəlxalq qiymət
Azərbaycanın birinci xanımı Fransa Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib
Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək, bildirib ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb. Bu xoş xəbəri dövlətimizin başçısına çatdırmaqdan məmnun olduğunu bildirən Nikola Sarkozi Prezident İlham Əliyevə xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.
Qeyd edək ki, dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" ordeninin 5 dərəcəsi var. On bir nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə layiq görülmüş şəxslər barədə məlumatları araşdırdıqdan sonra, onun təqdim edilməsinə icazə verilir.
Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüblər. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi, bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanıb. Xüsusilə, qeyd etmək lazımdır ki, bu, Mehriban xanımın öz xidmətlərinə görə layiq görüldüyü yeganə beynəlxalq mükafat deyil. Ölkənin birinci xanımı dəfələrlə müxtəlif ölkələr, beynəlxalq təşkilatlar tərəfindən ordenlərə və digər mükafatlara layiq görülüb.
Keçən ilin sentyabrında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski qeyd etmişdi ki, Prezident Lex Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanımı bu ordenlə təltif edib. Azərbaycanın birinci xanımının fəaliyyətinin Polşada yaxşı məlum olduğunu qeyd edən diplomat bildirmişdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər kəsə nümunədir. Kşiştof Krayevski Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək qiymətləndirib.
Mehriban xanım son illərdə bir neçə dəfə ilin adamı elan olunub. Xatırladaq ki, 2007-ci ildə postsovet ölkələrində "xalqın istəklilərinə çevrilmiş insanların" Rusiyanın nüfuzlu "Novoye Russkoye Slovo" ("NRS") qəzetində dərc edilmiş siyahısında Mehriban Əliyevanın da adı var idi. Qəzetin yazdığına görə, Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyətinə, humanizm prinsiplərinə qətiyyətlə riayət etdiyinə görə, təkcə Azərbaycan hüdudlarında deyil, bütün dünyada tanınıb. Nüfuzlu nəşrdə qeyd olunurdu ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa müddətdə beynəlxalq aləmdə tanınmış təşkilata çevrilib.
"Novoye Russkoye Slovo"da Mehriban xanım haqda belə yazılıb: "O, əsas etibarilə, xeyriyyə fəaliyyəti ilə məşğul olub. Onun səyləri nəticəsində ölkənin uzaq yerlərində çoxlu sayda məktəblər açılıb, xeyriyyə aksiyaları təşkil edilib. Səhiyyə sahəsində beynəlxalq humanitar tədbirlərdə iştirak etməsi Mehriban xanım Əliyevaya Ümumdünya Səhiyyə Təşkilatının Ailə Sağlamlığı Fondunun mükafatını qazandırıb. Ötən illərdə "birinci ledi" YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu onun rəhbəri olduğu Heydər Əliyev Fonduna beynəlxalq şöhrət gətirib."
Qəzetdə, həmçinin, qeyd edilib ki, səhiyyə sahəsində "birinci ledi"nin ən uğurlu layihələrindən biri də diabet xəstəsi olan uşaqlara qayğının göstərilməsi olub. Bildirilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının müxtəlif qəsəbələrində və Azərbaycanın İsmayıllı rayonunun rus malakanların yaşadığı İvanovka kəndində poliklinikalar, təcili yardım stansiyaları, apteklər təmir olunub və avadanlıqlarla təchiz edilib. Bundan başqa Mehriban xanımın həm də Azərbaycan Parlamentinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı elçisi olduğunu da buraya əlavə edərək, qeyd etmək olar ki, bütün bu fəaliyyət bir ali məqsədə xidmət edir: Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək, xalqın rifahını təmin etmək, ölkədə və dünyada sülhün təminatına töhfə vermək.
Mehriban xanımın fəaliyyəti bir sahə ilə yekunlaşmayıb. Azərbaycanın 1-ci ledisi millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və s. ictimai vəzifələri olan bir xanım kimi təkcə ölkədə deyil, bütün dünyada humanitar missiya yerinə yetirir. Fond rəhbəri son illərdə təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də humanitar aksiyalar həyata keçirib. Ümumiyyətlə, Mehriban xamının başçılıq etdiyi fond dünya mədəniyyəti nümunələrinin Azərbaycanda nümayiş etdirilməsi və fərqli mədəniyyətə mənsub insanlar arasında ünsiyyətin yaradılması istiqamətində mühüm işlər görür.
Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə və idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır.
Mədəniyyətə qayğı tədbirləri sırasında Azərbaycanda muğamın inkişafına göstərdiyi diqqət Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Hələ 2005-ci ildə Azərbaycan musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi tikilib.
Heydər Əliyev Fondunun keçirdiyi "Muğam dünyası" Beynəlxalq Festivalında isə muğam biliciləri Azərbaycana toplaşaraq, incəsənətin qədim və özünəməxsus bir növü barədə fikir mübadiləsi aparıb, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalıb.
Fondun səyi nəticəsində son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya, ABŞ və digər ölkələrdə muğama maraq xeyli artıb. Bu sahədə birinci xanımın xidmətlərindən ən böyüyü isə, 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilməsi olub.
Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələri də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq, Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan, Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və cəmiyyət tərəfindən böyük rəğbətlə dəstəklənən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə- tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində 2005-2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq, lazımi avadanlıqlarla təchiz edilib.
Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.
Fondun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq, fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımıza yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.
Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Bir sıra xarici ölkələrdə - Rusiyada, Hollandiyada, Türkiyədə, Gürcüstanda və Rumıniyada yaşayan azərbaycanlı məktəblilər də belə hədiyyələr alıblar.
2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub.
Bir sözlə, digər sahələrdə olduğu kimi, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında, təhsil, səhiyyə və digər sahələrdə Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfə hesab olunur. Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Bir sözlə, Mehriban xanım öz işgüzarlığı, insanpərvərliyi və humanizmi ilə özünün və Azərbaycanın adını dünyada bir daha ucaltdı. Bu təkcə onun yox, bütün Azərbaycanın uğurudur. Ölkəmizə növbəti dəfə başucağılığı gətirən, bu uğuru alın təri ilə qazanan Mehriban xanımı "Səs" qəzeti adından təbrik edir, ona öz fəaliyyətində daha böyük uğurlar diləyirik.
Elçin Bayramlı
Səs.- 2010.- 17 fevral.- № 29.- S. 3.