Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Yeniyetmə gimnastlarımızın uğuru


Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup hərəkətləri komandası Polşada keçirilən beynəlxalq turnirin qalibi olmuşdur. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Nigar Mirzəyeva, Ceyla Quliyeva, Əzizə Səlimbəyova, Esmira Orucova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət qrup yarışların elə birinci günündən 5 cüt gürzlə çıxış edən komandaların siyahısına başçılıq etmişdir. İdmançılarımız finalda da bu alətlə çıxış edərək proqramı səhvsiz yerinə yetirmişlər.

Komandanın məşqçisi Natalya Bulanova demişdir: “Biz Avropada güclü sayılan Polşa və Slovakiya qruplarına qalib gəldik. Qızlar mükəmməl çıxış etdilər. Rusiya mütəxəssisi İnna Bıstrova ilə son təlim məşq toplanışları uğurlu olmuşdur. Zənnimcə, Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində bu, çox yaxşı nəticədir”.

Yaşlılardan ibarət qrup da Polşadan medalsız qayıtmamışdır. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarova 5 iplə ikinci yeri tutmuş, 3 halqa və 4 gürzlə təmrinlərdə isə bürünc medal qazanmışlar. Qrup ikinövçüklükdə Sankt-Peterburq və Polşa komandalarından sonra 3-cü yeri tutmuşdur.

Şəxsi birincilikdə isə Zeynəb Cavadlı iştirak etmişdir. O, Sankt-Peterburqlu gimnastla 6-cı yeri bölüşmüşdür.

Dinara Gimatova isə Burqasda başa çatan Qran-pri mərhələ yarışlarında lentlə hərəkətlərdə 3-cü yeri tutmuşdur. D.Gimatova çoxnövçülük yarışlarında bolqarıstanlı gimnasta cüzi fərqlə uduzaraq, üçüncü yerə çıxmışdır. 5 qızıl medalın hamısını moskvalı V. Sesina qazanmışdır.


AzərTAc
2007, 8 may